Rəhman Hacıyev: "Qurban Qurbanovun rəhbərliyi ilə böyük uğurlar qazanacağıq"

16:04 - 27 Yanvar 2018

"Neftçi”nin 6 futbolçusu – Ruslan Abışov, Rəhman Hacıyev, Emin Mahmudov, Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov və Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət olunub. 

 

Sportal.az xəbər verir ki, Rəhman Hacıyev, Rəşad Əzizli və Anton Krivotsyuk bu haqda təəssüratlarını klubun rəsmi saytına bölüşüblər.

 

Rəhman Hacıyev: “Uzun müddət idi milliyə çağırılmırdım. Milliyə dəvət hər futbolçu üçün böyük şərəfdi. Baş məşqçi Tərlan Əhmədov mənə inandı və klubumda daim oynamaq şansı verdi. Formamı tam bərpa etdim və özüməinamım qayıtdı. Milliyə dəvət mənim üçün böyük stimuldu. Var gücümlə çalışacam ki, etimadı doğruldub komandamıza faydalı olum. İnanıram ki, yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə böyük uğurlar qazanacağıq”.

 

Rəşad Əzizli: "Milliyə dəvət aldığım üçün xoşbəxtəm. Ölkənin əsas komandasında debüt etmək şansı qazanmışam. Bu səviyyəyə çatmağımda klubumuzun, qapıçılar üzrə məşqçimiz Rauf Salamovun böyük zəhməti var. Mənə bu sevinci yaşadan insanların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm”.

 

Anton Krivotsyuk: "Karyeramın çətin dönəmində mənə dayaq olan "Neftçi”yə minnətdaram. Bu klub olmasa, milliyə dəvət almamışdım. Futbolçu kimi yetişməyim və milli səviyyəsinə yüksəlməyim "Neftçi”də çəkilən əziyyətin bəhrəsidir. Bu yerlərə gəlməyimdə klub rəhbərliyinin və illərdir mənim üzərimdə işləyən bütün məşqçilərimizin böyük əməyi var”.

Xəbər xətti