Ramil Şeydayev: "Özümü günahkar sayıram" MÜSAHİBƏ

01:56 - 7 Oktyabr 2017

Azərbaycan yığmasının və “Qarabağ” klubunun hücumçusu Ramil Şeydayevin apasport.az saytına müsahibə verib.


Sportal.az həmin müsahibəni təqdim edir:


- DÇ-2018-in seçmə mərhələsində Çexiyaya dünənki (1:2) məğlubiyyətin səbəbi nə idi?
- Bu, futboldu, hər cür nəticəyə hazır olmaq lazımdı. Rəqibin qol vəziyyətləri daha çox idi, nəinki bizim. Ancaq bizim də imkanlarımız oldu. Şəxsən mən bir epizodda bərabərlik qoluna yaxın oldum. Çox yaxşı qol şansı əldə etdim. Təəssüf ki, bunu qolla tamamlaya bilmədim. Bu üzdən də məğlub olduq.


- Məğlubiyyətə görə özünüzü günahlandırırsınız?
- Həmin vəziyyəti düzgün dəyərləndirə bilsəydim, başqa cür ola bilərdi. Mən hücumçuyam, qol vurmaq vəzifəmdi. Əlbəttə ki, özümü günahkar sayıram.


- Robert Prosineçki bildirib ki, klubunda müntəzəm oynamayan futbolçuya dəvət göndərməyəcək. “Qarabağ”da əsas heyətə düşə bilməyən bir oyunçu kimi, bu, sizi narahat etmir?
- Əlbəttə ki, narahat edir. Mən də oynamaq istəyirəm. Bunun üçün məşqlərdə var gücümlə çalışıram. Ümid edirəm ki, tezliklə daha çox oynamaq imkanı əldə edər və qollarımı vuraram.


- İlk vaxtlar sizə böyük ümidlər bəslənilirdi. Hiss etmirsiniz ki, həmin ümidlər artıq azalıb?
- Belə bir şey hiss etmirəm. Məşqlərimi edirəm, öz üzərimdə çalışıram. Çalışıram çox qol vurum. Düzdü, hələ ki, alınmır. Amma əsas odu ki, hər şeyin yaxşı olacağına inanıram.


- Bəs əsl Ramil Şeydayevi görmək üçün nə qədər vaxt lazımdı? Bəlkə bir qol vəziyyəti dəyişər?
- Bilmirəm vaxt çatmır, yoxsa bir qol. Daim əsas heyətdə çıxış edən futbolçu özünü daha yaxşı hiss edir. Mən də bunun üçün çalışıram.

 

Xəbər xətti