Füzuli Məmmədov: "Belə şeylər bizi qorxutmur"

18:50 - 26 Avqust 2020

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində avqustun 27-si saat 20:00-da "Bakcell Arena” stadionunda keçiriləcək "Neftçi” – "Şkupi” oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Füzuli Məmmədovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib:

 

"Rəqibi analiz etmişik. Bu komanda haqda topladığımız bütün məlumatları futbolçularımıza bildirmişik. Oyuna çox ciddi yanaşırıq. Komandamız, demək olar, tam hazırdır. Matçın başlanmasını gözləyirik. Rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu o demək deyil ki, rəqibi ciddiyə almırıq. Hər bir rəqibə hörmətlə yanaşırıq"

 

Məmmədovun start heyəti müəyyənləşdirmədiyini deyib:

 

"Start heyəti haqda tam məlumat vermək istəmirəm. Çünki bu günkü son məşqdən sonra məşqçilər korpusu ilə məsləhətləşib heyəti müəyyənləşdirəcəyik".

 

Mütəxəssis hücumçu axtarışında olduqlarını sözlərinə əlavə edib:

 

"Çox istərdik ki, istədiyimiz səviyyədə futbolçular komandamıza əvvəlcədən qoşulsun. Artıq uzun müddətdir hücumçu axtarışındayıq. Bəyəndiyimiz ön xətt oyunçuları olub, amma müxtəlif səbəblərdən onları komandaya cəlb edə bilməmişik. Seçdiyimiz hücumçu var, danışıqlarımız, demək olar, bitib. Amma pandemiya ilə əlaqədar sənədləşdirmə işlərində bəzi problemlər olur. Ona görə də bu məsələ bir az uzanıb. Yeni hücumçunun növbəti çempionat oyununadək komandaya qatılması üçün işlər gedir".

 

Məmmədov rəqibi komanda şəklində təhlil etdiklərini vurğulayıb:

 

"Rəqibin heyətində fərqləndirdiyimiz, tədbir gördüyümüz xüsusi futbolçu yoxdur, amma yaxşı təşkilatlanmış komanda olduğunu bilirik. Son oyunlarını izləyib bütün futbolçularını analiz etmişik. Düzdür, rəqibin futbolçusu Elvin Yunuszadə Azərbaycan futbolu barədə məlumatlıdır, amma belə şeylər bizi qorxutmur, əksinə, motivasiya verir".

 

Çalışdırıcı yekunda matçın keçiriləcəyi stadionun ot örtüyündən danışıb:

 

"Bakcell Arena”nın ot örtüyü hər zaman yüksək səviyyədə olub, amma son matçda istədiyimiz səviyyədə deyildi. Stadiona daxil olanda rəhbərliklə bu haqda görüşüb danışdım. Bildirdilər ki, ot örtüyü son oyuna nisbətən yaxşı səviyyədədir”.

Xəbər xətti