Yurçeviçin siyahısı: milliyə dəvət alanların son durumu

09:00 - 28 Avqust 2019

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində sentyabrın altısında Uels, üç gün sonra Bakıda Xorvatiyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlandı.

 

Xorvatiyalı baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət yolladı.

 

“Səbail”in yarımmüdafiəçisi, uzun illər millidə çıxış etmiş Rahid Əmirquliyevə “qırmızı işıq” yandırılması diqqət çəkdi. Bundan əlavə, paytaxt təmsilçisinin müdafiəçisi Urfan Abbasov da kənarda qaldı.

 

Ötən mövsüm Azərbaycan pasportu almış “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev bu dəfə dəvət edilmədi. İsrailin I Divizion təmsilçisi “Makkabi” (Petah-Tikva) klubunda çıxış edən 29 yaşlı futbolçunun millini gücləndirəcək səviyyədə olmadığı görünürdü. Onun əvəzinə isə azərbaycanlı futbolçuların yığmaya dəvət alması daha yaxşı haldır.

 

İspaniya Sequndasında “Alkorkon”dan “Albasete”yə keçən İsrafilov cari mövsüm oynamayıb. Buna görə də onun yığmaya çağırılmaması anlaşılandır.

 

“Sabah”ın kapitanı Cavid İmamverdiyev də dəvət almayanlar sırasındadır.

 

Qapı mövqeyinə baxsaq, Səlahət Ağayev və Emil Balayevin yaxşı formada olduğunu görmək olar. Lakin alternativ elə də çox deyil. Yığmada ən çox keçirmiş futbolçulardan olan təcrübəli qapıçı Kamran Ağayevin klubsuz qaldığını qeyd edək.

 

“Keşlə”, “Sumqayıt” və “Qəbələ”nin heç bir üzvünə Yurçeviç dəvət yollamadı.

 

Milliyə dəvət almış futbolçuların son durumları necədir?

 

Səlahət Ağayev – 28 yaşlı əlcək sahibi üçün mövsüm Avropa Liqası ilə başladı. I və II təsnifat mərhələlərində “Sperantsa” və “Arsenal”la görüşlərdə qapısını toxunulmaz saxlayan Ağayev “Bney Yehuda” ilə matçlarda dörd qol buraxdı. Premyer Liqanın ilk iki turunda forma geyinən Səlahət hər oyun qapısında bir qol gördü. Ümumilikdə Səlahət bu mövsüm səkkiz rəsmi görüş keçirib və altı qol buraxıb.

 

Şahrudin Məhəmmədliyev – 25 yaşlı qapıçı “Qarabağ”ın heyətində Çempionlar Liqası və Avropa Liqasında şans qazanmadı. Məhəmmədəliyev Premyer Liqanın ilk iki turunda meydana çıxıb və qapısında qol görməyib.

 

Emil Balayev – Qazaxıstanda çempionat davam etdiyindən 25 yaşlı qapıçı ən yaxşı formadadır. Üstəlik, Balayev son 429 dəqiqədir ki, qapısını “qıfıllayıb”. Balayev Qazaxıstanda adından söz etdirməyə davam edir. Bu tempdə davam etsə, Emilin gələcəkdə daha iddialı çempionatlarda çıxış etmək şansı ola bilər.

 

Maksim Medvedev – “Qarabağ”ın 29 yaşlı müdafiəçisi mövsümə Avropa Kuboklarında başladı. Maksim Çempionlar Liqasında altı, Avropa Liqasında bir oyun keçirib. Təcrübəli futbolçu Premyer Liqada bir oyun meydana çıxıb.

 

Ömər Buludov – “Neftçi”nin 20 yaşlı müdafiəçisi Avropa Liqasında “ağ-qaralar”ın keçirdiyi altı oyunun hamısında meydanda olub. Gənc cinah futbolçusu Premyer Liqada bu mövsüm meydana çıxmayıb.

 

Rahil Məmmədov – “Qarabağ”ın mərkəz müdafiəçisi Bədavi Hüseynovun sıradan çıxmasından sonra əsas heyətdə oynamağa başladı. Rahil mövsümə Çempionlar Liqasında başladı. 23 yaşlı futbolçu ÇL-də altı oyun keçirib. Məmmədov Premyer Liqanın ilk iki turunda meydanda olub.

 

Anton Krivotsyuk – “Neftçi”nin Ukrayna əsilli futbolçusu mövsümə Avropa Liqasında start verdi. Gənc müdafiəçi Arvopa Liqasının III təsnifat mərhələsində “Bney Yehuda” ilə matçlarda müdafiədə etibarlı oyunu diqqət çəkmədi. 22 yaşlı müdafiəçi Premyer Liqanın ikinci turunda “Zirə” ilə səfər görüşündə rəqib hücumçu Soni Norde ilə mübarizəni uduzdu və hücumun davamını Cavid Hüseynov qolla tamamladı.

 

Pavel Paşayev – Ukraynanın “Aleksandriya” klubunda çıxış edən 31 yaşlı cinah müdafiəçisi bu mövsüm Premyer Liqada dörd oyun keçirib.

 

Şəhriyar Rəhimov – 30 yaşlı müdafiəçi “Səbail”in heyətində Avropa Liqasında iki oyun keçirib. Premyer Liqanın ilk iki turunda Rəhimov əvəzlənmədən oynayıb. Şəhriyar ikinci turda “Sumqayıt”ın qapısına qol vurub.

 

Təmkin Xəlilzadə - Ötən mövsümün sonlarında 26 yaşlı cinah futbolçusu “Sabah”ın əsas heyətindən kənarlaşdırılmışdı. Bu mövsüm kollektivə qayıdan futbolçu Premyer Liqanın ilk iki turunda meydana çıxıb.

 

Bəhlul Mustafazadə - 22 yaşlı mərkəz müdafiəçisi yayda “Qəbələ”ni “Sabah”a dəyişdi. Gənc futbolçu paytaxt təmsilçisinin heyətində Premyer Liqanın ilk iki turunda meydanda olub.

 

Qara Qarayev – “Qarabağ”ın yarımmüdafiəçi əvvəlki illərlə müqayisədə bu mövsüm Avropa Kuboklarında az şans qazandı. 26 yaşlı futbolçu Çempionlar Liqasında üç oyunda (99 dəqiqə) meydanda olub. Avropa Liqasında “Linfild”lə səfər görüşündə isə Qara 90 dəqiqə oynayıb. Yarımmüdafiəçi Premyer Liqanın ilk iki turunu meydanda əvəzlənmədən keçirib.

 

Riçard Almeyda – Milliləşən braziliyalı Çempionlar Liqasında “Qarabağ”ın heyətində altı oyunda meydana çıxıb. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın iki turunda meydana çıxmaq şansı qazanıb. Riçard “Qəbələ” ilə oyunda penaltidən qol vurub.

 

Emin Mahmudov – “Neftçi”nin əsas simalarından olan 27 yaşlı futbolçu milliyə dəvət alsa da, heç cür əsas heyət üzvünə çevrilmir. Baxmayaraq ki, onda müsbət oyun keyfiyyətləri var. Uzun illər millidə oynaması üçün qapısı döyülən futbolçuya çox şans verilmir. Ötən il Premyer Liqanın ən yaxşı oyunçusu seçilən Mahmudov yeni mövsüm Avropa Liqasında altı oyuna üç qol vurmağa müvəffəq olub. Emin Premyer Liqada iki oyun keçirib.

 

Dmitri Nazarov – Ötən mövsüm “Aue”də az oynadığı üçün daim narazılıq edən Dima üçün vəziyyət istədiyi yöndə dəyişib. Milləşdirilmiş futbolçu II Bundesliqada dörd, Almaniya kubokunda bir oyun keçirib. 29 yaşlı yarımmüdafiəçi çempionatda iki qol vurub.

 

Cavid Hüseynov – “Qəbələ”ni “Zirə”yə dəyişən 31 yaşlı futbolçu yenidən yığmaya dəvət aldı. Cavid Premyer Liqanın ilk iki turunda meydana çıxıb. “Qartallar”ın kapitanı “Neftçi” ilə qarşılaşmada komandasına qələbə gətirən qolun müəllifi oldu.

 

Rəşad Eyubov – “Sabah”ın yarımmüdafiəçisi Premyer Liqanın ilk iki turunda meydanda olub. 26 yaşlı futbolçu “Neftçi” səfər görüşündə bir qol vurub.

 

Araz Abdullayev – “Qarabağ”ın yarımmüdafiəçi bu mövsüm Çempionlar Liqasında beş oyun (106 dəqiqə) keçirib. 27 yaşlı futbolçu Premyer Liqanın ilk iki turunda meydana çıxıb.

 

Mahir Əmrəli – 22 yaşlı hücumçunun oyununda xeyli artım var. Mahir cari mövsüm “Qarabağ”ın heyətində Çempionlar Liqasında altı oyun keçirib və iki qol vurub. Avropa Liqasında “Linfild”lə cavab görüşündə bir neçə qol epizodu olsa da, bundan yararlana bilmədi. Forvard Premyer Liqanın ilk iki turunda (46 dəqiqə) meydanda olub.

 

Ramil Şeydayev – “Krılya Sovetov”dan Moskva “Dinamo”suna keçən 23 yaşlı forvard cari mövsüm Rusiya Premyer Liqasında altı oyun keçirib. Ramil son qarşılaşmada ehtiyatda qalıb. Şeydayev paytaxt klubunda qol hesabını açmadığı üçün Rusiya mətbuatında tənqid edilir. 

 

Rüfət Dadaşov – Almaniya III Bundesliqasında oynayan 27 yaşlı hücumçu cari mövsüm çempionatda altı oyun keçirib və bir qol vurub. Rüfət “Kayzerslautern”ə 3:2 hesabı ilə qalib gəldikləri oyunda fərlqənib. Dadaşov Azərbaycan millisinin heyətində son 11 oyunda qol vurmayıb. O, sonuncu dəfə 2014-cü ildə Şimali İrlandiya ilə görüşdə (2:0) fərqlənib.

 

Renat Dadaşov – Ötən mövsüm “Eştoril”də çıxış etmiş hücumçu 22 oyuna 4 qol vurmuşdu. Bu yay 20 yaşlı forvard İngiltərə Premyer Liqa təmsilçisi “Vulverhempton”a transfer oldu. Hazırda Portuqaliya Premyer Liqa təmsilçisi “Pasuş de Fereyra”da icarə əsasında çıxış edən Renat çempionatda bir oyun keçirib.

 

Ağabala Ramazanov – “Səbail”in hücumçusu mövsümə Avropa Liqasında başladı. “Universitatya Krayova” klubu ilə iki oyunda meydana çıxan 26 yaşlı futbolçu üç qol, bir assistlə yadda qaldı. Premyer Liqanın ilk iki turundan sonra iki qol vuran Ağabalanın mövsümə fırtına kimi başladığını söyləyə bilərik. Cari mövsüm beş qol vuran forvard milliyə dəvət alan futbolçular arasında ən yaxşı göstəriciyə malikdir.

 

Səlahət Ağayev – 720 dəqiqə - -6 qol
Şahrudin Məhəmmədəliyev – 180 dəqiqə - 0
Emil Balayev – 2471 dəqiqə - -14
Maksim Medvedev – 675 dəqiqə - 0
Ömər Buludov – 513 dəqiqə - 0
Rahil Məmmədov – 720 dəqiqə - 0
Anton Krivotsyuk – 720 dəqiqə - 0
Pavel Paşayev – 279 dəqiqə - 0
Şəhriyar Rəhimov – 354 dəqiqə - 1
Təmkin Xəlilzadə – 180 dəqiqə - 0
Bəhlul Mustafazadə - 180 dəqiqə - 0
Qara Qarayev – 279 dəqiqə - 0
Riçard Almeyda – 697 dəqiqə - 1
Emin Mahmudov – 690 – 3
Cavid Hüseynov – 151 dəqiqə - 1
Rəşad Eyubov – 147 dəqiqə - 1
Mahir Əmrəli – 559 dəqiqə - 2
Araz Abdullayev – 251 dəqiqə - 0
Ramil Şeydayev – 475 dəqiqə - 0
Rüfət Dadaşov – 382 dəqiqə - 1
Renat Dadaşov – 79 dəqiqə - 0
Ağabala Ramazanov – 345 dəqiqə - 5.

 

Mehman Əşrəfov

Xəbər xətti