"Neftçi"nin futbolçusu Derlis Meza Kolli "Zirə"ni evdə 2:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- İki oyunun yekununda mərhələ keçdiniz. Matçı necə dəyərləndirərdiniz?
- İlk yarıda rəqibi gözəl oyunla bütün komponentlərdə üstələyə bildik. Bu da bizə qələbə gətirdi. İli yaxşı bitirərək, tətilə xoş ovqatla yollanmaq üçün bu qələbəyə ehtiyacımız var idi. İnamlı qələbə qazanaraq, yarımfinala vəsiqə qazandıq. Çox sevinirəm.
- İkinci hissədə komandanız yoruldu, yoxsa hesabı qorumağa çalışdı?
- Yorğunluğa görə arxaya çəkilməmişdik. Sadəcə, komandamız hesabda irəlidə olduğundan, rəqib hücumlar quraraq, qapımıza qol vurmaq istəyirdi. Biz isə onları əks-hücumda yaxalamağa və hesabı daha da artırmağa çalışırdıq. Yorğunluq yox idi.
- Oyundan sonra "Zirə"nin qapıçısı Kamal Bayramov sanki sizi vurmaq istəyirdi...
- Onunla heç bir problemim yox idi. Sadəcə, onu demək istəyirəm ki, meydanda olanlar elə orada da qalır. Amma futbolda belə hallar tez-tez baş verə bilər. Meydandan kənarda yenə münasibət saxlayırıq.
- Münaqişənin səbəbi nə idi?
- Bir epizodda Məhəmməd Mirzəbəyov zədələnmişdi, yerdə idi. Həmin epizodda rəqib komandanın qapıçısı yaxınlaşaraq, etirazını bildirdi. Mən də eyni qaydada etiraz etdim. Buna görə üstümə gəldi. Başqa bir problem yoxdu.
- Oyundan sonra paltardəyişmə otağında səs-küy var idi. Sanki yaxşı mükafat verilmişdi...
- Paltardəyişmə otağındakı sevincimiz qələbəmizə görə idi. "Zirə" güclü rəqibdi. Bu komanda ilə ötən oyunlarda qələbə qazana bilmir, uduzurduq. Bu oyuna isə çox yaxşı hazırlaşaraq, qələbəyə köklənmişdik. Sevinirik ki, ilin son oyununda qələbə qazandıq. Yəqin ki, rəhbərlik bu qələbəyə görə bizi mükafatlandıracaq.
- Yarımfinaldakı rəqibiniz sabah "Səbail" - "Qəbələ" oyunundan sonra müəyyənləşəcək. Hansı komanda ilə qarşılaşmaq istərdiniz?
- Yarımfinalda zəif rəqib olmur. Kimliyindən asılı olmayaraq, həmin komanda ilə oyuna ciddi hazırlaşacağıq.
- Mətbuatda yazılanlara əsasən, baş məşqçi Tərlan Əhmədov sənin mövqeyinə Rahid Əmirquliyevi gətirməyi düşünür...
- "Neftçi"yə gəldiyim ilk gündən baş məşqçimiz mənə etibarını və inamını göstərib, belə də davam edir. Bir peşəkar kimi öz üzərimdə işləyir, öz üzərimə düşən işi görürəm. Belə məsələlərdə qərarı verən baş məşqçidi.
saytlarin hazirlanmasi