Pro(stoy) məşqçilər - İlqar Tağıyevin yazısı

23:02 - 17 Avqust 2020

Maraqsız futbolumuzda hərdən elə qeyri-adi, gözlənilməz hadisələr baş verir ki... Məsələn, ötən həftə "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun istefaya göndərilməsi.

 

"Keşlə" rəhbərliyi baş məşqçinin müqavilə müddətinin başa çatmasını əsas gətirsə də, sirr deyil ki, səbəb başqa idi. Təfərrüatından xəbərdar deyilik. Amma güman ki, rəhbərliklə baş məşqçi arasında narazılıq(lar) olub və nəticəsi hamıya bəllidi. Əks təqdirdə normal klub çempionatın və Avroliqa oyununun başlamasına bir neçə gün qalmış, özü də təlim-məşq toplanışından sonra müqavilə müddətinin başa çatmasını əldə rəhbər tutaraq bu addımı atmazdı.

 

Tərlan Əhmədov futbolçu kimi futbolumuzda ad qoyanlardandı. Yığmada 75 oyun keçirib. Bu göstərici ilə Mahmud Qurbanovla 4-5-ci yerləri bölüşdürür. Uzun müddət millinin kapitanı olub, yaxşı-pis legioner həyatı yaşayıb. T.Əhmədov SSRİ dövründə gənclər arasında Avropa çempionu adını qazanıb.

 

 

Azərbaycanda yaxın bir neçə onillikdə onun bu uğurunu kiminsə təkrarlayacağı inandırıcı deyil. Maraqlıdır ki, futbolçu kimi heç vaxt Azərbaycan çempionu ola bilməyən Tərlan Əhmədov 2011-13-cü illər aralığında məşqçi kimi "Neftçi"də 3 dəfə birinciliyin qızıl medallarına layiq görülüb. Amma köməkçi məşqçi kimi. 2017/18-ci illər mövsümündə "Neftçi"yə baş məşqçi kimi təyin olunan T.Əhmədovun komandası 3-cü olub. "Neftçi" üçün bürünc medallar uğursuzluq sayılsa da, son çempionatda "Keşlə" ilə qazanılan üçüncülük böyük nailiyyətdi. Qısası, Tərlan Əhmədovun həm futbolçu, həm də məşqçi kimi Azərbaycanda özünə görə çəkisi var. Onun "Keşlə"dən gedişi hər iki tərəfin ziyanına olacaq. İstefadan söz düşmüşkən, bu, çempionat başlamamış reallaşan sayca 3-cü yerli məşqçi istefası idi.

 

 

Tərlan Əhmədova kimi "Zirə" Zaur Həşimov, "Qəbələ" isə Azər Bağırovla yollarını ayırmışdı. “Zirə” Zaur Həşimovun baş məşqçi kimi ilk iş yeri idisə, Azər Bağırovu bu sahədə təcrübəli birisi hesab etmək olar. Bir müddət MOİK, “Qaradağ-Lökbatan”da çalışan gənc mütəxəəssisin “Qəbələ”yə kimi son iş yeri “Turan Tovuz” idi. Onun Tovuz təmsilçisinin son mövsüm 1-ci Divizionun qalibi olmasında əməyi danılmazdı. Çempionata başlamamış göndərilən hər üç məşqçi Pro kateqoriyalıdı. Yəni... İşsiz Pro kateqoriyalı məşqçilərimizdən bəhs edəcəyik.

 

Məşqçilik kənardan göründüyündən də çətin peşədir. Peşəkar məşqçi güclü psixoloq, analitik olmalıdı. Futbolçularla və rəhbərliklə ümumi dil tapmaq, azarkeşlərin sevgisini qazanmaq və s. vacib amillər də yaxşı məşqçi üçün lazım olan xüsusiyyətlərdəndi. Ən əsası məşqçi savadlı olmalıdı və bu savad onun kateqoriyası ilə ölçülür. 4 məşqçilik kateqoriyası var - C, B, A və Pro. Pro kateqoriyalı məşqçini bütün sürücülük kateqoriyalarına sahib sürücü ilə müqayisə etmək olar. Bəs, bizdə belə "sürücülər" nə qədərdi və onlardan neçəsi "sükansız" qalıb?

 

AFFA-nın saytında məşqçilərlə bağlı bölümdə Pro kateqoriyalı 4-ü əcnəbi olmaqla 32 məşqçinin adı yerləşdirilib. 28 məşqçinin təxminən yarısı hazırda bekar deyil. Məsələn, Qurban Qurbanovla Elçin Rəhmanov "Qarabağ"da, Rəşad Sadıqov "Zirə"də, Ayxan Abbasov "Sumqayıt"da, Aftandil Hacıyev "Səbail"də, Yaşar Vahabzadə "Kəpəz"də çalışır. Arif Əsədov əsas, Samir Əliyev U-19, Elxan Abdullayev U-18 millisində, Siyasət Əsgərov qadınlardan ibarət yığmadadı. Bunlardan başqa, Şahin Diniyev Məşqçilər Komitəsində, Aslan Kərimov, Vəli Qasımov AFFA-da işləyir. Dünənə qədər AFFA-da işləyən Yunis Hüseynov isə son anda "Keşlə"nin baş məşqçisi təyin olundu. Amma işsiz qalan və ya layiq olduğu yerdə olmayan "Pro"larımız da az deyil.

 

İstefaya göndərilən 3 məşqçinin adını çəkdik. Yaxın gələcəkdə çətin ki, bu "trio" özünə təzə iş yeri tapsın. Səbəbsə sadədir. Ölkədə normal klublarımızın sayı cəmi 8-dir. Başqa sözlə, işçi kvotası məhduddur. AFFA ilin əvvəlində Premyer Liqa təmsilçilərinin sayını 10-a yüksəltməyi nəzərdə tuturdu. Amma pandemiya imkan vermədi. Dəqiq olan budur ki, bu mövsüm də çempionatda 8 komanda iştirak edəcək. Deməli, iş yerlərinin sayı artmayacaq. Deməli, Pro kateqoriyalı məşqçilərimiz yenə bekar qalacaqlar. Və ya hansısa yerin boşalmasını gözləyəcəklər. Tərlan Əhmədovla, Zaur Həşimovla, Azər Bağırovla yanaşı, bekar qalmağı haqq etməyən, həmçinin, layiq olmadığı yerlərdə işləyən "Pro"larımızın bir neçəsini yada salaq.

 

 

Başlayaq müstəqillik dövründə ölkəmizin ən yaxşı futbolçularından olan Nazim Süleymanovdan. 2002-ci ildə "Jemçujina"da (Soçi) məşqçiliyə başlayan "Sulya" müxtəlif vaxtlarda "Xəzər Lənkəran", "Olimpik-Şüvəlan", "Neftçi", "Sumqayıt", Azərbaycan millisində çalışıb. Hər hansı uğur qazanmayıb. Üstəlik, bir müddət əvvəl yaradılan AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqına sədrlik edən N.Süleymanov AFFA ilə münasibətləri korlayıb ki, bu da onun hələ uzun müddət işsiz qalacağından xəbər verir.

 

 

Nazim Süleymanovdan fərqli olaraq qısa məşqçilik karyerası ərzində özündən söz etdirən Adil Şükürov da işsiz "Pro"lardandı. "Zirə"nin ilk ilində komandaya gümüş medallar qazandıran A.Şükürov həm ötən ilə kimi çalışdırdığı “Şüvəlan”da, həm də “Zirə”nin Futbol  Akademiyasında rəhbər kimi özünü sübut edə bilib. 3 il ərzində akademiyada tədqirəlayiq işlər görən Adil Şükürov artıq 1 ildir  bekardı. Onun akademiyada qurduğu iş isə indi bərbad vəziyyətə düşüb.

 

 

Qısa zamanda özündən söz etdirməyi bacaran məşqçilərdən biri də Samir Abasovdu. Millinin sabiq üzvü 2015-ci ildə təyin olunduğu "Sumqayıt"ın baxımlı oyun sərgiləməsinin səbəbkarı idi. Hamı onun timsalında yeni Qurban Qurbanovun yetişdiyini düşündüyü bir vaxtda uğursuzluqlar ard-arda gəldi. Əvvəl "Sumqayıt"dan ayrılan S.Abasov "Zirə"də də büdrədikdən sonra "işsizlər ordusu"na qoşuldu. Maraqlıdır ki, hər məşqçi istefasından sonra mətbuatda vakant yerə namizəd kimi ilk olaraq Samir Abbasovun adı çəkilir. O cümlədən, Tərlan Əhmədovun gedişindən sonra onun "Keşlə"yə baş məşqçi təyin olunacağından yazılır. Amma bu mülahizələr hələ ki reallaşmayıb.

