Bahodir Nasimov: "Keşlə"də start heyətini klub prezidenti müəyyənləşdirirdi"

13:02 - 26 Fevral 2019

Bu qış “Keşlə”dən ayrılıb, ölkəsinin “Novbahar” klubuna keçən özbəkistanlı Bahodir Nəsimov müsahibə verib. 

 

Sportal.az xəbər verir ki, o, müqaviləsinin bitməməsinə baxmayaraq, Bakı klubunu tərk etməsini belə izah edib:

 

“Ayrılmağımın səbəbi oynamamağım idi, bütün vaxtımı ehtiyatda keçirirdim. Son matçlarda isə ümumiyyətlə oynamadım. Baş məşqçi (Tərlan Əhmədovu nəzərdə tutur – red.) məni görməzdən gəlirdi. Klub rəhbərliyi ilə görüşəndə getmək istədiyimi bildirdim və ayrıldım”. 

 

Təcrübəli hücumçu “Keşlə”də klub rəhbərliyinin baş məşqçinin işinə qarışdığını, hətta start heyətinin klub prezidenti tərəfindən müəyyənləşdirdiyini söyləyib: 

 

“Son 6 ayda komandada 3 dəfə baş məşqçi dəyişikliyi oldu. Klubda ən böyük problem rəhbərliyin baş məşqçinin işinə müdaxilələridi. Hətta start heyətini də klub prezidenti (Zaur Axundovu nəzərdə tutur – red.) müəyyənləşdirirdi. Oyunun sonuna 5-10 dəqiqə qalmış meydana çıxırdım, ən çox bir hissə oynamağıma imkan yaradırdılar. Axırda dözmədim, müqaviləyə xitam verdik”. 

 

Nasimov “Keşlə”nin ona borcunun qalmadığını bildirib: 

 

“Klubun mənə heç bir borcu yoxdu. Ayrılmazdan öncə bütün məsələləri həll etdik və sənəd işlərini yoluna qoyduq”. 

 

Daha əvvəl Azərbaycanda “Neftçi”nin formasını geyinən futbolçu budəfəki gəlişinin tamamilə uğursuz olduğunu söyləyib: 

 

“Azərbaycana dönüşüm tamamilə uğursuz alındı. Düzü, “Keşlə” düşündüyüm qədər güclü komanda deyildi. Ancaq baş məşqçi mənə 4-5 matçda şans versə, əlimdən gələnin ən yaxşısını edəcəyimə əminəm. Yalnız 10 dəqiqə oynadıb, qol gözləmək axmaqlıqdı. Digər tərəfdən futbolçu uğursuzluğun səbəbini özündə axtarmalıdı”.

Xəbər xətti