Şifrəsi açılmayan “qara qutu” - QEYD

Çempionlar Liqasında APOEL-lə cavab oyunundakı uğursuzluqdan sonra “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirməli oldu. Pley-offdakı rəqib – Şimali İrlandiyanın “Linfild” klubu keçiləsi komandadır.

 

Heyətdə ciddi itkilər olsa da, “Qarabağ” Belfastadkı oyuna favorit qismində çıxmışdı. Komanda oyuna da yaxşı başladı, favorit olduğunu göstərdi. 16-cı dəqiqədə müdafiəçilərin – Rəşad Sadıqov, Maksim Medvedev və Faysal Rerrasın təşkil etdiyi hücumdan rəqibi məyus edən Ağdam klubunun böyük hesablı qələbə qazanacağı düşünülürdü.

 

 

Oyun bu tempdə gedirdi. Lakin bu dəfə də ağdamlılar böyük bəxtsizliklə üzləşdi. Əvəzində rəqibin təşkil etdiyi hücumlar qolla nəticələnirdi.

 

Həmişə olduğu kimi standart vəziyyətlər Azərbaycan futbolunun qorxulu yuxusudur. İllərdir ki, bu “qara qutu”nun şifrəsi tapılmır. İlk buraxılan qolda iki futbolçunun arasından sıçrayan Mark Stefford başla zərbə endirdi və hesabı bərabərləşdirdi.

 

Ardınca Vaqner da Silva çıxışda səhvə yol verdi. Bu dəfə Şeyn Leyveri baş işlətdi. Üçüncü qolda isə Abbas Hüseynov arxa xəttə gələn topla rəftar zamanı ciddi səhvə yol verdi, əks hücuma keçən “Linfild”in qoluna Şeyn imza atdı və dublunu rəsmiləşdirdi.

 

Image may contain: 3 people, people playing sports, stadium and outdoor

 

Bu mövsüm “Qarabağ” Avropa Kuboklarında yeddi qol buraxıb. Qurban Qurbanovun kollektivi “Dandolk”dan bir, APOEL və “Linfild”dən üç top buraxıb. Buraxılan qolların dördünü rəqiblər Vaqner da Silvanın qoruduğu qapıya başla vurub. Bu da standart vəziyyətlərdə komandanın çətinlik çəkdiyini göstərir. APOEL-lə ilk oyunda Merkisin başla vurduğu qol cavab matçında böyük önəm daşıdı. Həmin qol kiprlilərə böyük inam verdi və Bakıda uğur qazandılar. Hesab 2:0 bitsəydi, cavab görüşü bəlkə də, tam fərqli keçərdi.

 

Ancaq indi komanda Avropa Liqasındadır. “Qarabağ”ın “Linfild”i keçmək üçün təcrübəsi və rəqibdən daha səviyyəli heyəti var. Matçın son dəqiqələrində Xayme Romeronun fərdi ustalıqla qazandığı penaltini Maqaye Qeye sakit və ustalıqla qapıdan keçirdi.

 

Komanda məğlub olsa da, bu qolun sayəsində “Qarabağ” cavab görüşünə inamlı və təzyiq altında olmadan çıxacaq. Artıq futbolçular da “Linfild”ə daha yaxından bələddir. Bu komandanı keçmək və Avropa Liqasına düşmək lazımdır. “Qarabağ”ın bunu reallaşdıracağına isə hər kəs inanır.

 

 

“Qarabağ”a uğurlar qazandıran düzgün təşkil edilmiş sistem var və bununla komanda nəticə əldə edir. Buna baxmayaraq, bu mərhələni keçdikdən sonra qrup mərhələsində daha yaxşı iştirak etmək üçün komandanın güclənməsi lazımdır. Heyətdə iki cəzalı və eyni sayda zədəli futbolçunun olması ağdamlıların seçim imkanını məhdudlaşdırmışdı.

 

Rəqabətin az olduğu Azərbaycan çempionatında bu heyət “Qarabağ” üçün yetərli sayıla bilər, lakin Avropada bir-iki futbolçunun kənarda qalması komandaya təsir edir.

 

İndi cavab görüşünə hazırlaşmalı və “Linfild” səddini keçməyin yollarını düşünmək lazımdır. Səfərdə iki qol vuran komandanın evdə daha yaxşı oynayacağına inam var. “Qarabağ”ın qrup mərhələsinə düşməməsi isə böyük uğursuzluq olacaq.

 

Mehman

Tarix: 23 Avqust [14:14]
Müəllif: Mehman Əşrəfov
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio