"Prezident və onun köməkçilərinə müraciət edəcəyəm" - "Neftçi"nin sabiq məşqçisi

Vətən müharibəsində yaralanan "Neftçi"nin, "İnter"in və Gürcüstan millisinin sabiq məşqçisi Ağakişi Mehdizadə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova futbola qayıtmasına icazə verməsi xahişi ilə müraciət edib.

 

Sportal.az xəbər verir ki, onun müraciəti cavabsız qalıb. Ağakişi 4 ilə yaxındı futboldan ömürlük kənarlaşdırılıb. 2016-cı ildə keçirilən “Keşlə” - “Neftçi” matçının nəticəsinin manupuliyasiyasına görə AFFA Respublika Prokurorluğuna müraciət edib.

 

Lakin qurum Ağakişinin məsələsində heç bir cinayət tərkibi tapmadığı üçün 2018-ci ildə işə xitam verib. Hazırda qazinin durumu yaxşı deyil. İpotekada olan evinin ödənişini edə bilmir.

 

Himayəsində ailəsi, azyaşlı uşağı var. Evdə işləyən yoxdu. Çətin vəziyyətdə olan Mehdizadə AFFA-ya dəfələrlə məktub yazsa da, cavabında ona eyni mətn göndərilir.

 

Məsələ ilə bağlı daha geniş məlumat almaq üçün gənc məşqçi ilə əlaqə saxladıq: “Mən bu problemdən təngə gəlmişəm. Heç yerdən dəstək ala bilmirəm.

 

Mənə deyilir ki, oyun alğı-satqısında iştirak etmisən. Gəlin, belə şeyi fikirləşək. Mən həmin ərəfədə “Neftçi”də çalışırdım. Qalib gələn komandanın üzvü idim.

 

Futboldan ömürlük uzaqlaşdırılan isə üç nəfər olub. “Keşlə”nin 2 futbolçusu və mən günahkar sayılmışam. Bu, necə baş verə bilər?

 

Məni futboldan kənarlaşdıraraq belə bir məsələ ortaya çıxardılar ki, “Neftçi” oyun alıb. Onda mən özbaşıma belə bir işə girişmişəm? Bu, doğru ittiham deyil.

 

Məni bu məsələ üçün AFFA-ya çağırdılar. Orda dedim ki, oyundan 1 saat öncə belə şayiə var idi. Sadəcə, oyundan bir müddət öncə futbolçularla görüşməyim günahkar çıxmağıma səbəb olub.

 

Mənə bildirirlər ki, belə şey eşitmişdinsə, niyə kiməsə xəbər vermirdin? Həmin prosesdə adı hallanan futbolçulardan biri 60 dəqiqə meydanda olub, digəri isə yarımmüdafiəçidi.

 

Necə ola bilər ki, iki nəfər oyunu satsın? Belə prosesdən bütün komanda xəbərdar olmalıdı. Mənim o futbolçularla görüşməyimin nəyi qəribədi?

 

“Keşlə”də çalışmışam. “Neftçi”də işləyəndə analtik-məşqçi idim. Bütün futbolçular üçün videolar düzəldirdim. Əksəriyyəti özü xahiş etmişdi. Bu işlərlə məşğul olanların hamısı futbolçularla dostdu.

 

İndi məni onlarla yoldaşlıq etdiyimə görə günahlandırırlar? Məsələ Respublika Prokurorluğunda araşdırıldı. Orda məni günahkar hesab etmədilər.

 

Ümumiyyətlə, təsdiqləndirilənlərin heç birində problem görmədilər. Amma bizim futboldan ömürlük uzaqlaşdırılmağımız haqda qərar qüvvədədi. Bu işdə əlimiz var idisə, dövlət tərəfindən niyə cəzalanmadıq?

 

Məni çox sevdiyim sahədən ayırıblar. Futbol mənim üçün hər şeydi. Adicə özlərinin yaratdığı e-milli liqasında iştirak etməyimə imkan vermirlər. Başımı kiberidmanla qatmağa çalışıram.

