"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin "Sport.pl" saytına müsahibə verib.
Sportal.az polşalı qolkiperin fikirlərini diqqətinizə çatdırır:
- Lissabonda “Benfika”ya qarşı Çempionlar Liqasındakı debütün ömrün boyu xatırlayacağın bir gündür?
- Bəli, baxmayaraq ki, Çempionlar Liqasındakı bütün oyunları xatırlayacağam. Gələcəkdə o qədər çox oyun keçirsəm və bəziləri yadımdan çıxa bilər. Amma debüt mütləq yadda qalacaq. Üstəlik, çox uğurlu alınmışdı.
- Siz 0:2 hesabı ilə geri düşməyinizə baxmayaraq 3:2 qalib gəldiniz. Pavlidisin ikinci qolundan sonra əsəbi şəkildə əllərini yerə vurmuşdun. Ən pis ssenarinin hələ qarşıda olduğunu düşünürdün?
- Xeyr. Çünki artıq təsnifat mərhələsində yaxşı səviyyədə oynadığımızı göstərmişdik. Hər oyunda böyük hesabla uduzacağımızdan qorxmurdum. İkinci qoldan sonra sadəcə əsəbiləşmiş və məyus olmuşdum. Bu oyunu çox gözləmişdim, amma bir neçə dəqiqədən sonra hesab 0:2 oldu. Əsəbiləşirdim, çünki özümü yaxşı tərəfdən göstərmək istəyirdim, amma hər iki qolu sadə mövqe səhvlərindən buraxdıq. Əsas odur ki, hər şey yaxşı bitdi.
- Liqa mərhələsində təkcə “Benfika”nı yox, həm də “Kopenhagen”i (2:0) və “Ayntraxt”ı (3:2) məğlub etdiniz, “Çelsi” ilə isə 2:2 oynadınız...
- Bizə kömək edən o idi ki, heç kim bizdən heç nə gözləmirdi. Əksinə, hamı böyük hesablı məğlubiyyətlər gözləyirdi. Biz də özümüzə təzyiq etmirdik. Demirdik ki, mütləq kiməsə qalib gəlib 1/16 finala çıxmalıyıq. Bu, düzgün yanaşma idi.
- Debütdən əvvəl evdə dəfələrlə Çempionlar Liqasının himnini dinləmişdin. Lissabondakı oyundan əvvəl himn artıq təsir etmədi?
- Yenə də təsir etdi. Çünki onu möhtəşəm stadionda, dolu tribunalar qarşısında eşitmək tamam başqa hissdir. Bütün atmosfer çox təsiredici idi.
- Əlavə stress hiss etdin?
- O vaxt yox. Ümumiyyətlə, yalnız bir dəfə - “Enfild”də “Liverpul”a qarşı oyundan əvvəl hiss etdim. Tuneldə dayanarkən azarkeşlər “You’ll Never Walk Alone” oxuyurdu və o an arzularımın reallaşdığını hiss etdim, az da olsa həyəcan yarandı. Amma tez keçdi. Təəssüf ki, ilk qolu buraxandan sonra.
- Bu Çempionlar Liqası mövsümünü necə xatırlayacaqsan?
- Ümumilikdə yaxşı xatırlayacağam. Amma son hissəni unutmaq istərdim. Bir tərəfdən möhtəşəm stadionlarda böyük oyunlar, digər tərəfdən isə buraxdığımız çoxlu qollar. Bu, həqiqətən yaxşı deyildi və məni əsəbiləşdirirdi. Xüsusilə də ciddi səhvim yox idi. Rəqiblər bizə çox asan qol vururdu, əks-hücumlarda yaxalayırdılar. Bəzən özümü aciz hiss edirdim.
- Xüsusilə “Nyukasl”la ilk oyunda, fasiləyə qədər 0:5 uduzduğunuz zaman?
- Dəhşət idi. Oyuna yaxşı əhval-ruhiyyədə çıxmışdım, mübarizə aparacağımıza inanırdım. Amma ikinci hissəyə çıxanda artıq yalnız daha da biabır olmamaq barədə düşünürdüm. Konsentrasiyanı qorumaq istəyirdim, hesabın necə olmasından asılı olmayaraq maksimum oynamağa çalışırdım.
- “Qarabağ”ın hücum futbolu buna mane oldu?
- Bir tərəfdən yox. Məhz bu üslubla “Benfika”ya qarşı oyunu çevirdik, “Çelsi” ilə heç-heçə etdik. Sadəcə “Liverpul” və “Nyukasl” oyunlarında heç nə alınmadı. Erkən qol buraxdıq, komanda dağıldı və öz oyunumuzu qaytara bilmədik. Üstəlik, daha əvvəl qarşılaşmadığımız səviyyədə rəqiblərlə oynayırdıq.
- Lissabon, Bilbao, Neapol, Liverpul, Nyukasl kimi şəhərlərdə oynadız. Hansı an daha çox yaddaqalan oldu?
- Premyer Liqada oynamaq arzum var, ona görə “Liverpul”da keçirdiyim anlar xüsusi idi. Amma “Napoli” ilə oyunu da yaxşı xatırlayıram. Məğlub olmağımıza baxmayaraq, yaxşı çıxış etdim və bu, mənə böyük motivasiya verdi.
- Çempionlar Liqası sənə nə öyrətdi?
- Bu, əvəzolunmaz təcrübə oldu. Mənə motivasiya verdi ki, bu səviyyəyə yenidən qayıdım.
- “Qarabağ”ın uğurunun sirri nədir?
- Əsas amil Qurban Qurbanovdur. O, 18 ildir komandadadır. Üstəlik, klubun çox güclü skautinq sistemi var. “Qarabağ” aşağı liqalardan oyunçular tapır və onları inkişaf etdirir.
- 2024-cü ildə “Qarabağ”a keçidinə nə təsir etdi?
- Bu, qərar asan deyildi. Açığı, başqa təklifim də yox idi. Risk etdim və buna dəyərdi.
- İlk təəssüratın necə idi?
- Hamı çox mehriban idi. Amma ailəmdən uzaq olmaq çətin idi.
- Heç peşman oldun?
- Bəli, bir neçə dəfə. Amma yalnız hisslərimə görə.
- Qışda “Vidzev”ə keçməyə hazır idin?
- Bəli, layihə maraqlı idi, amma transfer baş tutmadı.
- Gələcək planların nədir?
- Premyer Liqada oynamaq arzumdur. Amma əsas şərtim odur ki, əsas heyətdə oynayım.
- Bəs Polşa millisi?
- Hələ debüt etməliyəm. Özümü digər qapıçılardan zəif hesab etmirəm. Yaxşı formada olsam, şansım olacaq.
saytlarin hazirlanmasi
