Reynaldo: "Cərimə zərbəsini vurmaq üçün xahiş etdim" MÜSAHİBƏ

19:28 - 23 Fevral 2019

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ” səfərdə debütant “Sabah”la 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yeganə qoluna imza atan Reynaldo Silva jurnalistlərə müsahibə verib. Braziliyalı hücumçu öncə oyunla bağlı danışıb:
 
- Maraqlı oyun oldu. İlk növbədə komanda yoldaşlarımı təbrik etmək istəyirəm. İlk hissədə yaxşı oynadıq, bəzi qol epizodlarımız oldu. Oyunun taleyini həll etmək öz əllərimizdə idi, ancaq təəssüf ki, alınmadı. Xal itkisinə baxmayaraq, sona qədər mübarizə apardıq. Həm də rəqibimiz “Sabah” klubunu da təbrik etmək istəyirəm. Onlar da yaxşı mübarizə apardılar. Düşünürəm ki, komandamız düzgün yoldadır və qarşıdakı oyunlarda daha yaxşı nəticələr olacaq.
 
- Uzun müddətdən sonra “Qarabağ”ın heyətində qol vurdunuz. Fikirləriniz necədir?
- Təbii ki, sevincliyəm. Uzun fasilədən sonra “Qarabağ”da qol vurmağa müvəffəq oldum. Təəssüf ki, bu qol bizə üç xal bəxş etmədi. Cərimə zərbəsi zamanı Rəşad Sadıqov da yanımda idi. Ondan zərbəni vurmaq üçün xahiş etdim. O bildirdi ki, təbii ki vura bilərsən. Qol üçün sevinirəm.
 
- Bir qədər tez əvəz edildiniz. Yorğunluq var idi?
- Bir az çətin idi uyğunlaşmaq. İlk dəfə start heyətdə oyuna çıxdığım üçün bu qədər oynamaq normaldır. İşləməyə davam edirəm. Ümid edirəm ki, gələn oyunlarda daha çox oyunda olaram.
 
- Hamı bir ağızdan deyir ki, Azərbaycan çempionatının səviyyəsi aşağı düşüb. İki ildən sonra geri dönmüsünüz. Sizin fikirləriniz necədir?
- Bir az komandalar taktiki cəhətdən artırıblar və daha çox qapalı futbol oynayırlar. Bizə qol vurmaq indi daha çətindir. Deməzdim ki, komandalar zəifdir. Biz bu vəziyyətin yolunu axtarmalıyıq. Çıxış yolunu tapmalıyıq ki, bizə daha da asan olsun. 
 
- Sabah “Neftçi” “Səbail”i qəbul edəcək. Liderin xal itirməsini gözləyirsiniz?
- İstər-istəməz xal itirmələrini arzu edirsən. Daha çox öz oyunlarımıza köklənməli və qələbə qazanmağı düşünməliyik.

Xəbər xətti