Ramil Şeydayev: “Bu mövsüm daha maraqlıdır, komandaların səviyyəsi yüksəlib” - MÜSAHİBƏ

Sportal.az “Sabah”ın futbolçusu Ramil Şeydayevin müsahibəsini təqdim edir:

 

- Son turda iddialılardan sayılan “Zirə”yə qalib gəldiz...
- Oyun çətin keçdi. “Zirə” güclü komandadı, ancaq biz qələbə qazana bildik. Ki, əsas da budu. Bu cür komandalara qarşı ikiqat motivasiya ilə oynayıram.

 

- “Sabah” 6 xalla liderlər qrupundadı. Bunun davamını gətirmək perspektivi necə görünür? Klub məqsəd kimi qarşıya avrokuboklara vəsiqəni qoysa da, çempionluqla bağlı istək varmı?
- Hər matçda xal toplamağa və oyunumuzu inkişaf etdirməyə çalışırıq. Bir çoxları bizim turnir cədvəlinin üst pillələrində olacağımıza inanmır, ancaq bizim hədəflərimiz böyükdü. Zamanla özününüz hər şeyi görəcəksiz.

 

- 3 matçda 1 dəfə fərqlənməyi bacarmısız. Öz oyununuz nə dərəcədə alınır?
- Öz oyunum barədə danışmaq istəməzdim. Ən yaxşısı, bu barədə baş məşqçidən soruşasız.

 

- Ampluaca mərkəz hücumçusu olsaz da, klubda çox geridən oynayırsız...
- Çünki burda mən mərkəz hücumçusu yox, sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edirəm. Verilən tapşırıqları yerinə yetirəm.

 

- İrəli xətdə sizinlə oxşar xüsusiyyətlərə malik Xulio ilə oynamaq rahatdımı?
- Xulio ilə hansı xüsusiyyətlərimizin oxşar olduğunu bilmirəm, ancaq hazırda hər ikimiz fərqli mövqelərdə oynayırıq və meydanda öz üzərimizə düşəni edirik. 

 

- Visente Qomes gəldikdən sonra komandada nələri dəyişib?
- Ötən mövsüm demək olar, komandada deyildim, yalnız mövsümün sonunda kollektivə qoşuldum. Buna görə də bu suala cavab verməkdə çətinlik çəkirəm. Komandada bir çox yeni futbolçular var. Özümü də bu siyahıya aid edərdim.

 

- “Sabah”ın daim irəlidə yüksək pressinq etdiyini görürük. Milli komandada rəqib müdafiəsini təzyiqdə saxlamaq əsasən sizin öhdənizə düşür. Burda isə komanda yoldaşlarınız da pressinqdə iştirak edir. “Sabah”da daha rahat olduğunuzu, sizə az yük düşdüyünü sözləmək olarmı?
- Həm klubda, həm də yığmada özümü rahat hiss edirəm. Hər ikisində mənə verilən tapşırıqlardan razıyam. Buna görə heç bir problem yoxdu.

 

- Azərbaycanda daha əvvəl də çıxış etmisiz, eyni zamanda xaricdə bir neçə ölkədə oynamısız. Müqayisəli şəkildə Azərbaycan çempionatının ümumi səviyyəsindən danışsaz...
- Çempionatın səviyyəsi ən yaxşı deyil, lakin inkişaf üçün perspektiv var. Bu mövsüm isə çempionat daha maraqlı keçir. Komandaların səviyyəsi artıb.

 

- Komandalar sanki qol vurmaqdan çox qapısının toxunulmazlığını düşünür. İrəli xətt oyunçusu kimi əksər rəqiblərin müdafiədə sıx oynaması nə dərəcədə çətinlik yaradır?
- Bəli, bununla bağlı çətinliklər var, lakin rəqibin müdafiəsinin necə düzgün yarılması üzərində işləmək lazımdı. Hələ ki bu bizdə alınır, bundan sonra da davam etdirməyə çalışacağıq (futbolpress.az).

Tarix: 23 Sentyabr [12:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio