Vaxt necə tez gedib keçir…Futbola bir növ səninlə eyni vaxt gəlmişdim - 1999-cü ildə. Elə sən də o vaxt peşəkar futbolda ilk addımları atırdın. Bir yerdə də qocaldıq. Sən meydançalarda, mən - kənarda.
Nədənsə MOİK - "Neftçi" oyunu yadıma düşür. 18 yaşın olardı, rəqibin heyətində də təcrübəli Samir Məmmədov oynayırdı. Bir epizodda ona qarşı kobud oynadın, təcrübəli rəqibin da buna sərt reaksiya verdi. Bir də gördüm 18-yaşlı gənc çəkinmədən daha təcrübəli, adlı-sanlı futbolçunun üstünə necə getdisə…Öz özümə dedim futbola böyük isim gəlir, bu futbolçu gələcəkdə sözünü deyəcək.
2001-ci il. Milli komandaya cəlb olunursan, və elə o vaxtdan ustad futbolçular olan yerdə ehtiyatda oturmursan. 2002-ci ildə keçirilən Azərbaycan - İtaliya oyunu kimin yadından çıxar ki? Həmin oyunda orta sahədə çıxış etdin. Qarşı tərəfdə də Qattuzo kimi əjdaha…Hələ Pirlo da həmin gün (daha doğrusu gecə, oyun saat 23.00-da başladı) debüt etdi.
Sonra şəxsən tanıdım. Bir yerdə çalışmaq da nəsib oldu. 2004-cü ildə Torresin yanında milli komandada çalışanda Rəşadı bir başqa cür tanıdım. Gördüm ki əksəriyyətdən fərqli olaraq, o futbola necə yanaşır.
Yadımdadı "Red Bull" təzə çıxmışdı, Rəşad da onu ilk dəfə içməkdən əvvəl Torresdən, onun köməkçisindən maraqlanırdı ki, bunun orqanizmə nə kimi xeyri və ziyanı ola bilər.
Lider keyfiyyətləri ilə elə o vaxt seçilirdi. Torres deyirdi ki, sənin kimi futbolçu İspaniyada oynamalıdı, Azərbaycanda nə işin qalıb? Xarakterinlə, insan keyfiyyətlərinlə, oyununla hamının rəğbətini qazandın. Futboldan kənar da nə qədər adama əl tutdun, kimsə bilmədən yaxşılıqlar elədin.
Rəşad, 2006-ci il yadındadı? "Futbol Mundial" çəkiliş qrupunu Bakıya gətizdirdim. Həm "Qarabağ", həm də ayrıca futbolu atıb basketbol oynamağa məhrum edilən Rəşad barədə verilişlər çəkildi. O vaxt sənə demədim, ingilis rejissor çəkilişlərdən sonra mənə dedi ki, bu adam sanki idmançı deyil. Kamera qarşısında utanmır, fikirlərini sərbəst ifadə edir. Səninlə bir başqa cür fəxr etdim onun bu sözlərindən sonra.
Kimisə ideallaşdırmaqdan uzağam. Xüsüsi ilə futbol aləmində. Rəşadın da az səhvi olmayıb. Uşaqlıq da edib, karyerasında səhv addımlar da atıb. Lakin hər zaman böyük şəxsiyyət olaraq imicini qoruyub. Deyərdim ki, Rəşad cəmiyyətdə futbolçu adını ucaldıb. Bir futbolçu meydandan kənarda özünü necə aparmalı, mətbuatla necə ünsiyyət qurulmalı kimi standartlar ortaya qoymuş oldu.
Qərarına çox kövrəldim, Rəşad. Nə deyim, ən düzünü sən bilərsən. Milli komandanı sənsiz adam təsəvvür edə bilmir. Yenə də həyat davam edir. Bir-iki ilə ümümiyyətli futbolu bitirəcəksən. Və artıq indidən özünü məşqçi, idarəçi kimi təsdiq eləməkdəsən. Milli komandadan gedirsən. Hətta səni istəməyənlər belə etiraf edir ki, bu gün səni əvəzləyə biləcək müdafiəçi yoxdur. Yetişməyib, yetişdirmədilər.
Onu dəqiq bilirəm ki, məşqçi Rəşad, idarəçi Rəşad karyerasını bitirəndən sonra futbol sahəsində çalışsa, ən azı ona etibar olunan sahədə gələcəkdə futbolçu qıtlığı kimi problemlər olmayacaq. Futbolçu yetişdirmək olar. Amma Rəşad kimi ikinci bir şəxsiyyət bir də nə vaxt Azərbaycan futboluna gələcək?…
saytlarin hazirlanmasi