Kamal Quliyev: "Neftçi" üçün ac-susuz oynayanda indiki rəhbərlik kim bilir, harada eşələnirdi" MÜSAHİBƏ

18:25 - 15 Noyabr 2018

Millimizin sabiq futbolçusu Kamal Quliyev Sportal.az saytına müsahibə verib.
 
- Ötən gün doğum gününüz olsa da, sabiq komandanız “Neftçi” sizi yada salmadı. Baxmayaraq ki, klubda çıxış etmiş yerli və əcnəbi veteranları təbrik edirlər.
- Eləməyiblər, heç nə olmaz. Əsas can sağlığıdı. 5 ildən çox klubun şərəfini qorumuşam. Bununla mənə heç nə olmaz. Həm də onlar niyə Kamalı təbrik eləsinlər? Mən onlara sərf etmirəm axı. Mən indiki rəhbərliyin adamı deyiləm. Əlbəttə, belə şeyin yeri yoxdu. İnsan tənqidə dözməli və səhvləri düzəltməlidi. Allah unutmayan dostlarımızın canını sağ eləsin. Biz o dönəmlər “Neftçi” üçün ac-susuz, pul almadan 6 ay oynayanda indiki rəhbərlik harda eşələnirdi, Allah bilir. İndi bunlar hazır vaxtda gəliblər. “Neftçi”nin pulsuz vaxtında hamı komandanı tərk etsə də, mən bir qəpiksiz klub üçün oynadım. Buna görə təbrik etmirlər də... Mən heç indiki rəhbərliyi qəbul etmirəm. Onlar işbazlardı. Həmişə demişəm, onlar öz fikirlərini söyləməyi bacarmayan şəxslərdi.
 
- Azərbaycan çempionatına baxanda kənardan necə mənzərə görünür?
- Çox zəif. Hər il zəifləyir. Çempionatda o zaman səviyyə olar ki, birinci yer uğrunda 6-7 klub mübarizə aparsın. 8 komandalı yarış necə maraqlı olar bilər? “Çevir tatı, vur tatı” gedir. Əvvəlki səviyyə indi yoxdu.
 
- Çempionluğa hansı komandanı favorit görürsünüz?
- İndi nəsə demək çətindi. Mövsümün sonuna kimi çox şey dəyişə bilər.
 
- U-19 millimiz Avropa çempionatının seçmə qrup mərhələsində İsrailə 1:4 hesabı ilə uduzdu. U-17 millimiz də böyük hesablı məğlubiyyətlər almışdı. Gənc futbolçular indidən məğlub psxiologiyasına öyrəşirlər.
- Buna artıq təəccüblənməyək. Artıq adi hala çevrilib. İndi bəzi oyunçular var ki, onlar futbolçu karyeralarını bitirəndən sonra artıq ölkədə bu idman növü bağlanacaq. Hər şeyi bu həddə gətirib çıxarıblar. Futbolumuzda gələcəyi düşünəndə, adama vahiməli gəlir.
 
- İndi yerli oyunçular xaricə yollanmırlar. Gedənlər də 6 aya qayıdırlar üstümüzə. Kamal Quliyev, Zaur Tağızadə, Samir Əliyev kimi futbolçular artıq yetişmir.
- İlk səbəb futbolçuların rəqabətə dözə bilməməsidi. Həm də düşünürlər ki, evdə pul qazanırıq. Özlərini əziyyətə salmırlar. Evdə “bəy balası” kimi yaşamağı üstün tuturlar. Kamalların, Samirlərin məşqə çıxanda ayaqları qan içində olurdu. Ukraynada yerli futbolçular ayağımıza məşqdə vururdular ki, heyətə özləri düşsün. Rəqabət var idi. Ancaq biz dözürdük. Heyətə düşmək uğrunda məşqdə “qırğın” olurdu. Məşqdə qorxub ayağımızı çəkmirdik. Sadəcə, indi əziyyət çəkmək istəmirlər.
 
- “Vorskla”nın baş məşqçisi Vasili Saçko ilə görüşüb, keçən günləri yada saldınız?
- Təəssüf ki, Bakıda olmadığım üçün Saçko ilə görüşə bilmədim. Mənim onunla telefon əlaqəm var. Tez-tez əlaqə saxlayırıq. Mən yatıb yuxuda görsəydim də, inanmazdım ki, Saçko baş məşqçi olub. Çünki onun futbolçu vaxtı xarakteri tam fərqli idi. Saçko mənim ötürmələrimlə o qədər qol vurub ki... Onun uğurlarına sevinirəm. Böyük komandanı çalışdırır. “Volın”da biz bir ailə olmuşuq. Mehribanlıq olmasa, uğur mümkün deyil. Kiminsə arxasından iş görməmişik. Komanda ruhumuz olub. Sözün varsa, üzünə de. Hər şey açıq şəkildə olmalıdı. Bizim gizlin dostluğumuz, yoldaşlığımız olmayıb.

Xəbər xətti