Aqil Nəbiyev: "Bir insanın savadı yoxdursa, ondan güclü futbolçu olmayacaq" MÜSAHİBƏ

Ötən "Şüvəlan"a I Dvizionda bürünc medalar qazandıran Aqil Nəbiyev dünən baş məşqçi postundan getdiyini açıqladı.
 
36 yaşlı mütəxəssis Sportal.az saytına müsahibəsində istefası ilə yanaşı, digər suallara da cavab verib.
 
- İstefa qərarınız bir qədər gözlənilməz oldu.
- Ayın 21-i məşqçi kursum başa çatdı. İki yerə fikrimi cəmləmək çətin idi. Bildiyiniz kimi bu klubda 7 il oynamışam, kapitanı olmuşam. Ötən mövsümdən də baş məşqçisi oldum. Klub rəhbərliyindən, texniki heyətdən və futbolçulardan heç bir narazılığım yoxdur. Fikrimi bir yerə cəmləmək üçün belə qərar verdim. Klubu yenidən yığmışdıq. İlk mövsümümdə 3-cü yeri tutduq, Naxçıvdan Heydər Əliyev kubokunu gətirdik. İndi isə 20 xalla 4-7-ci yerləri bölüşürük. 3-cü yerlə 3 xal fərqimiz var. Bu mövsüm çempionatda iştirakımız püşkatmaya bir gün qalmış bəlli oldu. Bir həftə ərzində komandanı topladıq. Qarşımıza hədəf qoyulmasa da, irəli getmək istəyiirdik. İlk dövrədə keyfiyyətli oyun göstərdik. Heç kəsdən narazılığım yoxdur. Belə şeylərdən uzağam. “Şüvəlan”a uğurlar arzulayıram. “Turan Tovuz”dan sonra mənə dogma olan komandadır. Ən yaxşı günlərimi burda keçirmişəm. Klub rəhbərliyinə mənə etimad göstərdikləri üçün təşəkkür edirəm. I Divizionda işləmək asan iş deyil. Özünüz də bilirsiniz ki, burada söz-söhbətlər çox idi. Bizim komandamız belə işlərdən uzaq durmuş komanda olub.
 
- Limit qərarı I Divizionu maraqsız etdi?
- Ötən il daha gərgin idi. Belə baxanda, səviyyə aşağı düşdü. Gənc futbolçular üçün yaxşı qərardır. Bu qərarla milli komandalara dəvət ala bilərlər. Yığma məşqçilərinin də qərarına hörmətlə yanaşmalıyıq. Keçən il daha səviyyəli çempionat oldu. Divizion klublarında aşağı yaş qrupları olmadığı üçün çətinlik var. Ancaq elita klublarının əvəzedicilərində bu baxımdan problem yoxdur. Onlara əsas komanda ilə yanaşı, U-19-dan da futbolçu gələ bilir. Biz isə futbolçu tapmaqda çətinlik çəkirdik. Hər il futbolçuların keyfiyyəti aşağı düşür. Bunların da kökü akademiyaların olmamasıyla əlaqəlidir. Bölgələrdə futbol yox səviyyəsindədir. Tək federasiyanı da günahlandıra bilmərəm, çünki AFFA bir çox klubu maliyyələşdirir. Sponsorların əvvəlki marağı indi futbola yoxdur. Hazırda heyəti qurmağa belə çətinlik çəkirik. Bir neçə təcrübəli futbolçumuz limitə görə oynaya bilmirdi. Bu cavan oyunçuların yaxşı şansı idi. İndi bilmirəm, onlar bundan necə istifadə etdilər.
 
- Çempionatın aşağı səviyyəyə düşməsi “Şüvəlan”dan ayrılmağınıza digər səbəb ola bilər?
- Bizim üçün təcrübə toplamaq lazım idi. Bu, mənim üçün yaxşı idi. Ötən il divizionda maraqlı mübarizə getdi. 10 iddialı klub arasında 3-cü olduq, hətta bir qədər də yuxarıda qərarlaşa bilərdik. İlk ilimdə mənim üçün 3-cü yeri tutmaq asan deyildi. Heç vaxt “qara” işlərlə məşğul olmayan komanda kimi yer tutduq. Kluba hörmətsizlik etməmişəm. Əlimdən gələn qədər çalışmışam. Təbii ki, ötən il olan aqressiv mübarizədən indi əsər-əlamət qalmayıb. Amma bu, baş məşqçilər üçün elə də əhəmiyyət daşımır. Bizim üçün əsas təcrübədir. İşləyib daha da irəli getməliyik.
 
- A kateqoriyalı məşqçi kursları necə gedir?
- Əvvəllər bu kurs bir neçə ay çəkirdisə, indi altı ay davam edir. Yeniliklər çoxdur. Əvvəlkinə baxanda şərtlər daha ağırlaşıb. Amma indi daha maraqlıdır. Daha öncə A kateqoriyasını oxuyanlar səfərə getmirdilər. Ancaq biz Gürcüstanda Avropa çempionatının seçmə mərhələ oyunları zaman 8 gün qonşu ölkədə olduq. “Altınordu”ya getmək şərt deyildi. Ora öz istəyimlə getdim. Təcrübə üçün bu akademiya ilə yaxından tanış oldum. İnkişaf etmək istəyiriksə, bu yöndə çalışmalıyıq.
 
- “Altınordu”dakı modulu Azərbaycanda tətbiq etmək mümkündür?
- Akadamiyanın 11-dən çox stadionu var. Ən son texnologiyalara malikdirlər. Hücumçularla qapıçıların ayrı məşq meydançaları var. Ancaq bizdə klublar bir stadiondan yararlanır. Fikirləşin, mən hələ akademiyadan danışıram. Orada uşaqların qidalanmağı və təhsiliylə xüsusi maraqlanırlar. Uşaqlıqdan kamera qarşısında olmağı, davranış qaydalarını, jurnalistlərlə, azarkeşlərlə münasibəti və müsahibə verməyi öyrədirlər. Uşaqları şəxsiyyət kimi böyüdürlər. Futbolçu şəxsiyyət olmağı bacamalıdır. Bir insanın savadı yoxdursa, ondan güclü futbolçu olmayacaq. Andre Pirlonun yaxşı sözü var: “Futbol başla oynanılan idman növüdür, ayaqlar sadəcə, alətdir”. Ağlı olan insanın futbola baxış bucağı daha geniş olur. Futbolçuya taktiki məşq verirsən, amma savadı, düşüncəsi olmayandan sonra bunu bacaracaq? Ən böyük problemimiz akademiyaların olmamasıdır. Bu gün ölkəmizdə uşaq futbolla məşğul olmaq istəyirsə, ya təhsildən kənar qalmalıdır, ya da məşqlərdən. Akademiyanın olmamasına görə belə çətinlik var. Ölkəmiz üçün savadlı şəxslər yetişdirmək lazımdır. Əgər o sabah futbolçu ola bilməsə, nə işin sahibi olacaq? Axı o təhsildən də uzaq qalıb. Bizdə görünür ki, iki tərəfdən alındırmaq mümkün deyil. Ancaq “Altınordu”da səhər dərsi olanlar günorta, günorta dərsi olanlar isə səhər məşq edirdilər. Qidalarına geyimlərinə, boş vaxtda əyləncələrinə diqqət var idi. Azərbaycanda da bunları həyata keçirmək olar. Əgər futbolda inkişafa nail olub pul qazanmaq istəyiriksə, hər şeyə yenidən başlamalıyıq. Akademiyalar tikib istifadəyə verməliyik. Strategiyanı düzgün qurmalıyıq. Biz hər şeyi qısa yolla, tələsik qurub nəticə qazanmaq istəyirik. “Altınordu”nun əsas komandasının elə 11 təbii ot örtüklü meydanı var idi. Bizə dedilər ki, akademiyanın uşaqlarından 52 futbolçu milli komandaların üzvüdür. Biz komanda yox, klub olaraq formalaşmalıyıq. Komandanı 22 futbolçu tapıb qurmaq asan işdir. Amma klub qurmaq üçün qolları çırmalayıb iş görmək lazımdır.
 
- Milli komandalardan baş məşqçilərin istefaya yollanmasından xəbərdarsınız. Qurban Qurbanovun gedişindən sonra bir çoxları düşünür ki, artıq “sükan” əcnəbiyə həvalə edilməlidir.
-  Bu qərarı Qurban müəllimin və ya AFFA-nın verdiyindən məlumatlı deyiləm. Hər bir insanın fikrinə hörmətlə yanaşmalıyıq. Məşqçi peşəsi çox ağırdır. Bu işin içinə girəndən sonra bunu daha yaxşı başa düşdüm. Aşağı liqada olsaq da, çətindir. Fikirləşin, futbolçu tək özünə cavabdehdirsə, məşqçi bütün oyunçulara görə bu məsuliyyəti daşıyır. Hələ texniki heyət və digər məsələlər də var. Qurban müəllim üçün görünür, iki cəbhədə çalışmaq ağır oldu. Ancaq “Qarabağ”da Azərbaycan xalqına xəyal olan uğurları yaşadıb. Mətbuatdan oxuduğum məlumatlara görə, əcnəbi mütəxəssis milliyə gələcək. İnanıram ki, ölkəmiz üçün yaxşı olacaq.
 
-  Vaxt keçir, ancaq millilərdə inkişaf yoxdur. Berti Foqtsa, Robert Prosineçkiyə verilən zaman Qurban Qurbanova verilmədi. 
- Biz kiçik və gənc ölkəyik. Eksperiment apara-apara bir yol tapacağıq. İnkişaf üçün hər şeyi federasiyanın üzərinə atmaq olmaz. Əvvələr Lənkəranda, İmişlidə, Tovuzda və digər bölgələrdə futbola şəxsi sponsorlar baxırdı. O zaman futbol da gərgin və maraqlı idi. Qonşu Türkiyənin əhalisinə baxanda milli komandalarının istənilən səviyyədə olmadığını görəcəyik. Sırf futbol bölgələrimiz var ki, onlara dəstək olmaq lazımdır. Bakı balaca şəhərdir, buradan nə qədər futbolçu çıxa bilər? Sumqayıt, Tovuz, Gəncə kimi şəhərlərdə futbol inkişaf etməlidir.

Mehman
Tarix: 27 Dekabr [15:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2019
26  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio