Kamal Quliyevdən sərt sözlər: "Rəhbərlikdən tutmuş məşqçilərə kimi dəyişilməlidir"

10:00 - 21 Noyabr 2019

Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev Sportal.az-a müsahibə verib.

 

- Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsini 1 xalla tamamladı. Fikirləriniz necədir?
- Çox bərbad! Qrupda 1 xal toplamaq acınacaqlıdır. Maraqlısı budur ki, millinin baş məşqçisi Nikola Yurçeviç utanmaz-utanmaz müqaviləsinin bitmədiyini deyir. Bu məsələ heç Yurçeviçlik də deyil. Onu bura gətirən insanlardan soruşmaq lazımdır. Yurçeviç heç bilmir nə danışır. Onun yerində olsaydım, istefa ərizəsini yazardım. Çünki milliyə heç bir faydası olmadı. Çox təəssüflənirəm! Hələ U-21 millisinin baş məşqçisi Milan Obradoviç... Onun kimi insanları şərəfsiz adlandırıram. Çörəyimizi yeyir, 20 min avro maaş alır, amma hörmətsizlik edir. Jurnalist deyir ki, Lixtenşteyn kimi ölkəyə 3-4 qol vurmaq olardı. O da deyir ki, Azərbaycan nə vaxt 3-4 top vurub? Biz yerli məşqçilər bacarmırıq deyə, səni kimi avaralara o pulu verirlər ki, bunu bacarsın. Sizi buna görə gətiriblər. Elə öz məşqçilərimiz də bunu bacarar. Sizi bura nə üçün gətiriblər? Millidə oyun planı yoxdur. Rəqibin planına uyğun sistem qururlar. Yığmanın oyun tərzi olmalıdır. Bu nə savadsızlıqdır? 
 
- Yığma komanda 1 xal qazanmaqla tarixinin ən zəif göstəricisini təkrarladı.
- Bəli, biabırçılıqdır. 1996-cı ildəki şəraitlə indikini xahiş edirəm, müqayisə etməsinlər. O vaxt Slovakiya, Macarıstan, Xorvatiya və Uels olduqca güclü idi. Futbolçular indikindən daha güclü çıxış edirdi. Bizim şəraitimiz yox idi. İndi baxın, bir futbolçumuzun gözündə alov yoxdur. Qapımıza qol vurulur, əllərini bellərinə qoyub, seyr edirlər. Başım çıxmır, oyundan sonra da müsahibələrində deyirlər ki, ilk hissəni yaxşı keçirdik, fasilədən sonra alınmadı və ya əksinə. Onların açıqlamalarını oxuyanda şoka düşürəm, ilahi, mən başqa futbola baxmışam? Bəlkə, İspaniya millisini izləmişəm, bilmirəm. Çox maraqlıdır. Yurçeviçin millidə qalmağının xeyri yoxdur. O da deyir ki getmirəm. Onu bura gətirən insanlar göndərməlidir.
 
- Nikola Yurçeviçlə Milan Obradoviç milli komandalarda uğursuz oldu. Onların yerinə yerli mütəxəssislə olsaydı, daha münasib olmazdı?
- Onların faydası yoxdur. Bunu niyə qəbul etmirik? Bizə öz mütəxəssisimiz lazımdır. Bizim ölkə xaricində futbolçumuz yoxdur, hamısı yerli çempionatda çıxış edir. Obradoviçin harınlamağına baxın, deyir, siz nə vaxt 3-5 qolla qalib gəlmisiz ki. Səni ona görə gətirmişik də, ay Obradoviç! Aya 50 min manat maaş alırsan, hansı azərbaycanlı məşqçi səndən əskikdir?
 
- Etiraz dalğası çoxalır. Hamı AFFA-dan narazıdır və düşünürlər ki, federasiya rəhbərliyi getməlidir.
- İşin başında futbolu bilən adam olmalıdır. Rövnəq Abdullayevin burda olması müsbət haldır, amma iş adamıdır, böyük şirkətə rəhbərlik edir. Daim səfərlərdə, işgüzar görüşlərdə olur. AFFA-nı yəqin ki, kiməsə həvalə edib. İndi onun əvəzinə kimlər rəhbərlik edirsə, çıxıb cavab versinlər. Açıqlama verməlidirlər hər şey barədə. Yalandan nə qədər demək olar ki, futbolumuz inkişaf edir. İldən-ilə geri gedirik, çempionatımızın səviyyəsi aşağıdır. Niyə yalan danışırıq? Özümüzü niyə aldadırıq axı? Ən zəif 3-4 ölkə ilə bir gücdəyiq artıq. Əsas problem idarəçilikdədir. Bu gün “Qarabağ” klubunun uğurlarının səbəbi idarəetmənin düzgün təşkilindədir. Məşqçi sərbəstdir, rəhbərlik müdaxilə etmir. Ortaya iş qoyurlar.
 
