Hörmətsizliyin təsdiqi QEYD

Yurçeviçin millinin baş məşqçisi təyin olunacağı de-fakto məlumdur. AFFA onu ikinci dəfə Bakıya dəvət edirsə, bu dəfə çempionat oyunlarını stadiondan izləyirsə, deməli, ictimai fikir ehmalca buna hazırlanır.

 

Niyə ehmalca?

 

Yurçeviçin karyerasını "google"da axtarsanız, hansısa qeyri-adi bir ad ilə anlaşılmadığı, millinin sıradan birinə həvalə edildiyi qənaətinə gələ bilərsiniz. Buna görə də onu təmtəraqla təqdim etmək uğurlu olmaz deyə, proses asta-asta aparılır.

 

Əlbəttə ki, mütəxəssisin potensialına qarşı neqativ iddialar qeyd edib, şəxsə hörmətsizlik etmərik, lakin Yurçeviçi futbol aləmində  "üçüncü sort" ad hesab edə bilərik.

 

*       *       *

 

Yaxşı, milli komanda belə birinə tapşırılacaqdısa (hələ rəsmən açıqlanmasa da), Azərbaycan futbolunda ən uğurlu məşqçi olan Qurban Qurbanov ilə 6 illik müqavilə bağlayıb, yeni inkişaf stratgeiyasının ona tapşırıldığı niyə açıqlanırdı?

 

Belə bir adın təyinatı futbol tariximizə hörmət gətirən nəticələrə nail olmuş birinə qarşı  kobud hörmətsizlik deyilmi?

 

Nəinki Qurbanov, bütün aşağı yaş qrupları üzrə millilərin baş məşqçisini istefaya göndərmək - bu, nəyin prinsipi, acığı idi?

 

*       *       *

 

Baş məşqçi kimi əhəmiyyətli nəticələri olmayan biri üçünmü iki aydan çox axtarış aparıldı?

 

U-16 və U-21 serbiyalı məşqçiyə, əsas milli isə xorvata həvalə edilir?

 

Əvvəla, Azərbaycanda  mütəxəssis qıtlığıdırmı? 30-dan çox PRO kateqoriyası olan məşqçi ordusu nə üçündür bəs?

 

Həm, serblər və xorvatların - üzdən göstərilməsə də -, daxildən bir-birinə qarşı necə radikal, aqressiv olduqlarını bilmirsinizmi? Yuqoslaviya müxtəlif respublikalara parçalananda aralarında müharibələr olub və ən qəddar savaşlardan biri də bu iki ölkə arasında yaşanıb.

 

Ümumiyyətlə, qənaətlər təsdiqini tapır - AFFA rəhbərliyi doğrudan da, Qurbanov və "drujinasının" millidə uzunmüddətli olmasını istəmirdi və məhz buna görə hər şey edildi ki, onlar uzaqlaşdırılsın. Və bu hadisə assosiasiya rəhbərliyində ikitirəliyin daha da dərinləşməsinə səbəb oldu.

 

Proses davam edir. Prosesin hərəkətverici qüvvəsi olan AFFA-nın baş katibi Elxan Məmmədov yəqin ki, artıq özünü qalib hesab etmir. Çünki bundan sonra zaman ən çox onun əleyhinə işləyir...

 

Futbolumuzu isə xilas perspektivi yox, növbəti intriqa ocaqları "məşğul" edəcək.

 

*         *        *

 

Yurçeviç, xoş gəlmisiz! Lakin, bilin, siz, böyük hörmətsizliklə qovulmuş ən uğurlu yerli mütəxəssisin əvəzinə gətirilmiş təsadüf birisiniz. O qovulmanı təşkil edənlərin heç "B planı" belə yox imiş. Əsas məqsəd Qurbanovgili bu işlərdən uzaqlaşdırmaq imiş. Sizə uğurlar arzu edirik, lakin bu, çox müşkül görünür.

 

Bunaqədərki təyinatlar, atılan addımlar yenə düşünməyə əsas verir ki, millinin inkişafı, nəticələrinin yaxşılaşması belə namümkündür. Bəhanə isə həmişə var və niyəsə yarayır...

 

Futbolpress.az

Tarix: 10 Fevral [15:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyun 2019
16  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio