“NEFTÇİ”nin AİJF-si...

15:04 - 7 May 2020

Yeni yaranmış Azərbaycan İdman Jurnalistləri Federasiyasının Sportinfo.az haqda verdiyi birtərəfli və qeyri-adekvat bəyanat ölkəmizin tanınmış idman jurnalistləri tərəfindən haqlı narazılıqla qarşılanıb.

 

Onlar AİJF İH-nin əksər üzvlərinin rəhbərlik etdiyi saytların “Neftçi” və AFFA rəhbərliyi tərəfindən maliyyələşməsinə diqqət çəkərək adıçəkilən təşkilatların sifarişini yerinə yetirməkdə qınayıblar.

 

AİJF-nin bir çox üzvlərinin “Neftçi”dən və AFFA-dan rəsmi müqavilələrlə reklam almasının bu bəyanatda da öz əksini tapdığını və belə şəraitdə AİJF-nin obyektiv qərarlar qəbul etməsinin mümkünsüzlüyü ifadə edilib.

 

"Facebook" sosial şəbəkəsində gedən bu müzakirədən bəzi hissələri ixtisarla təqdim edirik.

 

İlkin Fikrətoğlu (ATV İdman Departamentinin rəhbəri və Sportinfo.az saytının redaktoru): "AİJF-nin üzvü olmayan sayta və jurnalistə heç bir təsir rıçaqı olmadığı halda, belə yersiz bəyanata ehtiyac yox idi. Madam ki, adını tövsiyə qoyublar, tövsiyəni elə dost kimi üzbəüz də deyə bilərdilər. Əgər bir təşkilatın İdarə Heyətinin bir neçə üzvü "Neftçi"dən reklam alırsa, təbii ki," Neftçi"nin də çaldığı havaya oynayacaqlar. “Neftçi”nin Sportinfo.az-ın rəhbəri İlkin Vaqifoğlu ilə olan söhbətləri, təəssüf ki, nə idmana, nə jurnalistikaya aiddir. Ona görə, gərək üzümüzü başqa tərəfə tutaq. İndi "Neftçi"nin AİJF-si var, şikayət edir, İlkin Vaqifoğlu "Neftçi" ilə arasında olanları kimə açıqlasın? Vallah, bunların məntiqindən baş açmadım. Sabah "Azərbaycan futboluna ictimai nəzarət şurası" adlı QHT yaratsam və "Şahdağ"ın şikayəti əsasında bəyanat verib AFFA-nı hədələsəm, görəsən, adama nə deyərlər? 1937-ci ilin “NKVD-si” kimi davranmaq lazım deyil, o səs verənlərin çoxunun əskisi İlkin Vaqifogludan və ya Sportinfo.az-dan tüstülüdür. Mənə məntiqi izah edin: sabah Əli, Vəli, Pirvəlini yığıb təşkilat yaradıram və məsələn, Hacıqabul komandasının şikayəti əsasında bizim təşkilata heç bir aidiyyatı olmayan hansısa portal haqda bəyanat veririk, adama deməzlər ki, get tullan?! Söyüş və təhqir yazan N qədər sayt var idman mediasında. AİJFnin bu qərarı isə, onsuz da nəyisə həll etmir, sadəcə, tanımadıqlarımızı da tanıdıq"..

 

Natiq Muxtarlı (“Kaspi” qəzetinin redaktoru, Sportinfo.az saytının yazarı): "Elə bil özlərini 37-ci ilin “NKVD” əməkdaşları hesab edirlər. Siz kimsiniz ki, yazıda təhqir olduğunu müəyyənləşdirəsiniz?! Əgər hansısa klub təhqir olunduğunu düşünürsə, hüquqi dövlətdə yaşayırıq, canı cıxsın məhkəməyə müraciət etsin. Sadəcə, həmin klublar bunlara pul verdikləri üçün məcburdular ki, özlərini belə biabır etsinlər. Qarın hər şeydən irəlidir... Jurnalistikaya ləkə olanlar. Rəsmən etiraf edirlər ki, bizim adımız zurnalistdir. Görəsən, nə yeyib, nə içirlər ki, belə ola bilirlər? İlahi, qüdrətinə şəkk etmirəm, yaradıbsan də".