- Çıxış yolu nədir?
- Futbol adamları da susur, danışmır. Şəffaflıq olmalıdır. Tək insanın fikirləri ilə futbolumuz idarə edilməməlidir. Bu gün İtaliyada, Xorvatiyada, Serbiyada gördükləri sistemi futbolumuzda reallaşdırmaq istəyirlər. Onlar illərlə işləyib, bu yerlərə gəlib çıxıblar, 1-2 ilə yox. Hamı proqram hazırlamalı, inkişaf yolu üçün can atmalıdır. Almaniyada da belə olmuşdu. Elan verdilər, hər kəs inkişaf proqramı hazırladı. Bu yöndə işləsək, nəsə edə bilərik. Bir nəfərin dediyi olmamalıdır. Bu gün millilərdəki məşqçilər “karusel” kimi fırlanır. Belə iş olmaz. Rəhbərlikdən tutmuş məşqçilərə kimi dəyişilməlidir. Addım-addım irəli getməliyik. Kimsə yerindən tutub durmamalıdır. Demirik ki, futbolun inkişafı üçün çalışaq? İnkişaf yolu da budur.
 
- Futbol veteranları AFFA-nı təqnid edəndə iş istədikləri üçün fikir bildirdikləri deyilir. Sizin inkişaf proqramınız var?
- Bunu hamıya şamil etmək olmaz. Hamı bir-birini tanıyır. Həqiqətən də işləmək istəyəni bilirlər. Kamal Quliyev sözü açıq dediyi üçün bu gün işləmir. Söylədiklərim çoxuna sərf etmir, burda başqa məsələ yoxdur. Mən Milan Obradoviçdən əskik oğlanam? Mən millini götürüm, ondan yaxşı nəticə göstərməsəm, nə deyirsiniz, deyin. Bütün karyerama xətt çəkib, bu ölkədən gedərəm, ağzıma söz almaram. Obradoviçdən yaxşı nəticə göstərməsəm, millidə futbol adına nəsə görməsəniz, dedikləriniz haqqım olsun. Obradoviçə, Yurçeviçə və digər əcnəbilərə bu postu vermək olmaz axı! Biz də futbolda canımızı qoymuşuq! Yunis Hüseynov, Vidadi Rzayev və digər onlarla ölkə futboluna can qoyan veteran niyə işsiz qalmalıdır? Çünki dediklərinizlə oturub-durmurlar? Məni hansısa verilişə getməyə qoymurlar, çünki deyirlər ki, sərt tənqid edir. Səhv danışmıram axı. Düz söz adamı incidir. Mən kiməsə baş əymirəm. Bəli mənim də məşqçi sistemim, inkişaf planım var. Bunu təqdim etməyə hazıram. Lakin kimsə mənə demir axı gətir, baxaq. Mən kiminsə tapşırıqlarını da yerinə yetirməyəcəm. Öz sistemimə uyğun futbolçuları götürəcəm. İş xətrinə kiminsə təhqirlərinə açıq olası deyilik, hə, söy bizi, təki iş olsun. Federasiyada 300-dən çox işçi var. Məşqçilər şuarsını çıxaq, görün, veteran futbolçu var? Hər sahədə işini bilən insan olmalıdır. Acı da olsa, həqiqət budur.
 
- U-17 və U-19 milliləri də uğursuz çıxış edir. Gənc futbolçular indidən məğlubiyyətə öyrəşib.
- Niyə Tovuz, Mingəçevir, Gəncə, Lənkəran, İmişli və digər bölgələr futbolsuz qalıb? Eddi İsrafilova, Renat Dadaşova milyonlar vermək əvəzinə, bölgələrdəki azərbaycanlı balalara xərcləyib, onları milliyə qazandıra bilərdik. Bunu edə bilərlər, amma etmirlər. Eddi Silvestr Paskual lazımdır milliyə? Bizə Azərbaycan futbolu və bu vətənin övladları lazımdır! Onları tapmalı və qazanmalıyıq. Bakı çempionatı gedir. Yarışı gücləndirmək lazımdır, rəqabət yoxdur. Bildiyim budur. Bəlkə də səhv deyirəm, nəbilim. Kimsə etiraz edirsə, gəlsin, geniş şəkildə açıqlama verim.
 
- Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymanov bir qrup futbol veteranı adından AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Siz Nazim Süleymanovu dəstəkləyirsiz, yoxsa bəzi veteranlar kimi onun düzgün etmədiyini fikirləşirsiniz?
- Düzgünlüyün tərəfindəyəm. Kim haqlıdırsa, yanındayam. Fərqi yoxdur, Nazim Süleymanov olsun, ya da başqası. Yalan və qondarma planların, işləmək üçün min oyundan çıxanların yanında deyiləm. Berti Foqtsa 10 il vaxt veririlər. İşləmək üçün alışıb-yanan məşqçilərə heç olmasa, 1 il vaxt verin, görün nəyə qadirdilər. Görün, Kamal, Vidadi və Yunis Obradoviçlə Yurçeviçdən hansı əlamətlərə görə fərqlənir. Niyə ildə 2-3 məşqçini xaricə seminarlara yollamırlar? Bunun üçün maliyyə və şərait var. Yoxsa 70 yaşlı ahıl kişini göndərirlər seminara. O, bu yaşdan sonra futbola hansı fayda verəcək? Gənc mütəxəssisi kənarda qoyurlar amma. Absurd qərarlar çoxdur. Düzgün danışdığım üçün məni sevmirlər, yaxın buraxmırlar, işləməyə qoymurlar. Bunu da normal qəbul edirəm. Nə vaxta qədər özbaşnalıq davam edəcək? Bunun da sonu gələcək. Milli komanda yoxdur. Olsa, 1 xalımız olmaz. Milli komanda olsa, meydanda vuruşarıq, eybi yoxdur, uduzaq. Oyun planımız da yoxdur, olsaydı, rəqibi seyr etməzdik. Normal oynayıb uduzsaq, daha sonra analiz edərik. Ümumiyyətlə, bu gün Azərbaycan futbolunda heç bir məşqçi, mütəxəssis analizdən danışmasın, fikir bildirənləri biabır edərəm. Qurban Qurbanovu çıxmaqla heç bir məşqçinin analizdən danışmağa haqqı yoxdur. Çünki Azərbaycan futbolunda analiz deyilən bir şey yoxdur. Heç milli səviyyəsində də yoxdur. Görək, bu işlərin axırı hara gedir. Dövlət başçımız idmana böyük qayğı göstərir, maliyyə ayırır. Yəqin ki, bu insanlar prezidentin qarşısında cavab verəcək. Bir gün sorğu-suala çəkilərlər. TV-də, mətbuatda yalandan futbolu inkişaf etdirdiklərini deyirlər. Prezidenti də aldadırlar. Sənin futbolun necə inkişaf edib axı? Biz koruq? Bəlkə, şüursuzuq, ağlımız yoxdur? Baş açmaq olmur. Bir gün bunlar da cəzalarını çəkər.
 
- Fikirləşirsiniz ki, millinin 1 xal toplamasında günahkar Yurçeviç deyil, rəhbərlikdir?
- Xeyr, Yurçeviçin nə günahı var? Günahkar onu bura gətirənlərdir. Yurçeviç deyir hər şey əladır, aya da 50 min avro qazanır, niyə narazı olsun? Maraqlıdır ki, onu gətirənlər açıqlama vermir. Biz Yurçeviçi niyə gətirdik? Məqsəd nə idi? Niyə açıqlamırlar ki, bu adam bizə nə verdi. Hansı yaxşı oyundan danışaq? Hansı planlı işlərdən söz açaq? Bu işə əncam çəkilsin. Dövlət səviyyəsində Azərbaycan futbolu başdan-ayağa yoxlanılmalıdır. Bu insanlar cavab verməldir. Xərclənən pulların hesabatı tələb edilsin. Milyonlar dövr etdi, bir futbolçu yetişdirdik? Xaricə futbolçu yollayıb, maaşını burdan verməyi nəzərdə tutsalar, bunu hara qeyd edək? Bu insanlar elə bilir ki, bizim başımız heç nədən çıxmır, ən düzgün özləridir. Zənn edirlər ki gördükləri işlərin üstü açılmayacaq. Hər şeyin zamanı var. Namərd və haram işlər bir gün ortaya çıxacaq, nəsə gizli qalmayacaq.
 
- Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymanov ölkə prezidentinin qəbuluna getməyə qərar versə, ona qoşularsız?
- Öndə gedən olaram. Əgər dövlət başçısının qəbuluna düşsək, Nazim Süleymanovdan qabaqda gedərəm. Hər şeyi danışaram. Necə burda açıqlayıram, orda da bu fikirləri daha geniş deyərəm. İzah verin, Obradoviçin azərbaycanlı məşqçilərdən üstünlüyü nədir? O, xalqımın ayda 20-30 min avrosunu oğurlayır. Bunun əvəzini vermir, bizi lağa qoyur, deyir ki, siz nə vaxt 3:0 hesablı qələbə qazanmısız? Bu, mənə pis təsir etdi. Amma onu bura gətirənlərin vecinə deyil. Onların gözünü pul örtüb, necə təsir etsin? Lakin mənə təsir edib, çünki ölkə futboluna canımı qoymuş adamlardan biriyəm. Niyə biz azərbaycanlılar kənardayıq? Bəlkə, layiqsiz futbolçu olmuşam? Xalqımı Ukraynada pis təmsil etməmişəm. Mənim ardımdan bir ordu futbolçu Ukraynaya getdi. Əgər pis oynasaydım, kimisə dəvət etməzdilər. Neçə adamı mən aparmışam. Futbola pis xidmətim varsa, desinlər. Layiq olmayanlar bu gün federasiyada çalışırlar. Özü də 3-4 yerdə çalışırlar, gözləri də doymur. Maraqlıdır, 3-4 işi necə sevirlər, necə çatdırırlar? Ona görə bu vəziyyətdəyik!
 
Mehman Əşrəfov

Xəbər xətti