"Kəpəz"in baş məşqçisi: “İnkişaf üçün hər zaman öyrənməyə ehtiyac var”

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov Almaniyaya səfəri haqda müsahibə verib. 

 

Sportal.az xəbər verir ki, gənc məşqçi Frankfurt “Ayntraxt”ında keçirdiyi görüşlər, gələcək mümkün əməkdaşlıq və digər məsələlər haqda sualları cavablandırıb.

 

- Dünyanın ən inkişaf etmiş futbol ölkələrindən olan Almaniyaya səfər hansı istəkdən yarandı?

- Gənc məşqçilər daim inkişafda olmalıdır. Əgər inkişaf etmək istəyiriksə, Avropanın top-klublarına müraciət etməliyik. Orada baş verən müxtəlif yeniliklərlə tanış olmalı, öyrənməliyik. Çempionatda fasilə yarandığından bu müddətdən daha səmərəli şəkildə istifadə etmək qərarına gəldim. Bir neçə dəfə Almaniyada olmuşam. Mənə “Ayntraxt” klubu yaxın olduğundan Nikolay Adamın dəvəti ilə oraya yollandım. Vaxtilə ölkəmizdə çalışan Adam indi Frankfurt klubun beynəlxalq əlaqələr üzrə baş meneceridir. Səfər müddətində Bundesliqanın 26-cı turu çərçivəsində keçirilən “Ayntraxt” – “Nürnberq” matçını stadiondan izlədim. Səhəri komandanın bərpa məşqində oldum, baş məşqçi Adi Xyutterlə görüşdüm. Düzdü, çox söhbətləşə bilmədik. Çünki milli komandaların AÇ-2020-nin oyunları ilə bağlı çempionatda fasilə yarandığından təcrübəli mütəxəssis vətəni Avstriyaya yollanırdı. Əvəzində onun fitness üzrə köməkçisi ilə əhatəli danışıb fikir mübadiləsi apardım. Özümə lazım olan bilgilər öyrənə bildim.

 

- Deməli, xoş təəssüratlarla qayıtmısız...

- Əlbəttə! Onu deyim ki, “Ayntraxt” – “Nürnberq” oyununda stadionda çox gözəl atmosfer vardı. Ümid edirəm ki, gələcəkdə Azərbaycan Premyer Liqasında da belə ab-hava olar. Məşqçi hər şeyi bildiyini düşünürsə, bu, onun dayanmağı deməkdir. Səfər mənim üçün çox səmərəli alındı. Klubumuzun yaxşı günlərini yaşamadığını nəzərə alaraq biz bununla barışmamalı, irəli getməli, uğur qazanmalı, inkişaf etməliyik. İnkişaf üçün hər zaman öyrənməyə ehtiyac var. Belə olan halda “Kəpəz”ə, Azərbaycan futboluna daha çox xeyir verə bilərik.

 

- “Ayntraxt”ın akademiyası barədə nə deyə bilərsiz?

- Orada olduğum müddətdə akademiyanın fəaliyyəti ilə yaxından tanış oldum. Daha doğrusu, 2013-cü ildəki səfərimdən fərqli bəzi yenilikləri gördüm. Əgər əvvəllər kütləviliyə fikir verilirdisə, indi kursu dəyişiblər. 9 yaş qrupunda cəmi 180 futbolçu var. Ən yaxşıları, potensialı olanları klubda saxlamağı qərara alıblar. “Ayntraxt”ın klub olaraq inkişafı bu gün göz önündədir. Klub məqsədyönlü, planlı işlərin sayəsində Avropa Liqasında mübarizəni davam etdirir. Son olaraq İtaliya “İnter”ini mübarizədən kənarlaşdırdılar. Bundesliqada da komandanın işləri yaxşı gedir. Turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar və Çempionlar Liqasına vəsiqə verən yerdən onları cəmi 1 xal ayırır. Klubun muzeyinə baş çəkdim. Maraqlı idi.

 

- Vaxtilə Nikolay Adamla istər Azərbaycanda, istərsə də Hindistan millisində birgə çalışmısız. Yollarınız ayrılsa da, əməkdaşlığınız, münasibətiniz davam edir.

- Həm dəvət, həm də isti qarşılanmaya görə sizin vasitənizlə Nikolay Adama təşəkkür edirəm. O, səfər müddətində məni tək buraxmadı və səfərin axırıncı gününə kimi müşayiət etdi. Azərbaycanda 5 il çalışan məşqçi kimi Adam ölkəmizin futboluna yaxından bələddir. “Kəpəz” haqda məlumatı var, yüksək fikirdədir. Görüşümüz zamanı bildirdi ki, kluba sərmayə qoyulsa, tezliklə inkişaf edə bilər. Nikolay “Ayntraxt”da məsul şəxsdir, ona etibar edirlər. Sıx qrafiklə çalışır, orada olduğum müddətdə onun Hindistan, Yaponiya, ABŞ və digər ölkələrdən olan qonaqlarla görüşü vardı.

 

- Bəlkə də bu barədə danışmaq tezdir. Amma gələcəkdə “Kəpəz”lə “Ayntraxt” arasında əməkdaşlıq mümkün ola bilər?

- Təbii ki, bu reallaşsa, çox gözəl olar. Belə işbirliyi qurmaq klubumuzun rəhbərliyindən asılıdır. Nikolay Adamın Gəncə futboluna olan hörməti gələcəkdə bu əlaqələrin yaranmasına və inkişafına töhvə verə bilər. Avropanın böyük klubları ilə əməkdaşlıq edən komanda bundan yalnız qazanar. Ümid edək ki, yaxın gələcəkdə bu da olar.

Tarix: 28 Mart [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio