"Hakimlərə nəzarət edən yoxdu"
1 həftə əvvəl U-15 Liqasında fasilə yarandı. 15 komandanın iştirak etdiyi çempionatda 14-cü tura yekun vuruldu. İlk dövrənin qalan 1 oyunu yanvarın sonunda keçiriləcək. Birincilikdə ən xoşagələn məqam komanda sayı ilə bağlıdır. Digər sevindirici hal «15-liy»in 7-nin əyalətləri təmsil etməsidir. Premyer Liqanı demirik, sağ əlləri azından U-16 və U-17 liqalarının başına.
Əvvəlki illərlə müqayisədə U-15 Liqasında istər təşkilatçılıq, istərsə də digər hallarla bağlı irəliləyiş var. Əsas da təşkilatçılıq, yarışların keçirilməsi baxımından ilk dövrədə hər hansı problem ortaya çıxmayıq. Amma yarış neqativ məqamlardan da xali deyil. Onlardan biri bəzi komandaların ev oyunlarını keçirdikləri meydanlarının durumunun bərbad olmasıdırsa, digəri hakimliklə bağlıdır. Liqa haqqında müşahidə etdiklərimiz, eşitdiklərimizdən bəhrələnərək çox yaza bilərik. Lakin fərqli nəsə etmək istədik. Fasilədən yararlanaraq çempionata, komandaların çıxışlarına məşqçilərin gözü ilə baxmaq qərarına gəldik. Məşqçilər yetirmələrinin çıxışından razı qaldımı? Onlar çempionatdakı hansı çatışmazlıqlardan narazıdırlar? Yeni ilə komandalar necə hazırlaşacaqlar? Bu suallarla iştirakçı komandaların baş məşqçilərinə müraciət etdik. Təəssüf ki, «15-lik»dən yalnış biri suallarımızı cavablandırmadı. Başlayaq, komandaların turnir cədvəlindəki mövqeyinə uyğun olaraq liderdən…
«Qəbələ» çempionatda məğlub olmayan yeganə komandadır. Keçirdiyi 13 oyunun yalnız birində xal itirib. O da ilk turda 2-ci yerdə qərarlaşan «Vətən»lə heç-heçə oynayıb – 1:1. 12 oyun ardıcıl qələbə komandanın gücünün göstəricisidir. «Qəbələ» birincilikdə vurduğu qolların sayına görə 2-ci olması ilə yanaşı həm də ən az top buraxan komandadır. Bu da komandanın «dişli» hücum xəttinin və etibarlı müdafiəsinin olmasından xəbər verir. Komandanın ən böyük üstünlüklərindən biri də bir mövqedə 2-3 eyni səviyyəli futbolçusunun olmasıdır. Bu da futbolçular arasında rəqabətin olması ilə yanaşı, həm də baş məşqçinin geniş seçim imkanı deməkdir. Təsadüfi deyil ki, U-15 millisinə ən çox futbolçu məhz «Qəbələ»dən çağırılır. Şəxsi fikrimizdir, qeyri-adi nəsə baş verməsə, «Qəbələ» vaxtından əvvəl çempionluğu bayram edəcək.
Komanda baş məşqçisi Rakif Əliyevdir. O, komandasının ilk dövrədəki çıxışından və ən əsas əldə olunan nəticələrdən razı qalsa da, bəzi futbolçulardan oyunundan gileyləndi: «İli 1-ci pillədə başa vurmağımıza görə sevinirik. Amma bəzi futbolçularımızın çıxışı ürəyimcə olmadı. Onların taktiki və texniki baxımdın «axsadıqlarını» görürəm və fasilə müddətində bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq».
Rakif Əliyev ilk dövrədə çempionatın səviyyəsindən razı qaldığını bildirdi. Yaxşı komandaların sayının çox olduğunu bildirən həmsöhbətimiz hansısa məqamdan narazı qalmadığını bildirməklə yanaşı, digər komandaların onlara qarşı daha istəkli oyun nümayiş etdirdiklərindən də məmnun qaldığını söylədi.
«Qəbələ» yanvarın 7-də məşqlərə start verəcək. Rakif müəllim çempionat başlayana kimi futbolçuları bir neçə yoldaşlıq oyununda sınayacaq. Hələlik rəqiblərin adları məlum deyil. Onların kimliyinə hazırlıq prosesinin gedişində aydınlıq gələcək. Komandanı tərk edəcək futbolçu olmayacaq. Baş məşqçinin sözlərinə görə, taktiki, texniki, fiziki və ən əsası tərbiyə cəhətdən yaxşı uşaqlar olsa, «Qəbələ» həmin futbolçuları heyətinə qata bilər.
"VƏTƏN"
İlin son turunda gözlənilmədən «Neftçi»yə 0:2 hesabı ilə məğlub olan «Vətən» də «Qəbələ» kimi çempionatın ən güclülərindəndir və çempionluq yolunda «Qəbələ»yə əngəl ola biləcək ən «böyük təhlükə»dir. «Vətən» birincilikdə ən çox qol vuran komandadır. Heyətində xeyli sayda istedadlı futbolçular var. Onlardan 5-i - Bəhruz Tanrıverdiyev, Elvin Abdullayev, Rəhim Cəfərov, Kamran Şabıyev, Fərrux Fərzəliyev U-15 yığmamızın üzvüdür. Əşrəf Zeynallı və Şahin Kərimli isə yığmaya namizəd futbolçulardır.
«Vətən»in «Neftçi»yə məğlubiyyəti olmasaydı, bu komandanın ilk dövrədəki çıxışını uğurlu hesab etmək olardı. Yenilgiyə baxmayaraq, komandanın baş məşqçisi İlqar Mənsimov futbolçularının çıxışından razıdır:
«Təəssüf ki, çempionatın gedişində bir neçə əsas futbolçumun xidmətindən tam yararlana bilmədim. Yaxşı ki, zədə səbəbindən uzun müddət kənarda qalan həmin futbolçuları əvəzləyə biləcək uşaqlar var və onlar özlərini yaxşı tərəfdən göstərdilər. Əsas odur ki, bütün futbolçular verdiyim tapşırıqları ürəyim istəyən kimi yerinə yetirdilər. Məqsədimiz uşaqların düzgün futbol oynaması və tərbiyəsidir. Tərbiyələrindən razıyam. Futbolu da düzgün onyasalar, nəticə öz-özünə gələcək».
Birinciliklə bağlı İlqar müəllimi razı salmayan məqamlar yox deyil. O, komanda sayının daha çox olmasının tərəfdarıdır: «Bu halda çempionat daha maraqlı olardı. Komandaların yarıdan çoxunun rəqabətə davam gətirə bilməməsi yaxşı hal deyil. Başqa sözlə, həmin komandalar liderlər qrupunda yer alanlara səviyyə və oyun baxımından uduzurlar. Güclü komandalar nə qədər çox olsa, çempionat da bir o qədər maraqlı keçər. Narazı qaldığım məqamlardan biri də oyunların keçirildiyi bəzi meydanların çox pis səviyyədə olmasıdır. Məsələn, Gəncə şəhərindəki TİM-nin meydanı. Orada futbol oynamaq demək olar ki, mümkün deyil…»
Komanda yanvarın 3-də yenidən bir araya gələcək. Gündəlik məşq prosesindəndən əlavə 2-3 yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır. Təlim-məşq toplanışı dövründə komandada seleksiya işləri aparılacaq. Gəncədən, Cəlilabaddan və digər rayonlardan gələn uşaqlar yoxlanılacaq. Aralarında baş məşqçinin ürəyinə yatanları olacağı təqdirdə, komandadan 2-3 futbolçunun göndəriləcəyi gözlənilir.
Sonda İlqar müəllim çempionatın gedişində müşahidə etdiyi bir məqamı da diqqətimizə çatdırdı: «Mövsüm ərzində ayrı-ayrı komandaların futbolçuları arasında olan meribançılığı gördüm. Ötən il belə deyildi. Amma bu il uşaqların meydanda rəqib olmalarına baxmayaraq, bir-biriləri ilə isti münasibətdə olmaları, dostluq, yoldaşlıq etmələri məni çox sevindirdi».
"KEŞLƏ"
Çempionatın əvvəlində qeyri-stabil çıxışla yadda qalan «Keşlə»nin son 4 turda qələbə qazanması kollektivin özünə gəlməsindən xəbər verir. Komanda birinciliyə Eldar Ağaxanovun rəhbərliyi altında başlamışdı. 8-ci turdan sonra isə Xəyal Mustafayevə tapşırıldı.
Komandanın üzləşdiyi ən böyük problemlərdən biri heyətdə rəqabətin yetərincə olmamasıdır. Digər problem isə zədəli futbolçularla bağlıdır. Əsas üzvlərdən Seymur Məmmədovla, Əbil Əbilovun oyunlardan yarısından çoxunu məhz zədə səbəbindən buraxmaları komandanın oyununa təsirsiz ötüşmədi.
U-15 millisinin son təlim-məşq toplanışına «Keşlə»dən 2 futbolçu cəlb olunmuşdu. Seymurla Əbil zədələnməsəydilər, bu rəqəm 4-ə çata bilərdi. Əzmkarlığı sayəsində vacib oyunlarda qələbə qazanan «Keşlə» hazırda turnir cədvəlində 3-cü pillədədir. Fasilədən sonra bu komandanın çempionluq uğrunda mübarizə aparması inandırıcı görünməsə də, mükafatçılar sırasına düşə bilər.
Xəyal Mustafayev bəzi oyunlarda itirilən xallara görə heyfslənsə də, komandanın çıxışından narazı deyil. Amma baş məşqçini birinciliyin gedişində narazı salan məqamlar var – «lipa» və meydan amili. Əsasən bəzi meydanların yarıtmaz vəziyyətdə olmasından şikayətlənən Xəyal müəllim həmin meydanlarda həm baxımlı futbol sərgiləməyin çətinlik yaratdığını, həm də futbolçuların zədə alma ehtimalının yüksək olduğunu bildirdi.
Yanvarın 7-də toplaşacaq komandanın bir neçə üzvü fasilə müddətində fərdi məşqlərlə «başlarını qatacaqlar».
Çempionata hazırlığın ilk həftəsində daha çox futbolçuların yüklənməsinə üstünlük verəcəyini deyən baş məşqçi 1 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Növbəti həftə isə daha 2 yoxlama oyunu keçiriləcək. Komandaya cəlb olunan futbolçularla bağlı dəqiq nəsə deməyən Xəyal müəllim bir neçə futbolçunun göndəriləcəyini söylədi: «İlk dövrədə 2004-cü il təvəllüdlü bir neçə uşağı U-15 komandasına cəlb etdim və onların çıxışı məni razı saldı. Yeni ildə də bu işi davam etdirmək fikrindəyəm. Bu halda həm həmin futbolçular «artıracaqlar», həm də komandada rəqabət yüksələcək».
Yeri gəlmişkən, komandanın əsas üzvlərindən biri olan Mustafa Əhmədzadə komandadan ayrılacaq. Mustafa futbolun sirlərini öyrənməyi İspaniyada davam etdirəcək.
"ZİRƏ"
Maraq üçün azacıq bu komandanın keçmişi barədə. Hazırki «Zirə»nin təməli bir neçə il əvvəl «Bakı»da qoyulub. «Bakı»nın məlum vəziyyətə düşməsindən sonra komandanın baş məşqçisi Cəfər Hüseynov kollektivin dağılmaması üçün yetirmələri ilə birlikdə «Əlincə»yə köç etmişdi.
Ötən ilə kimi «Əlincə» öz yaşıdları arasında ən güclülərdən idi. Elə yenə də kifayət qədər «qorxulu» rəqibdir. Lakin «Zirə» adı altında. Məsələ burasındadır ki, ötən mövsüm başa çatdıqdan sonra «Əlincə» rəhbərliyinin U-15 komandasını saxlaya bilmədiyi və ya bilmək istəmədiyi məlum olandan sonra Cəfər müəllim kollektivlə birlikdə ikinci dəfə «sürgünə göndərildi».
Onların budəfəki məskəni Zirə oldu. Hazırda bu komanda xeyli dəyişikliyə məruz qalsa da, əvvəlki illərdə olduğu kimi çempionluğa iddiasını qoruyub saxlaya bilib. «Zirə» çempionata pis start verməmişdi. 5-ci tura kimi 1-ci pillədə qərarlaşan «Zirə» həmin turda «Qəbələ»yə 1:3 hesabı ilə məğlub olmaqla həm liderliyi əldən verdi, həm də «qara zolağ»a düşdü. 4-cü turdan sonra geçirilən 9 oyunun 5-də xalların itirilməsi bunu deməyə əsas verir. Buna rəğmən, futbolçuların potensialları və baş məşqçinin təcrübəsi 2-ci dövrədə fərqli «Zirə görəcəyimizə inamı artırır.
Cəfər Hüseynov «qara zoğaq»da olmalarına baxmayaraq, kollektivin çıxışından narazı deyil. Təcrübəli mütəxəssis fikrini belə əsaslandırdı: «Zirə»yə gələndə əlimdə olan futbolçuların 50 faizini qoruyub saxlaya bilmişdik. «Zirə»nin mənə qədər olan heyətindən olan və kənardan gələn uşaqları da əlavə edərək demək olar ki, yeni kollektiv qurduq. Çempionata yaxşı hazırlaşmışdıq. Yeni kollektivlə belə nəticə göstərdiyimizə görə işimizdən razıyam. Gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyimizə də inanıram».
