“Neftçi”də yiyəsizlik davam edir. Varlığını çoxdan itirmiş Müşahidə Şurasının sədri Çingiz Abdullayev, prezident Orxan Məmmədov və vitse-prezident Elnur Eyvazov arasında soyuq müharibə gedir.
Abdullayev klubda heç nəyə nəzarət, hətta müşahidə də edə bilmir. O, klubun adına calaq edilmiş imicini ləkələnməkdən qurtarmaq üçün “yuxarılar”da dava edir, onu bu işə sövq edənlərdən daha böyük səlahiyyət istəyir. Aldığı konvertə qane olan Çingiz bəy klub idarəetməsində də müəyyən pay sahibi olmaq niyyətindədi. Son matçda rəqibləri olan “İnter”də şura sədri Zaur Axundovun faktiki klubun sahibi kimi fəaliyyət göstərməsini gördükdən sonra Abdullayev də əlavə imtiyazlar ummağa başlayıb.
Yazıçı mövcudluğu görünməyən, ildə 4 dəfə yığışmalı olmasına rəğmən, 2017-də bir dəfə toplaşan Müşahidə Şurasında gülüş obyekti olmasının fərqindədi. Buna görə də o, imicini qorumaq üçün “Neftçi”də həqiqi səlahiyyət sahibi olmaq iddiasındadı.
Hüseynzadənin durumu isə fərqlidi. Ən geci qışda qovulacağını dəqiq bilən prezident günlərini sayır. Aylıq cibinə qoyduğu 20 min manatlıq konvertdən bərk yapışan Orxan bəy postunda mümkün qədər çox qalmaq və heç olmasa, maaşını daha çox müddətdə almaq istəyir. Onun klubda heç bir səlahiyyəti yoxdu – uzağı mətbuat xidmətindəki dəyişikliyi təsdiqləyə biləcək gücdədi. Taleyüklü qərarlar isə ciddi maliyyə ilə bağlı olduğundan Hüseynzadə heç nə edə bilmir. Təsisçilər baş məşqçini onun iradəsindən asılı olmayaraq dəyişərkən də göstərdilər ki, Orxan bəyə statist rolu biçilib.
“Neftçi”də hətta prezident ayağını ayağının üzərinə qoyarkən Elnur Eyvazovdan icazə almalıdı. Vitse-prezident olsa da, o, rəhbərindən daha böyük səlahiyyətə sahibdi. SOCAR-dakıların “eşidən qulağ”ı, xəfiyyəsi olan cavan oğlan maddi məsələlərdə də əsas söz sahibidi – onun imzası olmadan kassadan qara qəpik də çıxa bilməz. Və Hüseynzadənin bütün qərarları onun razılıq verməməsi üzündən havada qalır. Elnur bəy maliyyə sənədlərinə imza atmır və beləcə heç bir real iş görülmür.
Hüseynzadə Eyvazovun qorxusundan ofsaydda qalıb. Bəs, Elnur bəyi belə mötəbər edən kimdi? Cəbrayıl Cəbrayılov! Klubun olmayan Müşahidə Şurasının üzvü, təsisçinin klubla əsas əlaqələniricisi, SOCAR-ın maliyyə məsələləri ilə bağlı əsas adamlarından biri və ən əsası, Eyvazovun doğma dayısı. Bu qədər arxalı biri ikən Elnur bəy də heç kimi vecinə almır, vitse-prezident olmasına rəğmən, faktiki klubu idarə edir, qışda gələcək yeni rəhbərlik üçün təmizləmə işləri aparır.
Dayı – bacıoğlunun bir yerdə işləməsi qanunvericiliklə də qadağandı. Amma bunun Cəbrayılov – Eyvazov cütlüyünə dəxli yoxdu – onlar ya rəsmi sənədlərdə fərqli müəssisələrin işçiləri kimi göstərilib, ya da dövlətin qanunlarını veclərinə almırlar. O qədər arxayındılar ki, qılınclarını dalı da kəsir, qabağı da. İşlərini də ehtiyatlı tutublar. Hüseynzadə prezident təyin edildikdən sonra bütün sənədlərdə, hətta götürülən kredit sənədində də imza onundu. Orxan bəyin “bütün məsuliyyət mənimdi” sözlərini zamanla ona “yedirdəcəklər”, indiyəqədərki uğursuzluqları, maliyyə dağıntılarını onun boynuna yükləyəcəklər.
Əhmədovun Elxan Abdullayevin əvəzinə baş məşqçi gəlməsindən sonra indi də başqa islahatlar hazırlanır. Hazırda Hüseynzadənin kluba gətirdiyi digər kadrlara əvəzedici axtarılır. Artıq namizədlər bəllidi və qarşıdakı aylarda dəyişiklikləri özünüz görəcəksiz. “Neftçi” hazırda yiyəsizdi, klubda xaos var, lakin qışda hər şey yoluna düşəcək. Eyvazovla... Hüseynzadəsiz (futbolinfo.az)...