"Sumqayıt"ın kapitanı: "Hər bir futbolçu "Qarabağ"da oynamaq istəyər" MÜSAHİBƏ

13:48 - 4 Oktyabr 2017

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov klubun rəsmi “facebook” səhifəsinin istifadəçilərinin suallarını cavablandırıb.

 

Sportal.az təcrübəli müdafiəçinin ona ünvanlanan suallara cavablarını təqdim edir:

 

- “Sumqayıt”ın kapitanı olmaq necə hissdi?
- Komandanın kapitanı olmaq çox məsuliyyətli bir işdi. Həm meydanda, həm də meydandan kənarda örnək biri olmalısan. Bu klubun kapitanı olduğum üçün çox şadam.

 

- "Sumqayıt"ın 2017/2018 mövsümündə qarşısına hansı məqsəd qoyulub?
- Qarşımıza hər hansısa bir məqsəd qoyulmayıb. Sadəcə, kollektiv olaraq, əlimizdən gələni etməyə çalışırıq ki, Avropa Liqasına vəsiqə qazanaq.

 

- Klub Azərbaycan futboluna nə verib?
- "Sumqayıt" Azərbaycan futboluna çox şey verib. Təhlil etsəniz görərsiniz ki, hazırda milli komandanın əsas heyət üzvlərindən bir neçəsi məhz bu klubda təcrübə yığaraq, artıraraq böyük klublara transfer olunublar.

 

- Bir çox komandada mərkəz müdafiəçiləri ilə oynamısan. Ən yaxşı anlaşdığınız stopper kim olub?
- Çıxış etdiyim klublarda bütün mərkəz müdafiəçiləri ilə yaxşı anlaşmışam. Bu sarıdan heç vaxt problem yaşamamışam. Hazırda Rail və Bəxtiyarla da əla tandem yaratdığımızı düşünürəm.

 

- Karyeranı “Sumqayıt”da bitirəcəksən?
- Bu suala cavab vermək üçün məncə bir qədər tezdi. Düşünürəm ki, zaman özü bu sualın cavabını verəcək.

 

- Tovuz futbol məktəbinin yetirməsi kimi bugünki uğurunu yəqinki bu kluba borclusan. Bəs "Turan"ın birinci divizionda iştirak etməsinə münasibətin necədi?
- "Turan" Azərbaycan futbolunun həm keçmişi, həm də gələcəyidi. Bu klub mənim doğma evim kimidi. "Sumqayıt" kimi "Turan"ı da daim zirvələrdə görməyi arzulayıram.

 

- “Xəzər Lənkəran”ın Azərbaycan futbolundakı yeri görünürmü?
- Məncə, tək “Xəzər Lənkəran”ın yox, bir çox bölgə klublarımız - Tovuz, Şəmkir, Zaqatala və digərlərinin də yeri görünür.

 

- Karyeranı hansı klubda bitirmək istərdin?
- “Turan” Premyer Liqada olsa, çox istəyərəm ki, karyeramı Tovuz klubunda bitirim. Vurğun olaraq, bu səviyyəyə "Turan"ın sayəsində gəlib çatmışam.

 

- Sizcə, “Sumqayıt” yaxın zamanda çempionluğa oynaya biləcək?
- Hər şey üçün zaman lazımdı. Əlbəttə, vaxt gələcək çempionluğa da oynayacağıq.

 

- Vurğun üçün Azərbaycanın ən istedadlı futbolçusu kimdi?
- Fikrimcə, Bəhlul Mustafazadə bir qədər də öz üzərində çalışsa, gələcəkdə ölkənin ən yaxşı müdafiəçisi ola bilər. Bu sözləri Amil Yunanov üçün də deyə bilərəm.

 

- Vurğunun Vurğun olmasında kimin rolu daha çox olub?
- Bu səviyyəyə gəlib çatmağımda rəhmətlik Sakit Alıyevin əməyi danılmazdı. Bu insan Tovuzda çoxlarına futbolun "əlifba"sını öyrədib. Kimsə bu sözlərimə gülə bilər. Amma hərdən xəyal edirəm ki, "Turan"da oynayıram Sakit müəllim də baş məşqçimdi. Allah ona rəhmət eləsin. Bundan başqa, Ramiz Məmmədovun da üzərimdə əməyi çoxdu.

 

-”Qarabağ”dan təklif gəlsə, gedərsən?
- Məncə, hər bir futbolçu “Qarabağ”da oynamaq istəyər.

 

- “Neftçi”, yoxsa “Qarabağ”?
- Hər ikisi Azərbaycan futbolunun tarixidi.

 

- Avropada sevdiyin klub hansıdı?
- “Milan”

 

- Heç vaxt unutmayacağın oyun?
- 2011-ci ilin sentyabr ayında baş tutan Azərbaycan - Belçika oyunu daim yaddaşımda olacaq. Qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılmışdıq. Komandamızdan yeganə qolu isə görüşün sonuna yaxın Rauf Əliyev vurmuşdu.

 

- Sənə görə, “Sumqayıt”ın ən yaxşı oyunçusu kimdi?
- "Sumqayıt"ın hər bir futbolçusu mənim üçün ən yaxşı futbolçudu.

 

- Dünyanın ən yaxşı yarımmüdafiəçisi və hücumçusu kimdi?
- Luka Modriç. Hücumçu kimi isə Messi və Ronaldo.

 

- Ən yaxşı azərbaycanlı yarımmüdafiəçi kimdi?
- Cavid İmamverdiyev, Cavid Tağıyev, Rəşad Eyyubov və Elvin Məmmədov.

 

- Vurğun Hüseynova görə, Azərbaycanın ən güclü qapıçısı kimdi?
- Mənə görə, hal-hazırda Fərhad Vəliyev.

 

- Aylıq məvacibin nə qədərdi?
- Özümə yetəcək qədər maaş alıram.

 

- Azərbaycana gəlmiş ən güclü legioner futbolçu kim olub?
- Asen Nikolov.

 

- Hazırda Azərbaycanda ən yaxşı oyun idarə edən hakim?
- Ömər Paşayev, Əliyar Ağayev və Rəhim Həsənov kimi gənc hakimlərin idarəçiliyini yüksək qiymətləndirirəm.

-Həyata bir daha gəlsəydin, futbolçu olardınmı?
-Xeyr (gülür).

 

- Millidə oynamağa özünü hazır sayırsan və yığmaya niyə dəvət almırsan?
- Milli komanda üçün oynamaq bizim borcumuzdu. Əvvəllər oynamışam, indi də çağırsalar, canla-başla kömək edərəm. Fikrimcə yığma komandamızın mənafeyi bizim üçün hər zaman birinci olmalıdı.

 

- Azarkeşlərə nə demək istərdin?
- Sumqayıtlı azarkeşlər ən xoş sözlərə layiqdirlər. Bu şəhərdə həqiqətən futbolu sevir və qiymət verirlər. Azarkeşlərimizin qarşısında bir kapitan olaraq baş əyirəm.

Xəbər xətti