Azərbaycanlı futbolçu "Skenderbeu" qələbəsindən danışdı: "Çətin oyun oldu"

12:55 - 2 Sentyabr 2019

Albaniya Super Liqasında çıxış edən Eltun Turabovun komandası “Biliş” 3-cü tur çərçivəsində səfərdə “Skenderbeu” üzərində 3:0 hesablı qələbə qazanıb. Sportal.az xəbər verir ki, 90 dəqiqə meydanda olan müdafiəçi oyunla bağlı fikirlərini bölüşüb:

 

“Albaniyanın köklü klublarından olan “Skenderbeu” ilk iki turda qələbə qazanmışdı. Əvvəldən də bilirdik ki, bizi ağır səfər görüşü gözləyir. Çətin oyun oldu, amma məşqçinin tapşırıqlarını düzgün yerinə yetirdik və səfərdə inamlı qələbə qazandıq.

 

Üçlü müdafiənin sağında oynadım. Əvvəlki oyunlarda fərqli düzülüşlə meydana çıxmışdıq, bu dəfə məşqçi məhz üçlü müdafiə ilə oynamaq qərarı verdi. Deyərdim ki, yaxşı alındı. Oyundan oyuna özümü daha rahat hiss eləməyə başlayıram, asta-asta buralara alışıram.

 

Albaniya Super Liqası asan çempionat deyil. Həm də hər zaman skautların diqqət mərkəzində olan liqadır. Buradan Avropanın aparıcı çempionatlarına gedən futbolçuların sayı çoxdur. Bu məqam gənc futbolçulara əlavə motivasiyadır. “Biliş”də də gənc oyunçuların sayı çoxdur. Hamı da özünü göstərməyə çalışır”.  

 

“Biliş” 3 turdan sonra 4 xalla 6-cı pillədə yer alıb. Eltun Turabov hər 3 qarşılaşmada meydana start heyətində çıxıb.    

Xəbər xətti