Ramin Quliyev: "İlk oyundakı məğlubiyyət futbolçularda psixoloji təzyiq yaratmışdı"

18:17 - 26 Oktyabr 2018

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev AÇ-nin seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

 

“Çexiya yığmasının qrupun aşkar favoriti olması hamıya məlumdur. İlk oyunda meydan sahibi Albaniya yığmasını böyük hesabla məğlub etmişdilər. Norveç yığması ilə oyundakı məğlubiyyət futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı. Uşaqlar bu oyuna çox istəkli çıxmışdılar. Meydanda əzmkar və istəkli komanda vardı. Futbolçular hər top uğrunda mübarizə apardılar. İlk hissədə rəqibə demək olar ki, oyun qurmağa imkan vermədik. Çexiya yığması səhvimizdən istifadə edib hesabı açmağı bacardı. Qoldan sonra futbolçularımız oyun intizamını qoruyub mübarizəni davam etdirdilər. Fasilədən sonra 2-3 qol imkanı yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Son 10 dəqiqədə hesabı bərabərləşdirmək üçün risk edərək üç hücumçu ilə mübarizə apardıq. Ancaq təəssüf ki, oyunun başa çatmasına 2 dəqiqə qalmış qapımızdan növbəti qolu buraxdıq. Çalışacağıq ki, növbəti oyunda daha istəkli və keyfiyyətli oyun nümayiş etdirək”.

Xəbər xətti