 

Saleh Arslan (Korner.az saytının rəhbəri): "Bu lap Çingiz Abdullayevin "PEN-klub" söhbətinə oxşadı. Çoxmilyonlu tirajlı yazıçımız demişdi ki, "International PEN-klub" mənə təzyiq edir ki, jurnalist ölümünə görə Azərbaycan klublarını avrokuboklardan uzaqlaşdırmaya dair petisiyaya imza at, mən də atmadım". Sonra araşdırdıq, məlum oldu ki, bunun təşkilatı AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş adi Qeyri Hökümət Təşkilatıdır və "International PEN-klub"a nəinki üzv deyil, heç zati-möhtərəmi orda tanımırlar. İndi, üzvü olmadığım təşkilat, əskisi qapqara adamları da yuxarı başda oturtmuş sıradan bir QHT, mənə hansı hüquqla, nəyə əsaslanaraq tövsiyə, bəyanat verə bilər? Heç kəsin, heç bir ictimai birliyin başqaları, xüsusilə də jurnalistlərlə hədə-qorxu ritorikası ilə danışmaq haqqı yoxdur. Və heç bir ictimai birliyin hər hansı klub qarşısında şərt qoymaq hüququ da yoxdur. Və hər iki halda həddini aşanlara ilkin mərhələdə veriləcək ən mədəni cavabımız "get işinlə məşğul ol"dur. Sonrakı mərhələdə nə deyiləcəyi də məlumdur, məncə... O ki qaldı arada "ayı xidməti" göstərənlərə, meşşanlıq edənlərə, qardaşım, peşələri qədimdən qalıb, qədimi olanları sevmək və yenə də sevmək lazımdır".

 

Kamran Hacı (Allsport.az saytının rəhbəri): "Bunu bir də diqqətlə oxuyub, Kaspiysk (2008) rəzalətini xatırladım. Yazda üzdəniraqın birisi Azərbaycan Güləş Federasiyasında bir rəhbər şəxslə aramı vurmuşdu. Dünya Güləş Birliyində rəsmən qeydiyyatdan keçib, AÇ-ya yollandım. Orda həmin şəxsə tərəf olan jurnalistlər ona xoş gəlsin deyə, canfəşanlıqla mənə hücum çəkdilər və media zonada işimə mane oldular. Bəziləri bir qarın yeməyə görə hətta ayırmadılar. Adam reklam alanda nə olar? Gərək həmkarına basqın edəsən? Qoy, özləri həll etsinlər. Sabah tərəflər barışanda nə olacaq? Axı sən pis durumda qalacaqsan".

 

Vüqar Zeynalov (Azerisport.com saytının rəhbəri): "Şəxsən mənim saytım da “Neftçi”dən reklam alır, amma heç bir hava ilə oynayan yoxdur. Bəyanata bir nəfər də etiraz edən olmayıb. “Sənin reklam aldığın klubun maraqlarını qorumağın anlaşılandır” deyirsiz. Xeyr, elə deyil. Mən AİJF-də “azerisport“u yox, özümü təmsil edirəm. Qərarı isə bir nəfər yox, AİJF İH səs çoxluğu ilə verir".. (sportinfo.az)

 

P.S. Qeyd edək ki, Vüqar Zeynalov AİJF İdarə Heyətində təmsil olunan və “Neftçi”dən reklam alan yeganə sayt rəhbəri deyil. “Neftçi” və AFFA-nın rəsmi müqavilələr əsasında hər ay maddi dəstək verdiyi bir çox saytların və qəzetin rəhbərləri AİJF İdarə Heyətində təmsil olunur. AİJF-nin idarə heyətinin üzvlərindən biri isə Sportinfo.az-ın hər zaman obyektiv tənqid etdiyi AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin hörmətli müdiridir.

Xəbər xətti