Kamal Mirzəyev: "Evdən istəməsəydilər də, Küveyt klubuna keçəcəkdim" - MÜSAHİBƏ

09:00 - 23 Avqust 2019

“Qəbələ”dən Küveytin “Əl-Salmiyə” klubuna transfer olan Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Kamal Mirzəyev Sportal.az-a müsahibə verib.
 
24 yaşlı yarımmüdafiəçi Küveyt klubuna keçidindən və gələcək planlarından danışıb:
 
- “Əl-Salmiyə” klubuna transferin necə baş tutdu?
- Bu komanda Bakıda toplanışda olan zaman onlara qarşı yoxlama oyunu keçirdik. Matçdan sonra baş məşqçi “Qəbələ” rəsmilərinə yaxınlaşıb, mənimlə maraqlandıqlarını bildiriblər. Öncə mənə deyiləndə ciddi reaksiya vermədim. Daha sonra isə klublar transferi müzakirə etdi.
 
- Artıq yeni komandana qoşulmusan. Bu klubla bağlı hansı məlumatların var? Gördüklərin səni heyran etdi?
- Müqaviləni gecə bağlamışam. Hələ ki, məşqə çıxmamışam. Ancaq baza, meydança və klubla tanış elədilər məni. Köklü klubdur, yaxşı şərait var futbolçular üçün.
 
- Küveyt çempionatının səviyyəsi barədə məlumatın var?
- Az da olsa, məlumat toplamışam. Çempionatda yaxşı komandalar var. “Əl-Küveyt”, “Əl-Ərəbiyə” liqada ağırlığını qoruyan köklü komandalardandır.
 
- "Əl-Salmiyə"də necə qarşılandın? Azərbaycanlı futbolçunu görəndə təəccüblənmədilər? Neçə legionersiz komandada?
- Sağ olsunlar, çox yaxşı qarşılandım. Əksinə, Azərbaycanda toplanışda olublar. Bizim futbolla bağlı bəyəndikləri çox məqam var. Komandada səhv etmirəmsə, altı legioner futbolçu var.
 
 
- Küveyt klubundan təklif gələndə "Qəbələ" səni komandada saxlamağa çalışdı? Sənan Qurbanovun reaksiyası necə oldu?
- Təklif barədə rəhbərlikdən məlumat aldım. Əgər mən də razı olsaydım, rəhbərlik və Sənan Qurbanov buna qarşı çıxmayacağını dedi. Baş məşqçi son qərarı mənə buraxdı. Onlara təşəkkür edirəm!
 
- Klubun bazasında qalacaqsan?
- Klub bütün futbolçuları evlə təmin edib. Hər oyunçu ilə yaxından maraqlanırlar. Çatışmayan şeyləri onlara deməyimizi istəyirlər.
 
- Ailən üçün darıxacaqsan? Ümumiyyətlə, onların fikri necə oldu?
- Əlbəttə, ailə üçün insan darıxır. Qərarları müsbət oldu.
 
- Bu sualı ona görə verdim ki, bir çox hallarda bizim futbolçular xaricə gedən kimi, qısa vaxtdan sonra darıxdıqları üçün qayıdırlar.
- İstəməsəydilər də, gedəcəkdim (gülür). Xəyallarımın dalınca gedirəm.
 
undefined
 
- Tez adaptasiya ola biləcəksən?
- Düzdür, həddən artıq isti ölkədir. İnsanlar axşamlar çölə çıxır. İnşallah, məndə problem olmaz. Çünki 13-14 yaşımdan çöllərdəyəm, fərqli klublarda oynayıb, böyümüşəm. 4-5 ilim Qəbələ akademiyasında keçib. Evdən uzaq qalmağa öyrəşmişəm. Çox darıxan insan deyiləm. Nə qədər tez adaptasiya olsam, o qədər yaxşıdır.
 
- Küveyt klubunda əsas məqsədin nədir? Qarşına nə hədəf qoydun?
- Əsas məqsəd kluba xeyir verməkdir. Daha sonra isə yaxşı yerlərə getmək istəyirəm.
 
- Baş məşqçi ilə söhbətin baş tutub?
- Bəli, rəhbərlik və baş məşqçi ilə söhbət etmişəm. Gecə rəsmi müqavilə bağladım.
 
- Xaricə 24 yaşında yollandın. Daha əvvəl bunun üçün cəhd edirdin?
- 24 yaş böyük deyil. Əvvələr də şansım olsaydı, gedərdim.
 
- Küveytdə oynamaqla milli məşqçilərinin diqqətini çəkə bilərsən?
- Əlbəttə, millinin qapıları hər bir futbolçuya açıqdır.
 
Mehman

Xəbər xətti