"Neftçi"də formal fiqura çevrilən Orxan Hüseynzadə

11:13 - 21 Sentyabr 2017

İlk 5 tura 1 xal... Son bir neçə il ərzində flaqmandan autsayderə çevrilən “Neftçi” hələ heç vaxt çempionata belə bərbad başlamamışdı. Bu mənada Orxan Hüseynzadəni “təbrik” eləmək olar. O, adını “Neftçi”nin qara tarixinə yazdıra bildi. Kim bilir, bəlkə ondan sonra daha bərbad klub prezidenti gələr və nə vaxtsa ilk 5 turdan sonra “Neftçi” xalsız qalar. Ancaq hələ ki bu antirekord Hüseynzadəyə məxsusdur.

 

Orxan Hüseynzadəni “Neftçi”yə ona görə göndərmişdilər ki, klubu Elnur Məmmədov – Vəli Qasımov tandeminin saldığı alçaldıcı vəziyyətdən xilas eləsin. Nəticəsi nə oldu? Orxan Hüseynzadə - Elxan Abdullayev tandemi “Neftçi”ni əvvəlkindən də betər günə saldı. Hüseynzadənin “Neftçi”də gerçəkləşən transferlərdən cibinə pul qatlamasını iddia eləmək ən azından jurnalist etikasına sığmır. Necə deyərlər, tutulmayıbsa, oğru deyil. O, bu prosesin iştirakçısı olmaya bilər, amma transfer siyasətinə nəzarət eləmək birbaşa onun işi idi. Bir klub idarəçisi, prezidenti kimi o, Elxan Abdullayevin özünə yaxın menecerlərin əli ilə “Neftçi”ni “söküb-talamasına” əngəl olmalı idi. Axı, futboldan az-çox anlayışı olan adam açıq-aşkar görür ki, “Neftçi”nin gətirdiyi legionerlər heç bir işə yaramır.

 

Demək olar ki, Orxan Hüseynzadə “Neftçi”də prezident postunu itirib, onun “qələmini qırıblar” artıq. “Neftçi”dən göndərilməsi zaman məsələsidi. Ya da ola bilər ki, formal prezident kimi qalsın, aylıq 15 min manat maaşını alsın. Yəni, havadarlarının onun üçün edə biləcəyi ən böyük yaxşılıq yalnız bundan ibarət ola bilər. Bu gün “Neftçi”də söz sahibi Hüseynzadə deyil! Tərlan Əhmədovun mətbuata açıqlamasında onun “Neftçi”yə PFL prezidenti Ramin Musayev tərəfindən göndərilməsini deməsi dildən qaçan səhv ifadə deyildi. Yox, Tərlan Əhmədov geri zəkalı deyil və illər əvvəl oxşar açıqlama zamanı buraxdığı səhvi təkrarlamazdı. Tərlan bəy nə dediyini və niyə dediyini yaxşı bilir. Həm də bu, “Neftçi”yə ilk müdaxilə deyildi ki. Tərlan Əhmədovdan qabaq Kamal Quliyevin təyinatı zamanı da absurd vəziyyət yaranmışdı. Quliyev bir vəzifəyə gəldiyini deyirdi, rəhbərlik isə başqa. Düzdü, həmin təyinat zamanı Hüseynzadə qismən sözünü keçirə bilmişdi rəqib düşərgəyə. Amma istənilən halda, əgər klub prezidentinin razılığı olmadan kiminsə təyinatı gerçəkləşirsə, bu, o deməkdir ki, Hüseynzadə “Neftçi”də formal fiqurdu. Ehtimal etmək olardı ki, Tərlan Əhmədovun kənardan gerçəkləşən təyinatından sonra Orxan Hüseynzadə istefa ərizəsini yazacaq, belə şərtlər altında çalışmayacağını deyəcək. Ancaq yox, Orxan Hüseynzadə ona aylıq 15 min manat qazandıran kreslosundan “beş əlli” yapışıb və heç bir halda “Neftçi”dən getmək istəmir. O, formal fiqur olmağa razıdır, nəinki başı dik çıxıb getməyə...    

 

“Neftçi”də çalışmaq həmişə ağır olub. Çünki bu kluba “yağlı tikə” kimi baxanların sayı kifayət qədər çoxdur. Orxan Hüseynzadə kimi sözünün kəsəri olmayan prezident həmin kənar qüvvələr üçün göydəndüşmə olub. Hərə bir tərəfdən kluba əl uzadır. İldə 7 milyon manat gedir, ölkənin ən köklü klubu isə autsayder qiyafəsini əynindən çıxara bilmir. Əslində, Hüseynzadənin hələ də postunda saxlanılmasının əsas səbəblərindən biri də budur. Onsuz da “Neftçi” bu uğursuzluq zolağından çıxan deyil, ictimaiyyət də indiki durumda bir nömrəli günahkar kimi Hüseynzadəni tanıyır. Maraqlı tərəflər onun qalmasında və ya o posta Hüseynzadə kimi birinin təyin olunmasını istəyirlər. Çünki anlayırlar ki, Orxan Hüseynzadədən sonra misal üçün, Sadıq Sadıqov təbiətində bir prezident “Neftçi”yə gəlsə, həmin əllər daha klub tərəfə uzana bilməyəcək.  

     

Elçin

 

Xəbər xətti