Yığmamızın baş məşqçisi 0:4 hesablı məğlubiyyəti şərh etdi: "Nəticə oyuna görə deyildi"

18:23 - 24 Aprel 2024

Azərbaycanın U-17 yığma komandasının baş məşqçisi İlham Yadullayev Sportal.az saytına açıqlama verib.

O, yığma komandamızın Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində ilk görüşdə ev sahiblərinə məğlubiyyətini şərh edib.

Yadullayevin fikrincə, 0:4 hesabı ilə məğlubiyyətimizin əsas səbəbi fərdi səhvlər olub: 

"Təəssüf ki, Belarusla görüşdə uduzduq. Buna görə çox təəssüflənirik. Böyük hesabla uduzmağımız bizim üçün daha da acıdır. Amma nəticə oyuna görə olmadı. Doğrudur, müdafiədə fərdi səhvlərimiz oldu. Yenə də standart vəziyyətlərdən qollar buraxdıq. Səhvlərimizi düzəltməyə çalışırıq, işləyirik. Belarus yaxşı, mobil komandadır. Sürətli hücumlar edirlər, irəlidə də pressinq etməyə üstünlük verirlər. Bizi də çətinliyə salan elə pressinq idi ki, bunun altından çıxa bilmirdik, top itkilərinə çox yol verdik. Qapımızda da qollar gördük. Amma ikinci hissə tamam başqa cür oldu. Dəyişikliklər etdik, çalışırdıq ki, müdafiədən düz çıxaq. Hücumlarımızı həyata keçirdik, hətta 2-3 qol epizodumuz var idi. Təəssüf ki, şanslarımızı reallaşdıra bilmədik. Amma dediyim kimi, işləməyə davam edirik. Vacib məsələ futbolçularımızın bu turnirdə təcrübə toplamasıdır".

Yığmamızın çalışdırıcısı inkişaf turnirinin səviyyəsinin yaxşı olduğunu bildirib: "Növbəti rəqiblərimiz Özbəkistan və Tacikistan yığmaları olacaq. Ümumilikdə turnirin səviyyəsi yaxşıdır. Keçmiş MDB ölkələrinin təmsilçiləridir. Nikaraqua yığması da gəlməli idi, amma sonda onları taciklər əvəzləyib. Qarşıdakı matçımız Özbəkistan, daha sonra Tacikistana qarşıdır. Bütün uşaqlara şans verərək, onların təcrübə toplamasına çalışırıq".

Mirbağırağa

Xəbər xətti