 

Burda uğurlarım çoxdu. MDB ölkələri arasında keçirilən turnirlərdə qalib olmuşam. Orda erməniləri, rusları, gürcüləri məğlub edirəm, qalib gəlirəm, amma öz ölkəmin çempionatında iştirak edə bilmirəm. Erməniyəm mən?”

 

Mehdizadə müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə UEFA-ya üz tutacaq: “Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm. Yaralanıb, qazi olmuşam. Ali Baş Komandan tərəfindən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşam.

 

Amma mənim müraciətlərimə baxmırlar. Hərbidə olanda dolayı yolla deyilmişdi ki, cəzan götürüləcək. Məktub yaz, hər şey həll olunacaq. Mən də ümidlənmişdim.

 

“Qarabağ”ın heyətində e-milli liqada çıxış etməyə belə hazırlaşırdım. İndi dəfələrlə məktublar yazmışam, heç bir cavab yoxdu. AFFA-da Seymur Səlimli ilə görüşmüşəm.

 

Mənə deyir ki, həmin prosesdə mən olmamışam. Ondan əvvəlki şəxs də eyni sözü deyirdi. Sadəcə, çarə olacaq nəsə etmirlər. Futboldan iyrəndiriblər məni.

 

Amma yenə də öz sahəmdə çalışmaq istəyirəm. Bu işi ən yaxşı bilənlərdənəm. Kaxaber Tsxadadze nə dayım idi, nə də əmim. O, mənə güvənirdisə, deməli, işimi yaxşı görürdüm. Ya da ki Elxan Abdullayev.

 

Deyirəm ki, cəzamı ləğv edin və pulla əvəz edin. Yanınızda işləyim və maaşımdan tutun. Amma futbola qayıdım. Heç kim dinləmir. Yenə müsbət cavab almasam, yaxşı əcnəbi vəkil tutub, UEFA-ya müraciət edəcəm.

 

Hüquqi cəhətdən haqlıyam. Sadəcə, qorxuram ki, ailəmə nəsə edərlər. Amma hər şeyi gözə alıb, bu işin arxasınca düşəcəm. Prezidentə və onun köməkçilərinə müraciət edəcəm.

 

Dövlət Sərhəd Xidmətinin generalı Əfqan Nağıyev rüşvətə görə həbs olunmuşdu, amma Qarabağda döyüşdüyünə görə qəhrəman elan olundu. Mən özümü günahkar saymıram, səhvim olmayıb.

 

Amma Prezident bu məsələdə günahkar hesab edərsə, səhvimi bağışlasın. Ailəmi dolandıra bilmirəm, əvvəllər çalışdığım sahə pandemiyaya görə bağlanıb. İndi heç nə edə bilmirəm”.

 

Məsələ ilə bağlı bir məqam diqqətimizi çəkdi. Baş Prokurorluq şəxsi cəzalandırmırsa, AFFA niyə hələ də ömürlük futboldan uzaqlaşdırma cəzasını aradan qaldırmır? Sualımızı tanınmış hüquqşünas Mehman Muradlıya ünvanladıq:

 

“Əvvəlcə bunu bildirim ki, AFFA məhkəmə təsdiqləməmiş kimisə futboldan ömürlük kənarlaşdırmaqla qanunu pozub. Çünki Respublika Prokurorluğu həmin adamların günahı olduğunu təsdiqləməyib.

 

Bundan əlavə, 2018-ci ildə bu işə xitam verilib. Bundan dərhal sonra AFFA tətbiq etdiyi cəzanı ləğv etməliydi. Bunu hələ də etmirsə, qurum qanunları heçə sayır. Beləliklə, bir məsələdə AFFA iki dəfə qanunsuzluq etmiş olur” (Futbol+).

Tarix: 8 Yanvar [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2021
19  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio