Roberto Bordin: "Hər iki qələbə bizim üçün böyük motivasiya olacaq"

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda Moldovanın “Sperantsa” klubuna qalib gələn (6:0) “Neftçi”nin baş məşqçisi Roberto Bordin matçdan sonra jurnaşlistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Çətin oyun olacağını bilirdik. Komandaya demişdim ki, rəqibə yuxarıdan aşağı baxmasınlar. Belə nəticədən sonra düşünülə bilər ki, asan qələbə alınıb. Ancaq belə deyil. əvvəldən oyunumuz istədiyimiz kimi alınmırdı. Buna baxmayaraq futbolçularımın oyuna yanaşması yaxşı oldu. Sonda gözəl oyunla qələbə qazandıq.

 

-  6 qola rəğmən oyunun ulduzu komandada ilk dəfə fərqlənən İsmayıl Zülfüqarlı oldu?
- Bu, bütün komandanın qələbəsidi. İstər ilk “11-lik”, istərsə də meydana sonradan çıxan futbolçuların hər biri özünü yaxşı tərəfdən göstərdi. İsmayıl artıq ikinci oyununu keçirdi. Matça yaxşı qoşuldu. Qol vurmağı da hədiyyə kimi oldu.

 

- Növbəti rəqibiniz “Arsenal”ın bu həftə Rusiya çempionatında oyunu var. Həmin matç üçün kimisə göndərməyi planlaşdırırsız?
- Ola bilsin ki, kimisə göndərək. Planda belə bir şey var. Rəqibi analiz etmək üçün başqa vasitələr də var. Onu deyə bilərəm ki, bizi çətin oyunlar gözləyir.

 

- İki matça görə 9 qol möhtəşəm nəticədi. Ancaq mərkəz hücumçunuz Raif Əliyev fərqlənə bilmədi. Bu, daha ciddi rəqiblə oyunöncəsi siqnal deyil ki?
- Baxmayaraq ki, Rauf fərqlənmədi, göstərdiyi oyun bizim üçün çox faydalı oldu. Onun fərqlənməməsini siqnal hesab etmirəm. Əsas odu ki, komandaya fayda versin. Bəzi başqa neqativ məqamlar var ki, növbəti matça qədər bunları aradan qaldırmağa çalışacağıq.

 

- Azərbaycan futbolu tarixində avrokuboklarda ən böyük qələbəni əldə etdiz. Nədənsə narazılığınız var?
- Sevinirəm ki, Azərbaycan futbolu tarixində rekord nəticə əldə etdik. Ancaq razı qalmadığım məqamlar var. Bəzi futbolçular arasında anlaşma problemi mövcuddu. Bundan başqa, topu tez itirirdik. Bunların üzərində işləyəcəyik.

 

- Baqali Dabo ötən mövsüm əsasən cinahda çıxış edirdi. Monrozun transferindən sonra onun mərkəzdə oynayağını gözləmək olar?
- Dabo da, Monroz da hücumun hər 3 mövqeyində çıxış edə bilir. Əsas Dabonun tez bir zamanda hazır olmasıdı. İstəyirəm ki, bütün futbolçular əlimin altında olsun və seçim imkanım artsın. Mövqe seçimi barədə sonra da düşünə bilərik.

 

- İsmayıl Zülfüqarlının oyunun gedişatında və final fitindən sonra həddən artıq dəstək görməsinin onun “ulduz xəstəliyi”nə tutulmasına səbəb olacağından çəkinmirsiz? Bu barədə fərdi danışığınız olacaq?
- İnanmıram belə şey olsun. “Ulduz xəstəliyi”nə tutulsa da, onu tez sağaldarıq (gülür). Bugünkü oyuna çox yaxşı qoşuldu. Qol epizodunda düzgün mövqe seçmişdi. Ona görə çox sevinirəm. Çalışmalıdı ki, verilən şanslardan maksimum yararlansın. Bu gün şansdan yararlana bildi.Öz üzərində çox çalışmalıdı. Onun ətrafında təcrübəli futbolçular var, görüb-götürəsi çox şey olmalıdı.

 

- Belə qələbələr komandaya motivasiya da verə bilər, eyforiya da yarada bilər. Bunun üzərində düşünürsüz?
- Oyunçularıma tapşırıq vermişdim ki, rəqibi düzgün qiymətləndirməliyik. Onlar bunu düzgün yerinə yetirdilər. Hər iki qələbə bizim üçün böyük motivasiya olacaq. “Arsenal”la oyuna hazırlaşmaq üçün vaxtımız var. Ciddi hazırlaşmalıyıq.

Tarix: 18 İyul [23:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2019
17  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio