"Zirə"nin problemləri həll olacaq? - QEYD

13:17 - 4 Mart 2020

Qış transfer dönəmində ən fəal klublardan biri “Zirə” oldu. Davit Volkov, Ağabala Ramazanov, Ali Sesay, Corc Anton kimi futbolçuların gəlişi komandanın daha da iddialı olacağından xəbər verirdi.

 

Mövsümün 2-ci yarısına qələbə başlayan qəsəbə təmsilçisi daha sonra ardıcıl 4 məğlubiyyət aldı. Ağabala Ramazanov, Cavid Hüseynov, İlkin Muradovun qırmızı vərəqə almaları, Riçard Qadzenin 1 oyunda cəzalı duruma düşməsi komandanın nəticələrinə ciddi təsir etdi.

 

Bununla yanaşı, komandanın müdafiə xəttində ciddi boşluqlar var. Xüsusilə də “qartallar”ın bu mövsüm əsas qapıçısının kim olduğu məlum deyil. Boyan Zoqoviçlə Orxan Sadıqlı növbəli şəkildə “çərçivə”də dururlar.

 

Komanda son 4 oyunda qapısından 14 top buraxıb. Bu mənfi göstəriciyə görə qəsəbə klubu azad agent statusu daşıyan Emil Balayevi rənglərinə bağladı. Balayevin gəlişi ilə “çərçivə” problemi həllini tapa bilər.

 

Bu transferin tərəflər üçün faydalı olacağını ehtimal etmək olar. Avropaya yollanmaq arzusu olan Emil formada qalmaq üçün doğru qərar verdi. “Qartallar” isə avrokuboklar arzusunu reallaşdırmaq üçün qapı mövqeyindəki problemi həll etmiş oldu.

 

Mehman Əşrəfov

Xəbər xətti