Erməni məşqçidən azərbaycanlı futbolçuya: "Axmaq olma, kişiyə ən vacib olan istedadını göstərməkdir"

14:32 - 13 Aprel 2019

Rusiyanın "Anji" klubunun keçmiş baş məşqçisi Aleksandr Qriqoryan bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu qıran azərbaycanlı futbolçu Ayaz Quliyevin insident törətməsi barədə danışıb.

 

Sportal.az sovsport.ru-ya istinadən xəbər verir ki, erməni mütəxəssis Ayazın müsbət keyfiyyətləri haqda danışıb:

 

"Məşqlərdə istədiyi alınmayanda topu qüvvətli zərbəylə auta yollayırdı. Səhv olduğunu başa düşəndə özünü cilovlayırdı. İndiyə kimi çox futbolçu ilə birgə çalışmışam. Ayazın qəlbi təmiz insandır. Özündən böyüklərə hörmətlə yanaşır, özündən razı deyil, ulduz xəstəliyi yoxdur. Ancaq həddindər artıq dindar adamdır. Baş verən son hadisə emosionallığının nəticəsidir. Ona səbirli olmağı məsləhət görürəm. Hisslərinə hakim olsa, yüksək səviyyəli futbolçu olacaq. Ona demək istəyirəm ki, Ayaz, axmaq olma, kişiyə ən vacib olan öz istedadını göstərməkdir. Quliyev gələcəkdə Avropa səviyyəli dayaq yarımmüdafiəçisi ola bilər".

 

52 yaşlı çalışdırıcı UFC versiyası üzrə yüngül çəkidə son dünya çempionu olan Həbib Nurməhəmmədovun “Anji”də çıxış edən futbolçulara ciddi təsir etdiyini sözlərinə əlavə edib: “Həbib təkcə Ayaza deyil, "Anji"nin bütün futbolçularına güclü təsir edib. Açığı, Həbiblə görüş uzun çəkmədi. Qarşımızda gənc olmasına baxmayaraq, güclü və müdrik insan oturmuşdu. Onun təsiri altına düşməmək çətin idi. Ancaq Ayaz Həbibin saç düzümünə keçəndə mənimlə birgə işləmirdi”.

 

22 yaşlı Ayaz Quliyev 2017-ci ildə "Anji"də icarə əsasında çıxış edərkən Qriqoryanın rəhbərliyi altında oynayıb.

 

Qeyd edək ki, Moskva “Spartak”ı Ayazı 5 milyon rubl (77 min dollar) cərimə edib. Futbolçu əvəzedici komandada məşq edir.

Xəbər xətti