Hakimlər hələ ki yaxşı gedir YAZI

14:19 - 7 Oktyabr 2017

Bu yazımız hakimlər barədədir. Referilər hər zaman Azərbaycan futbolunda aktual mövzulardan biri olub. Xüsusən də çempionluq uğrunda mübarizə qızışanda. Adətən hakimlər sona doğru kələfin ucunu itirir. Mövsüm isə yenicə başlayıb. Ona görə də hərarət hələ artmayıb. Bu da hakimlərin işini asanlaşdırır.

 

Əliyar və Ömər hamıdan irəlidədir

 

 

Artıq ilk dövrə başa çatıb. Görək hakimlərimiz 7 turda özünü necə göstərib. Əvvəlcə statistikaya nəzər salaq. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov geridə qalan 27 oyunda (“Səbail” - “Qarabağ” qarşılaşması dekabrın 8-nə təxirə salınıb) doqquz hakimə referi kimi təyinat verib. Əliyar Ağayev və Ömər Paşayev onun ən çox güvəndiyi ədalət təmsilçiləri olub. Beynəlxalq dərəcəli hakimlər hərəyə 4 görüşdə fit çalıb. Digər FİFA referisi Rəhim Həsənov onlardan 1 matç az idarə edib. Ən təcrübəli hakimimiz Fariz Yusifov, Ramil Diniyev, Rauf Cabbarov və İnqilab Məmmədov da 3 oyunda ədaləti qoruyub.Rəvan Həmzəzadəvə Orxan Məmmədovun payına isə cəmi 2 qarşılaşma düşüb.

 

Hələ ki sakitçilikdir

 

Göz dəyməsin, mövsüm idarəçilik baxımından normal başlayıb. Oyunların nəticələrinə təsir edən hakim səhvləri görməmişik. Halbuki yayda ölkə xaricinə yollanmağa pul tapılmayanda referilərin 2017/18 mövsümünü bərbad keçirəcəyi ilə bağlı narahatlıq futbol ictimaiyyətini bürümüşdü. Ancaq Qusar toplanışı yetərli görünür. Hələ ki... Kim bilir, bəlkə qarşıdakı 3 dövrədə bizi elə “oyunlar” gözləyir ki, əvvəlki mövsümlərin ölüsünə rəhmət oxuyacağıq. Bunu zaman göstərəcək. İndiki zamanda geridə qalan oyunların təhlilinə əsasən fikir yürüdə bilərik. Peşəkarlıq bizdən bunu tələb edir. Reallıq budur ki, baş məşqçilər heç bir oyundan sonra “bizi hakim uduzdurdu, idarəçilik bərbad idi” kimi cümlələrdən istifadə etməyib. Əlbəttə, hər şey ən yüksək səviyyədə deyil. Səhvlər də var. Aşağıda hakim səhvlərinin ən çox qeydə alındığı qarşılaşmaları nəzərinizə çatdıracağıq.

 

2-сi tur

 

"Qəbələ" - "Sumqayıt"

 

 

Əliyar Ağayevin idarəçiliyi yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Onsuz da qəbələli azarkeşlər hazırda ölkənin 1 nömrəli hakimi sayılan gənc referinin işini bəyənmir. Bu oyunda onun üzərində təzyiq böyük idi. Düzdür, bu oyunda "Qəbələ" 1:0 hesabıyla qələbə qazandı. Ancaq yenə də meydan sahibləri idarəçilikdən giley-güzar elədi. Verilən vərəqələr, təyin olunan cərimə zərbələri barədə hədsiz narazılıq var idi. Bunlardan ən yaddaqalanı 57-ci dəqiqəyə təsadüf etdi. Kamal Mirzəyev Filip Ozobiçi dirsəyi ilə yerə sərsə də, hakim nəinki sarı vərəqə göstərdi, heç oyunu dayandırmadı da. Halbuki az əvvəl Elvin Məmmədov Rəşad Eyyubova yüngülcə toxunduğu üçün sarı vərəqə ilə cəzalandırılmışdı.

 

5-ci tur

 

"Səbail" - "Qəbələ"

 

 

Roman Qriqorçuk bu oyunda da hakimlikdən narazı qaldı. O bu barədə mətbuat konfransında da fikirlərini açıqladı. Rauf Cabbarovun idarəçiliyində bir qədər qətiyyət çatmırdı. Bu da özünü ləng və tərəddüdlə qərarlar verməsində göstərirdi. Xüsusən "Qəbələ"nin sayılmayan qolu zamanı ədalət təmsilçisinin bir qədər gözləməsi və köməkçisiylə məsləhətləşməsi ciddi narazılığa səbəb oldu.

 

6-cı tur

 

"Qarabağ" – "Sumqayıt"

 

 

İlk dövrənin ən zəif idarəçiliyi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyuna təsadüf etdi. Yaxşı ki “Qarabağ” geridən gəlib “Sumqayıt” üzərində böyük hesablı qələbə qazandı. Əks halda, futbol ictimaiyyəti Orxan Məmmədovu “asıb-kəsəcəkdi”. Çünki yaxın keçmişədək FİFA referisi ünvanına sahib olmuş gənc referi matçın əvvəllərində çox kobud səhvə yol verdi. Pedro Enrike açıq-aşkar rəqib tərəfindən kobudluqla dayandırıldı. Ancaq Məmmədov epizodu düzgün dəyərləndirməyərək mübarizəni davam etdirdi. Bundan bir neçə dəqiqə sonra “Sumqayıt” hesabı açdı. Bu oyunda Orxanın başqa səhvləri də oldu.

 

7-ci tur

 

"İnter" – "Neftçi"

 

 

Ömər Paşayevin idarəçiliyini yüksək qiymətləndirə bilmərik. “Neftçi”nin ilk qolu qaydalar çərçivəsində vurulmadı. Flaqman hesabı kornerdən istifadə edərək açdı. Halbuki FİFA referisi künc zərbəsi deyil, qapıdan zərbə təyin etməliydi. Çünki top Hüqo Barqasın çiyninə dəyib çölə çıxmışdı. Buna görə laysman Akif Əmirəlini də tənqid etmək lazımdır. İkinci hissədə isə "İnter"in hücumçusu Pərdis Fərcad-Azad simulyasiya etsə də, Paşayev onu bağışladı. Halbuki Ömər 90 dəqiqə boyunca yerli-yersiz fitini səsləndirir və tempi aşağı salırdı.

 

 

İlk dövrədə hakimlərin işinin necə keçməsi ilə bağlı mütəxəssis rəyini eşitmək maraqlı olardı. Hazırda gənc hakimlərin yetişməsində əmək sərf edən Ceyhun Haşımovun fikirləri müsbət oldu: “Səhvlər hər zaman olub, var və olacaq. Amma bu il hakimlər yaxşı başlayıb. Hələ ki işlər qaydasındadır. Ümid edirəm ki, bundan sonra da beləcə davam edəcək. Çünki artıq istedadlı gənc hakimlər yetişməkdədir. Özünüz hər şeyi görürsünüz. İndi hakimlər arasında yeni rəqabət dövrü başlayır. Bu yaxınlarda hakimlərimiz arasında yeni adlar eşidəcəksiniz. Bu istiqamətdə böyük işlər gedir. İlk dövrənin yekununa əsasən onu deyə bilərəm ki, ən uğurlu idarəçiliyi Fariz Yusifov edib. O öz təcrübəsindən məharətlə yararlanır. Əliyar Ağayevin idarəçiliyi də göz qabağındadır. Bir də gənclərdən Ömər Paşayev özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Əsas odur ki, ümumilikdə hakimlərimizin nəticəyə təsir edən səhvləri olmayıb”.

 

Nə deyirik ki? Təki bundan sonra da belə olsun. Hakimlər elə şərait yaratmasın ki, sabah hansısa baş məşqçi uğursuzluğunu referilərin ayağına yazsın. Hamı haqq etdiyi yerdə mövsümü başa vursun. Bax o zaman Hakimlər Komitəsinin əməyinə “5” verərik. Sükanı belə saxlayın...

 

Mərdan Həsənov / Newsport.az

Xəbər xətti