Rəşad Sadıqov: "Oyunlarımızda qəribə qərarlar olur" - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 16-cı turunda "Keşlə" ilə səfərdə qarşılaşdıqları oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu şərh edib:

 

"Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq. Amma istədiyimiz kimi alınmadı. Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq. Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm. Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar".

 

Gənc məşqçi yeni transfer Filipe Paxxtmanın zədələndiyini deyib: "Təəssüflər olsun ki, Filipe 2 gün öncə məşqdə zədələnib. Sabah ya da birisigün onu İstanbula müayinəyə göndərəcəyik. Qəti fikir ondan sonra bilinəcək. Əslində bu gün əsas heyətdə meydana çıxmalı idi. Təəssüflər olsun ki, futbolda belə hallar olur. Gəncdir, böyük ümidlərlə transfer etmişik. Özü də məşqlərdə böyük istək göstərirdi. Ümid edək ki, əməliyyata ehtiyac olmayacaq. Amma buradakı həkimlərin verdiyi ilkin rəy bizim üçün ürəkaçan deyil".

 

Komandasının oyun üslubundan da söz açan Sadıqov sevimli sisteminin 4-3-3 və ya 4-2-3-1-dir: "Bəzən rəqibə görə dəyişiklik edirik. Hərdən limit də bizi sıxır. Buna baxmayaraq, gənclərin hamısını şans verməyə çalışırıq. Yəni, onlar sırf limitə görə oynamırlar. Hamısına güvənirəm. Sadəcə, bütün oyunlar gərgin keçdiyi üçün onları meydana buraxa bilmirik".

 

Dmitrios Çantakiasın qırmızı vərəqə gördüyü epizodu da şərh edən mütəxəssis bu cür halların ilk dəfə baş vermədiyini vurğulayıb:

 

"Oyunlarımızda qəribə qərarlar olur. Baxırsan, rəqib qapıçı topu 10 saniyə əlində saxlayır, cərimə zərbəsi təyin etmirlər. Bizə gələndə isə qayda pozuntusu qeydə alınır. Yaxud da 3 dəqiqəyə 2 penalti və ya sarı vərəqə verirlər. İnanıram ki, bunlar sırf səhvdir. Əsas odur ki, qərəzə olmasın. Hakim qərarlarına fikir verməməyə çalışırıq. Bu gün qırmızı vərəqədən sonra futbolçuların özündən çıxmaması, əsəbləşməməsi komandanın hazırlıqlı olmasından xəbər verir. Buna görə çox sevinirəm. Artıq məşqçilərlə də danışmışdım. Musa Qurbanlı meydana buraxıb, yenidən hücumameyilli oyuna keçmək istəyirdik. Amma bir anda gördük ki, Çantakias qırmızı vərəqə gördü. Onun oyuna daxil olması hücumların sürətini artırmaq məqsədi daşıyırdı. Bilirsiniz ki, özü də sürətli oyunçudur".

 

Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun "Benfika"ya gedə bilməməsinin pandemiya ilə bağlı olduğunu bildirib:

 

"Son anadək gözləyirdilər ki, yumşalma olsa, çağırsınlar. Amma qərara aldıq ki, məsələ ertələnsin. Onunla bağlı böyük planlarım var. Gələn mövsüm daha çox şans vermək, böyüməsi üçün kömək etmək istəyirəm. Yayda yenidən bu məsələyə qayıdacağıq".

 

Tarix: 20 Fevral [19:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio