Topaz Premyer Liqasının V turunda baş tutan "Neftçi" - "Zirə" oyunu qonaqların qələbəsi ilə başa çatıb - 1:2.
Oyundan sonra jurnalistlərə müsahibə verən "Neftçi"nin hücumçusu Uqo Barqas Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- "Neftçi" çempionatda növbəti uğursuzluqla üzləşdi. Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Əlbəttə ki, növbəti məğlubiyyətlə üzləşmək çox üzücüdür. Amma buna baxmayaraq, gəlin, pozitiv məsələlər haqda danışaq. Çünki bu oyunda daha çox top saxladıq və rəqib qapısı qarşısında kifayət qədər qol imkanı yaratdıq. Pozitiv məqamları oyundan-oyuna daha da çoxaltmaq lazımdı. Yeni gələn məşqçi ilə artıq hər şeyə yenidən start veririk. Baş məşqçimizin rəhbərliyi altında məşqlər keçirik və özümüzü yaxşı hiss edirik. İnanıram ki, bunların nəticəsini növbəti oyunlarda görəcəyik.
- Əksər mütəxəssislər düşünür ki, "Neftçi"nin uğursuzluğunun əsas səbəbi legioner futbolçuların səviyyədən qat-qat aşağı olmasıdır. Bu fikirlə razısınız?
- Mən bu fikirlə razı deyiləm. Çünki yerli və legioner futbolçular hər oyun əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Biz bir ailəyik və burada heç bir futbolçunu fərqləndirmək olmaz. Məğlub olanda da, qalib gələndə də bir yerdə oluruq və məğlub olduğumuz hər bir oyundan nəticə çıxarmağa çalışırıq.
- Tərlan Əhmədov bildirib ki, yerli futbolçular və legionerlər arasında qruplaşma var. Bu məsələyə münasibətin necədir?
- Yox, inandırıcı məlumat deyil.
- Keçən ilin qış fasiləsində qurulan heyət daha yaxşı çıxış edirdi. Gözləmək olardı ki, "Neftçi" mövsümə əla start verəcək. Sənin fikrincə, komandada nə baş verir?
- Düz deyirsiniz, komanda qış fasiləsindən sonra xallar toplamağı bacardı. Amma çempionatı yeddinci pillədə başa vurduq. Deyə bilmərəm ki, yayda pis hazırlaşdıq və təlim-məşq toplanışı bizə kifayət etmədi. Çünki Bakıda və Avstriyada yaxşı hazırlıq keçmişdik. Sadəcə, komandada atmosfer yaxşı deyildi və dəyişiklik olması vacib idi.
- Komandada atmosferin yaxşı olmamasına səbəb nə idi?
- Çünki təlim-məşq toplanışı zamanı keçirdiymiz yoxlama oyunlarının nəticəsi ürəkaçan olmadı. Bütün bunlar da komandaya çox pis təsir etdi. Düzdü, yoxlama oyunları idi və qazanılacaq nəticə vacib deyildi. Lakin oyunumuz da istədiyimiz kimi alınmırdı. Bütün bunlar keçmişdə qalıb və hazırda biz yeni baş məşqçi ilə çalışırıq. Yaxşı nəticələr qazanmaq üçün birlikdə çox çalışacağıq.
- Azərbaycanın köklü klubu artıq gülüş hədəfinə çevrilir. Azarkeşlər hər məğlubiyyətdən sonra "Neftçi"nin qalib gələn günü var ki?" deyirlər. Bu, nə vaxta qədər davam edəcək?
- Böyük klubların enişli-yoxuşlu vaxtı olur. Biz hazırda böyük klub olaraq heç də yaxşı günlərimizi yaşamırıq. Əminliklə deyə bilərəm ki, bundan sonra hər şey yaxşı olacaq. Çünki hər bir məğlubiyyətdən sonra özümüz-özümüzü tənqid edəcəyik. Səhvlərimiz üzərində işləməliyik və çalışmalıyıq ki, növbəti oyunlarda səhvlər etməyək.
saytlarin hazirlanmasi