Vüqar Məmməd: "İstəyirik ki, bu gün xalqımıza bayram hədiyyəsi edək"

Bü gün U-19 millimiz Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununa çıxacaq. 1-ci qrupda yer alan millimizin rəqibi Rusiya yığmasıdır. «Krasnodar» Futbol Klubunun Akademiyasının meydanında keçiriləcək görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

 

Qrupda Rusiyayla yanaşı Rumıniya və İrlandiya yığmaları ilə rəqib olan komandamız final mərhələsinə vəsiqə əldə etmək üçün 1-ci yeri tutmalıdı. Rəqiblər kifayət qədər güclüdülər. Amma ötən il Gürcüstanda keçirilən 1-ci mərhələdə sərgilədiyi oyun komandamızın final mərhələsində iştirak edəcəyinə ümid verir. 

 

Artıq, bir neçə gündür ki, qonşu ölkəyə yollanan komandamızın ilk oyuna hazırlıqları başa vurub. U-19 yığmamızın baş məşqçisi Vüqar Məmmədlə əlaqə saxlayıb düşərgədəki ab-hava ilə maraqlandıq. Vüqar müəllim futbolçuların əhva-ruhiyyəsinin yaxşı olduğunu, oyuna motivasiya ilə çıxacaqlarını bildirdi: «Bir futbolçumuz zədəlidi. Ümid edirəm ki, həkimlər onu tezliklə sıraya qaytaracaqlar. Futbolçularda qələbə istəyi var. İstəyirik ki, bu gün xalqımıza bayram hədiyyəsi edək. İlk rəqibimiz olan Rusiya millisi güclü komandadı. Bir neçə oyunlarının videoyazılarını izləmişik, müəyyən nəticələrə gəlmişik. Rəqibin müsbət və mənfi cəhətləri barədə açıqlama vermək istəməzdim. Qısaca onu deyə bilərəm ki, çox yaxşı komandadı».


İlkin seçmə mərhələdə olduğu kimi bu dəfə də qarşılarına etap keçməyi məqsəd qoyduqlarını bildirən Vüqar Məmməd AFFA rəhbərliyindən daim dəstək aldıqlarını söylədi: «Komanda olaraq qarşımıza məqsəd kimi ilkin seçmə mərhələni keçməyi qoymuşduq. İstəyimizə çatdıq. Addım-addım irəliləməyə çalışırıq. Məqsədimiz final mərhələsinə çıxmaqdır». 

 

Sonda Vüqar Məmməd Rusiyaya apardığı heyətlə bağlı sualımızı cavablandırdı. Xatırladaq ki, baş məşqçi düşərgəyə U-19 çempionatında 2-ci yerdə qərarlaşan «Keşlə»dən 1 futbolçu belə çağırmayıb. Vüqar müəllim bunun təsadüf olduğunu və hansısa qərəzlikdən söhbət belə getmədiyini söylədi: «Keşlə»dən milliyə dəvət alan futbolçular olmuşdu. Hazırda təkcə «Keşlə» deyil, başqa klublarımız da var ki, onlardan da milliyə futbolçu çağırmamışıq. Millinin baş məşqçisi olmaq çox məsuliyyətli işdir və bu işdə üzərimizə düşən məsuliyyəti dərk edirik. Bu üzdən çalışırıq ki, düşərgəyə milliyə layiq olan futbolçuları cəlb edək. Çempionatda bütün turların oyunlarını izləyirik. Hətta elə olub ki, izləyə bilmədiyimiz oyunların videogörüntülərini əldə edib futbolçular haqqında məlumat toplamışıq. Bu gün U-19 millisində 1-ci Divizionda oynayan, Premyer Liqada əsas heyətlə məşq edən və ya oyunlara çıxan, həmçinin, ölkə xaricində çıxış edən komandalarda oynayan futbolçular yer alıb. Başqa sözlə, mərhələyə hazır olan futbolçular. Kiminsə haqqını tapdalamaqdan, «Keşlə»yə qarşı qərəzdən söhbət gedə bilməz».

 

Xatırladaq ki, bu dəfəki Avropa çempionatının final mərhələsi iyulun 14-dən 27-ə kimi Ermənistanda keçiriləcək. Komandamız mərhələ adlasa, növbəti rəsmi səfəri İrəvana olacaq. Kim bilir, bəlkə ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edən Ermənistan yığması ilə qarşılaşmaq da nəsibimiz oldu.

 

«Het-trik news»

Tarix: 20 Mart [11:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio