"Həyatda belə bir şey var: Kiməsə borcun olursa, o borcla yaşamaq olmur. Yatanda da yada düşür və səni narahat edir. Matçdan öncə uşaqlara dedim ki, borcumuz var və bunu qaytarmalıyıq. Sağ olsunlar, borclarını artıqlaması ilə qaytardılar".
Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi” futbolçusu Rəşad Sadiqov deyib.
Topaz Premyer Liqasının VIII turunda “Neftçi” “Səbail”lə qarşılaşıb. Uzun müddətdir uğursuz çıxış edən “ağ-qaralar” debütant qarşısında 4:0 hesablı qələbəyə sevinib. Matçdan sonra jurnalistlərə açılqlama verən yarımmüdafiəçi fikirlərini bildirib.
34 yaşlı yarımmüdafiəçi bildirib ki, "ağ-qaralar"ın son iki turda qələbə qazanmasının səbəbkarı baş məşqçi Tərlan Əhmədovdur: "Həmin komandadır, heç nə dəyişməyib. Heyətə cəmi 2 futbolçu gəlib. Sadəcə, mənə elə gəlir ki, Tərlan Əhmədov komandaya inam, qələbə ruhu gətirib. Əhmədovun gəlişindən sonra ilk 2 oyundan məğlub ayrılsaq da, yaxşı futbol sərgiləmişdik. Həmin vaxt demişdim ki, qalibiyyətlər gələcək. Elə də oldu. Məncə, bu qələbələrin ardı gələcək".
Sadiqovun sözlərinə görə, böyük hesablı qələbə arxayınlaşmağa əsas verməməlidir: "Bu görüşdə də arxayınlıq yox idi. Hətta ilk 2 qolu vurduqdan sonra da belə bir hiss yox idi. Daha yaxşı oynamaq istəyirik. Nə qədər qol vura biliriksə, vuracağıq. Rəqibi aşağılamaq olmaz. Çünki "Səbail" ilk dövrədə "Kəpəz"i də, elə "Neftçi"ni də məğlub edib. Hər bir komandaya başağrıdırlar. Sadəcə, bu gün komandamız daha yaxşı, daha istəkli oynadı və qələbə qazandı".
saytlarin hazirlanmasi