Tərlan Əhmədov: "Ayrı-seçkilik etmək istəmirəm" MÜSAHİBƏ

17:53 - 21 Oktyabr 2017

"3 xal üçün gəlmişdik, çətin oyun olacağını bilirdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib. "Ağ-qaralar" Topaz Premyer Liqasının IX turunda səfərdə "Kəpəz"i məğlub edib - 0:1.

 

Oyundan sonra baş tutan mətbuat konfrnsında iştirak edən çalışdırıcı fikirlərini bildirib: "Azarkeşlərmizə də minnətdaram. 90 dəqiqə bizimlə oldular. Görüşdən əvvəl ajiotaj olacağına əmin idik. 4:0-dan sonra eyforiya olmasın deyə çox çalışmışdıq".

 

- İkinci hissədə sanki oyununuzu tapa bilmirdiniz...

- Sanki bir az arxayınlıq var idi. 90 dəqiqə keçirdiyimiz oyun xoşuma gəlmədi. Nəticə sevindiricidi.

 

- Cinahların yaxşı işləməməyi böyükhesablı qələbəyə mane oldu?

- Bəli cinah yarımmüdafiəçilərimiz aktiv deyildi. Yaradılan qol epizodlarını ilk hissədə qola çevirsəydik fərqli bir matç olardı. Çox həyəcanlı idim, matçın gedişatı məni narahat edirdi.

 

- Hakimlikdən razısınız?

- Hakimliklə bağlı deyəcək bir şey yoxdu. Nəticədən də göründüyü kimi hakimlər heç bir komandaya qarşı haqsızlıq etmədi.

 

- İlk hissədə top "Kəpəz" futbolçusunun əlinə dəydi...

- Ani oldu. Siz təkrara baxdıqdan sonra qərar verirsiniz. Məşqçilər çılğın olur, biz də isti-isti hadisəyə reaksiya veririk. Təkrara baxdıqdan sonra nəsə demək olar.

 

- Meza Kollisiz orta xətt necə idi?

- Onun yoxluğu problem yaratdI, Rəşadla çox gözəl tandem yaradırlar. Çalışıram əlimdə olan materialdan istifadə edim. Ayrı-seçkilik etmək istəmirəm.

 

- "Neftçi"yə fiziki, yoxsa psixoloji hazırlıq lazımdı?

- Məni narahat edən komandamın 90 dəqiqə eyni futbol oynamamağıdı. Eyni tempdə bütün oyun göstərə bilmirik. Bu həm də psixoloji problemdi. İkisini də eyni vaxtda qaldırmaq olmur. Yalnız hissə-hissə qaldırmağa çalışırıq. 

 

- Qruplaşmanı aradan qaldırmısınız?

- Bəli bu problemi aradan qaldırmışam. Yerlilər və əcnəbiləri qrup şəklində çağırıb söhbət etdim, sonra hamı ilə tək-tək danışdım. Amma hələ də müəyyən qədər qalıb. 

 

- Sizcə, komandanın əsl gücü “Qarabağ” və “Qəbələ” ilə oyunda bilinəcək?

- Mən bura gələndə deməmişdim ki, hamını udacağıq. Bacardığımız qədər qalib gəlməyə çalışacağıq. Bu futbolçularla nəyəsə nail olmaq olar, amma zamana ehtiyac var. Sosial şəbəkələrdə haqqımda müxtəlif fikirlər səslənir, amma mən işimi buna görə qurmamışam, öz planım var. “Kəpəz”lə evdə bərabərə, “Səbail”ə məğlub olmuşduq, amma mən gələndən sonra qalib gəldik. Biz “Qarabağ”la oyuna da 3 xal üçün çıxacağıq. Qışda 1-2 futbolçuya ehtiyacım olacaq. O vaxa kimi isə bacardığımız qədər xal toplamağa çalışacağıq.

Xəbər xətti