 

 

Bir neçə kəlmə də fikrimizcə, layiq olmadıqları yerdə qərarlaşan "Pro"lar haqqında. Hansılar ki, işsiz deyillər. Amma... SSRİ dövründə "Neftçi"nin heyətindəki çıxışı ilə yadda qalan Novruz Əzimov İsgəndər Cavadov BFA-da "gününü keçirir". "Sabah"ın əsas komandasından U-19-a "endirilən" Elşad Əhmədov, klubun akademiyasının koordinatoru Təbriz Həsənov... Akademiyalarda Pro kateqoriyalı məşqçilərin çox olması tədqirəlayiq haldı. Uşaqların və gənclərin xeyrinədir. Bəs, həmin "Sabah"da yenicə idman direktoru təyin olunan Ramin Quliyev?

 

 

Nəhayət, Mahmud Qurbanov haqqında. Tərlan Əhmədovla eyni sayda - 75 dəfə millinin formasını geyinən, 11 dəfə Azərbaycan çempionu olan, 5 dəfə Azərbaycan Kubokuna sahib çıxan, Berti Foqtsun, Roberto Prosineçkinin vaxtında millidə köməkçi-məşqçi işləyən Mahmud Qurbanov olduğu yerdən daha artığına layiqdir. Maraq üçün qeyd edək ki, Berti Foqtsun istefasından sonra milli komandanı 2014-cü il oktyabrın 18-də Norveçlə oyuna məhz Mahmud Qurbanov çıxarmışdı. Həmin matçda komandamız 0:1 hesabı ilə məğlub olsa da, M.Qurbanov start heyətində 11 azərbaycanlıya yer verməklə "yığma"nı "milli"yə çevirmişdi. Görəsən, Ramin Quliyevin "Sabah"ın ispan baş məşqçisi Visente Qomesdən, Mahmud Qurbanovun U-21-in baş məşqçisi Milan Obradoviçdən nəyi əskikdir? Lənətə gələsən, əcnəbi sevgisi!

Bu gün Azərbaycanda onlarla məşqçi var ki, Pro kateqoriyasını almağa can atır, oxuyur, təcrübə keçir, əziyyət və xərc çəkir. Pro kateqoriyasını almaq o qədər də asan proses deyil. C, B, A kateqoriyalarını aldıqdan sonra 2 il də əlavə oxumalısan, azı 2 dəfə ölkə xaricində top-komandaların bazalarında praktika keçməlisən, xeyli xərc çəkməlisən və s. Savadın imkan versə, imtahandan keçsən, ali məşqçilik kateqoriyasını layiq görüləcəksən. Yəni sıradan məşqçinin Pro kateqoriyası alması real deyil. "Pro" arzusunda olanlar nə vaxtsa istəklərinə çatacaqlar. Amma nə olsun? Bu gün Azərbaycanda futbolun mövcud vəziyyəti nəinki futbolumuzun inkişafını ləngidir, eyni zamanda, məşqçilərə də böyük zərbə vurur. Maliyyə problemləri? Pulu olmayan klublara, millilərə əcnəbi baş məşqçilər, idman direktorları, koordinatorlar gətirilməz. Pandemiya? Guya marta kimi futbolumuzda hər şey qaydasında idi, zəhrimar koronavirus hər şeyi korladı? Bunlar səbəblər yox, bəhanələrdi. Demək ki, nələrsə düzgün deyil. Bu nələr haqqında isə çox yazılıb, çox deyilib. Nə qədər ki, futbola fərqli yanaşma olmayacaq, Premyer Liqada və 1-ci Divizionda komanda sayı artırılmayacaq, uşaq futboluna biganə münasibət bəslənəcək futbolumuz da inkişaf etməyəcək... nə də məşqçilərimiz özlərinə iş tapacaq.

 

"525-ci qəzet" / İlqar Tağıyev

 

P.S. Millimizin yeni baş məşqçisi Canni De Byazinin 4 italiyalı köməkçisindən biri B, biri isə C kateqoriyalı məşqçidir.

Xəbər xətti