Marko Rossi: "Azərbaycana yuxarıdan aşağı baxmırıq"

20:04 - 7 İyun 2019

Macarıstan millisinin baş məşqçisi Marko Rossi yığmanın AVRO-2020-nin seçmə mərhələsində sabah Bakıda Azərbaycana qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- İndiyə qədər Bakıda məğlub olan baş məşqçilər matçdan sonra hava şəraitinin isti olması, saat fərqindən şikayətlənirlər. Siz uğursuzluqla üzləşsəz, hansısa bəhanə gətirəcəksiz?
- Bütün həyatımda – futbolçu kimi də, məşqçi kimi də hər zaman qələbəyə inanmışam. Nə hava, nə də digər bir amil məğlubiyyətə səbəb kimi göstərilməyəcək. Uduzsaq, yeganə səbəb özüm olacam.

 

- Xorvatiyaya qalib gəldikdən sonra sabahkı oyun üçün aşkar favorit sayılırsız. Bu məqam komandaya necə təsir edir?
- Kağız üzərində biz favoritik. Ancaq meydanda bəzən bir çox şey fərqli ola bilir. Qalib gəlmək üçün yüksək səviyyədə çıxış etməliyik. Sabah uğurlu nəticə qazanmaq istəyirik. Azərbaycana hörmət edirik. Rəqib haqqında, futbolçular barədə, oyun stili ilə bağlı mümkün qədər məlumat əldə etmişik. Azərbaycanda nəinki Macarıstan, digər komandalar üçün də çətin olacaq. Azərbaycana yuxarıdan aşağı baxmırıq.

 

- Macarıstan futbolu əvvəlki əzəmətindən xeyli uzaqdır. Yaxşı startdan sonra Avropa çempionatının final mərhələsində oynamaq potensialını necə görürsüz?
- 2016-cı il Avropa çempionatının əsas mərhələsində çıxış etmişdik. Hətta komanda qrup lideri olmuşdu. Buna qədər vəsiqə qazana bilmirdik. Bu dəfə uğurlu nəticə əldə etmək istəyirik. Budapeşt də Bakı kimi təşkilatçı şəhərlərdən biridi. Biz istəyirik ki, azarkeşlərimizin qarşısında Avropa çempionatının final mərhələsində oynayaq. 68 minlik əla stadionumuz var. Orda oynamaq istəyirik. Əsas mərhələyə çıxa bilsək, stadion azarkeşlərimizlə dolu olacaq. Qrupda aşkar favorit Xorvatyadır. Onlardan sonra Uels və Slovakkya gəlir. Vəsiqə üçün cəmi 2 yer var. Ancaq indidən deyə bilmərik ki, final mərhələsinə çıxacağıq, ya yox. Hazırda final mərhələsinə vəsiqə bizim arzumuzdur. Biz oyuna hazırlaşırıq, qələbəni düşünürük. İlk növbədə sabah qalib gəlməliyik, daha sonra Uelslə oyunu düşünməliyik. Favoritik, ancaq kağız başqadır, meydança başqa. Xorvatiyaya qarşı bunu sübut edə bildik, sabah düzgün yanaşa bilməsək, eyni şeyi Azərbaycan bizə edə bilər.

 

- Start heyəti Xorvatiyaya qarşı matçdakı kimi olacaq?
- Yox, belə olmayacaq. Bizim zədəli futbolçumuz var. Ancaq digər oyunçulara bağlı ciddi dəyişikliklər olmayacaq. Çalışacağıq ki, ən yaxşı heyəti meydana buraxaq.

 

- Həmyerliniz Roberto Bordin Azərbaycanda işləyir. Onunla danışmısız?
- Onu yaxşı tanıyıram. Biz birlikdə çıxış etmişik. Onunla söhbətimiz olub. Ancaq çox məlumat vermədi. Hər halda, işindən ehtiyatlanır. (gülür)

Xəbər xətti