İlqar Mənsimov və Xəyal Mustafayev kimi Cəfər Hüseynov da bəzi meydanların bərbad durumundan şikayətləndi: «Çempionatın gedişi, təşkilatçılıq və digər amillər ürəyimcədir. Yeganə çatışmazlıq meydanlar və hakimliklə bağlıdır. Gəncədəki TİM-nin meydanında oynamaq ümumiyyətlə, mümkün deyil. Yaxşı olardı ki, həmin stadiona oyun təyin etməsinlər.
Hakimliklə bağlı isə onu deyə bilərəm ki, bəzi oyunlarda haqsızlıqlarla üzləşdik. Futbolçularımın yersiz cəzalandırılması isə məni daha çox üzdü. Bilirsiniz bütün bunlar nədər irəli gəlir? Oyunlarda hakimlərə nəzarət edən yoxdur. Bu halda onlarda arxayınlıq yaranır, bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Yaxşı olardı ki, oyunlara hakim-inspektorlar da təyinat alsınlar və hakimlərin işinə qiymət versinlər».
«Zirə»li futbolçular yanvarın 4-dən etibarən bir araya gələcəklər. Yanvarın 15-ə kimi ancaq gündəlik məşqlərlə kifayətləncək Cəfər Hüseynov ayın 2-ci yarısından çempionat başlayana kimi 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Komandaya yeni futbolçuların qoşulacağı istisna deyil. Amma 3-4 nəfərin başqa komandalara icarəyə veriləcəyi dəqiqdir.
"NEFTÇİ"
2003-cü il təvəllüdlü futbolçular arasında ötən mövsüm çempion olan «Neftçi» bu il özüə oxşamır. Qeyri-stabil çıxışı ilə yadda qalan komandanın 5-ci pillədə qərarlaşmasının bir çox səbəbləri var ki, bunların hamısı ayrılıqda bir yazının mövzusudur.
«Neftçi» yeni ilə yeni məşqçi ilə başlayacaq. Buna kimi komandanı təcrübəli Tofiq Mustafayev çalışdırırdı. Bir neçə gün əvvəl «Əməkdar məşqçi» fəxri adı ilə təltif olunması deyəsən, Tofiq müəllimə düşərli olmadı. Klub rəhbərliyi heç bir səbəb göstərmədən Mustafayevlə əməkdaşlığa son verdi. Bunu U-15 komandasının çxışı ilə əlaqələndirmək düzgün olmaz. Görünür, səbəb başqadır. Nə isə, mövzumuza qayıdaq.
«Neftçi»dən ayrılmasına baxmayaraq, Tofiq müəllim suallarımızın ona aid hissəsini həvəslə cavablandırdı. Komandasından və çempionatın gedişindən razı qalan mütəxəssis qeyri-stabil çıxışı heyətdə bəzi futbolçuların 2004-cü il təvəllüdlü olması və bəzi məqamlarda bəxtsizliklə əlaqələndirdi. Tofiq müəllimin ən çox xoşuna gələn liqanın mətbuatda işıqlandırılması oldu: «İndiyə kimi liqalarla bağlı xəbərləri ancaq AFFA-nın saytında oxuyurduq. Bəzi saytlar isə mütəmadi olmasa da, ara-sıra müəyyən informasiyalar yerləşdirirdilər. Bu mövsümdən etibarən U-15 Liqasının geniş şəkildə işıqlandırılması yerinə düşdü və buna görə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu, həm uşaqlarda ruh yüksəkliyi yaratdı, həm də biz məşqçilərdə. Qısası, U-15 Liqası informasiya blokadasından qurtuldu…»
Tofiq Mustafayevin gedişindən sonra komandaya hələ ki, yeni baş məşqçi təyin olunmayıb. Təyin olunubsa belə, bu haqda mətbuata bilgi verilməyib , Bu üzdən «Neftçi»nin hazırlığa nə vaxt başlayacağını, hazırlıq prosesisnin necə keçəcəyini təəssüf ki, öyrənə bilmədik. Güman ki, yaxın günlərdə yeni çalışdırıcının adı məlum olacaq və komanda hamı kimi yanvarın əvvəlində fasiləyə son verəcək.
