Maksim Medvedev: “Belə meydanda 2 dəfə çox güc sərf edirik” - MÜSAHİBƏ

20:55 - 8 Mart 2020

Premyer Liqanın 20-ci turunda səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gələn "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu oyunu şərh edib:
 
- Üstün oynasaq da, komanda çox güc sərf edib. Süni örtüklü meydanda oynamaq bizim üçün problemdir. Belə meydanda 2 dəfə çox güc sərf edirik. Ancaq yenə də mübarizə aparırdıq. Hücumlar etdik, 2 yaşı qol vurduq. Qalib gəlmək istəyirdik və bunu bacardıq. Yolumuza davam etməliyik.
 
- “Neftçi”ni 8 xal qabaqlayırsınız. Sona 8 tur qalmış komandada çempionluq ab-havası hiss edilir?
- Qətiyyən! Hər oyuna fərqli sistemlə hazırlaşırıq. Fərqli məşqlər keçirik. Azəndan fərqi qorumalıyıq. Yalnız özümüzü düşünməliyik. Hər oyunda qalib gəlməliyik. Demək istədiyim odur ki, hər şey öz əlimizdədir.
 
- İkinci hissədə mövqeyini dəyişdin. Bu, nəyə görə baş verdi?
- Bunu baş məşqçidən soruşasanız, daha yaxşı olardı. Son oyunların axırıncı dəqiqələrində cinahımı dəyişirəm. Ola bilsin ki, baş məşqçinin dəyişiklik fikirləri var.
 
- Sol cinahda özünü necə hiss edirsən?
- Sola keçəndə məndən irəli getməyi tələb etmirlər. Bu baş verəndə üçlü müdafiə ilə oynayırıq. Oyunlarda belə sistem dəyişiklikləri olur.
 
- Milli komandanın yeni baş məşqçisi məlum deyil. Yeni çalışdırıcının yerli, yoxsa əcnəbi olmağını istəyirsən?
- Bu mövzuda danışmaq mənə doğru olmaz. Futbolçuyam, meydana çıxıb, işimi görəcəm. Sabah yerli və ya əcnəbi məşqçi gəlsə, hörmətlə yanaşıb, məşqlərimizi edəcəyik, oyunlara çıxacağıq.
 
- Rəşad Sadıqovun da adı milli ilə hallanır. Onun yığmanı çalışdıracağı sənə inandırıcı gəlir?
- Rəşad hələ futbolçudur, komanda yoldaşımdır. Onunla münasibətim yaxşıdır. Nəsə demək istəmirəm. Çox şey danışırlar. Ancaq bunlar yalnız müzakirələrdir. Reallıq olsa, fikir bildirmək olar.
 
- Millətlər Liqasında Azərbaycan yığması Kipr, Lüksemburq və Monteneqro ilə bir qrupa düşdü. Püşklə bağlı nə deyəcəksən?
- Yaxşı rəqiblər düşdü. Çətin oyunlar gözləyir. Biri deyir, zəif qrupdur, digəri ötən turnirdəki qrupun yaxşı olduğunu söyləyir. İndi ancaq danışmaq olar. Qarşılaşmalardan sonra biləcəyik ki, rəqiblər hansı gücdədir.

Xəbər xətti