Çox təəssüfləndim...
Son həftələr Azərbaycan futbolunda baş verən olaylar gündəmi zəbt edib. Milli komanda da baş məşqçi dəyişikliyi, ardından yaş qrupları üzrə yığmalardakı hadisələr, Müşahidə Şurası, komitələr ideyasının iflası...
Neçə illərdi bu mövzuda yazılır, fikirlər səsləndirilir. Jurnalistlər, futbolu sevən azarkeşlər obyektiv, qəti mövqeyini bildirir, cavabdehlərin yanlış yolda olduqlarını ortaya qoyurlar. Təəssüf ki, çox az sayda, barmaqla sayılacaq qədər mütəxəssislər, futbol adamları çəkinmədən sözünü deyir...
Son günlər isə...
Futbolu zəbt edənlər özlərini sudan quru çıxartmaq üçün dəridən-qabıqdan çıxır. Mövqelərini, vəzifələrini itirmək qorxusu ilə təşviş içindədilər. Səsləndirdikləri fikirlərdə bu açıq sezilir. Futbol adamları isə bir-birini ittiham etməklə məşğuldu. Özləri də bilmədən/bilərəkdən futbolu dağıdanlara qulluq etmiş olurlar...
Niyə?! Sözünüz varsa futbolun problemlərindən danışın, təhlil edin, yol göstərin. Sizlərin, futbolda ad-san qazanmış insanların özlərinə qarşı söylədiyi ifadələr ideoloqların əlinə su tökmüş olur. "Bax budur futbol adamları" fikirləri çoxdan formalaşıb artıq. Bunun da günahkarı özünüzsünüz/özümüzük..
Futbolda bacarıqlı mütəxəssislərimiz yox deyil. Son 5-6 ildə dözülməz təzyiqlərə, naşıların əcnəbi sevgisinə baxmayaraq bacarıqlı yerlilər klublarda tarixi uğurlar qazanaraq bunu sübuta yetirib.
Milyonlarla vəsaitin xərclənməsi fonunda futbolumuzdakı indiki durumun günahı, səbəbkarları tək futbolda olan təsadüfi insanlar deyil. Futbolda olub futbolu bilməyən futbol adamları da səbəbkardı... Vəzifələrdə qalmaq, "çörək" qazanmaq üçün futboldan bixəbər cavabdehlərə baş əyməklə... Çünki gözəl bilirlər, bilirlər ki, potensialları nədir. Əksinə, yeri gəldi-gəlmədi uğur qazanan/qazanmış yerlilərə ağız büzürlər yerli bacarıqsızlar. Cavabdeh təsadüflərə isə bu durum çox sərfəlidir. Elə bacarıqsız futboldakılara da bacarıqsızlıqlarını örtbastır etmək üçün mövcüd vəziyyət münasibdi. On illərdi "bizimkilər futbol oynaya bilmir", "şərait yoxdur" deyə-deyə öz şəraitlərini necə lazımdı qurublar. "Çelsi", "İnter", "Atletiko", "Roma", "Lill" və digər nəhənglərin "Neftçi", "Qarabağ", "Qəbələ" üçün Azərbaycana gəlməsi də onlara göz dağıdır...
Futboldakı təsadüfləri futbol maraqlandırmır. Maraqlandırsaydı mənəviyyat telləri bacarmadığı işlə məşğul olmağa imkan verməzdi. Mənəviyyatlarının yaddan çıxarmalarına səbəbkarlardan biri isə onlara alqış yağdıran futbol adamlarıdı. Baş-başa verib alqışlarla futbolu qara günə salıb, məğlub psixologiyaya alışdırır(b)lar...
Ümumi futbol qalıb kənarda şəxsi məqsədlər üçün futboldakı naşılarla futboldakı bacarıqsız başlar qarışıb bir-birinə. Etməyin! Bundansa biliyinizi, təfəkkürünüzü göstərin...
Zaman gələcək təsadüflər futboldan birdəfəlik yox olacaqlar. Belələri çox gəlib-gedib. Futbol adamlarının taleyi isə futbolla yoğrulub. Siz inkişaf edin, əsl söz sahibi olun! Qalmaqal, özünüzü ittiham etməklə nüfuzdan salmayın...
Azərbaycan futbolunda çox problemlər var. Sözünüz varsa bunları qabardın. Əks halda futbolda olan naşı "futbol adamları" sizləri qarşı-qarşıya qoyaraq öz uğursuzluqlarını, bacarıqsızlıqlarını yaddan çıxartmağa çalışacaq. Bu gün olduğu kimi...
Dəyişin ki, futbol da dəyişsin!
Tahir SÜLEYMANOV
saytlarin hazirlanmasi