"SUMQAYIT"
Sumqayıt təmsilçisini də qeyri-stabil çıxış edən komandalar sırasına qatmaq olar. Autsayder «Zaqatala» ilə evdə heç-heçə edən (1:1), səfərdə «Kəpəz»i məğlubiyyətə uğradan (3:2) «Sumqayıt» həm də gözlənilməzlikləri xoşlayan komandadır.
Ümumiyyətlə, «Sumqayıt»ın bu yaş qrupu ötən mövsümlə müqayisədə xeyli «artırıb». Komandanın futbolçusu Alı Alı U-15 millimizin üzvüdür. Alıdan savayı komandada istedadlı uşaqlar az deyil. Pis sensasiyalara ara versə, komanda 2018-ci ildə daha yaxşı nəticələr əldə edə bilər.
Komandanın baş məşqçisi veteran futbolçu Mehman Yunusovdur. 6 ay əvvəl bu posta təyin olunan Mehman müəllim futbolçularının çıxışından tam olmasa da, razı qalıb. Onun sözlərinə görə, çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün çalışmaq lazımdır.
Çempionatın gedişindən narazı qalmayan Mehman müəllim də digər mütəxəssislər kimi Gəncədəki stadiondan şikayətçi düşdü. Sumqayıtdakı «İnşaatçı» stadionunun vəziyyətindən də narazı qalan Yunusov hakimlik məsələsinə də toxundu. O, Cəfər Hüseynovun fikri ilə həmrəy oldu. Yəni, oyunlara hakim-inspektorların təyin olunamısının vacibliyini söylədi.
Sumqayıtlı uşaqlar dincəlməyə yanvarın 8-də ara verəcəklər. Elə həmin gündən həm də komandada seleksiya işləri başlayacaq. 5-6 futbolçunun yoxlanılması gözlənilir. Hamısı sumqayıtlı uşaqlardır. Onların arasında seçilənlər komandada saxlanılacaq. Əks halda, Yunusov yeni ildə də köhnələrə güvənəcək. Hazırlıq çərçivəsində bir neçə yoldaşlıq oyunu keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərin kimliyi bilinmir. Onların Bakı təmsilçiləri olması mümkündür.
"QARABAĞ"
Çempionatın gedişində baş məşqçi dəyişikliyinə məruz qalan komandalardan biri də «Qarabağ»dı. Hazırlığa İlyas Qurbanovla, birinciliyə isə Ramil Həbibovla başlayan komanda 2-3 tur sonra Asif Əlizadənin sərəncamına verildi. U-15 əsas komandanın adına layiq yerdə deyil. Baxmayaraq ki, kollektivdə xeyli istedadlı uşaqlar var. Ötən mövsüm U-14 Liqasında yarımfinala kimi irəliləyən «Qarabağ» indi 7-ci pillədə qərarlaşıb.
Bəs, baş məşqçi komandasının indiki durumdan razıdırmı? Asif Əlizadə: «Razı qalmaq ümumi anlayışdı. İlk yarıda bəzi futbolçuların çıxışı məni sevindirdi. Həmin uşaqlar eyni zamanda U-16 komandamızda da oynayırlar. Klubun fəlsəfəsi budur ki, U-19 və əsas komandaya taktiki, texniki cəhətdən futbolçular hazırlansın.
Bu mənada nəticədən çox, hər komandada 5-6 futbolçunun özlərindən böyük yaş qruplarında oynamaları bizim üçün daha vacibdir. Biz uşaqlara düzgün oynayın, amma məğlub olun demirik. Onların qalib ruhda böyümələri də lazımdır. Ümumi götürəndə, komandamın çıxışından razıyam. Amma bir çox çatışmazlıqlar var ki, onları qısa zamanda aradan qaldırmağa çalışacağıq».
Bəzi meydanların vəziyyətindən gileylənən baş məşqçi çempionatda rəqabətin daha yüksək səviyyədə olmasını arzuyalır. Asif Əlizadəni narazı salan məqamlardan biri isə sırf komanda ilə bağlıdır. Belə ki, bəzi hallarda dərslərə görə məşqləri planlaşdırmaq çətin olur. Təhsili daha vacib hesab edən həmsöhbətimiz müəyyən qədər bu problemin öhdəsindən gəldiklərini dedi.
«Qarabağ» yanvarın 8-də bir araya gələcək. Komandaya yeni futbolçuların qoşulması gözlənilir. Gedənlərin də olacağı istisna deyil. Hazırlıq dönəmində bir neçə yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.
(ardı var)
"Het-trik news" qəzeti
saytlarin hazirlanmasi