Ramil Şeydayev klub axtarır – Macarıstan və Kiprdə

14:01 - 28 Fevral 2021

Son illər milli komandamızın vuran ayağına çevrilən Ramil Şeydayevin klub karyerası heç cür düzənə düşmür. 2017/18-ci il mövsümündə “Qarabağ”da ümidləri doğrultmayan Şeydayev o vaxt Rusiyaya qayıdaraq, “Krılya Sovetov”da 18 oyuna 4 qol vurmaqla yenidən diqqətləri üzərinə çəkə bildi. Bunun nəticəsi kimi, 2019/20-ci il mövsümünə artıq Moskva “Dinamo”sunun heyətində başladı. Lakin forvard Rusiyanın aparıcı klublarından olan “Dinamo”da cəmi yarım mövsüm qaldı və qışda qarşılıqlı razılıq əsasında müqaviləni pozdu.

 

O vaxt Ramil Şeydayevin “Sabah”a gəlişi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, əslində, klubsuz qalan futbolçu üçün Azərbaycana gəlib yaxşı formaya düşmək bir şans idi. Lakin məlum səbəblər üzündən 2019/20-ci il mövsümü yarımçıq dayandırıldı və Şeydayev düz-əməlli oyun praktikası qazana bilmədi.

 

Bu mövsümə də “Sabah”da başlayan Ramil Şeydayev baş məşqçi Visente Qomesin əsas heyət oyunçusu idi. Lakin məğlubiyyətlər sıralandıqca Qomes əvvəlcə onu vinger mövqeyinə çəkdi, daha sonra isə ehtiyatda otuzdurmağa başladı. Əslində, ispan mütəxəssisin qərarı anlaşılandı. Hücumçu mövqeyində Xulio Rodrigesə rəqabəti uduzan Şeydayev vinger kimi effektli deyildi. Hal-hazırda həm Şeydayev, həm də Rodrigesin özü ehtiyat oyunçular skalmyasının sakininə çevrilib. Visente Qomes hücum xəttində “Sabah”a yeni transfer olunmuş Fofanaya üstünlük verir.

 

Ramil Şeydayevə gəlincə, onun “Sabah”da qalmayacağı böyük ölçüdə dəqiqləşib. Mövsüm bitən kimi tərəflər əl sıxışıb kübarcasına sağollaşacaqlar. Ona görə də, hücumçu artıq indidən agentlərə ona klub axtarmaq üçün göstəriş verib. Agentlərin əsas axtarış istiqaməti Macarıstan və Kiprdi. Bizim meyarlara görə yüksək ödənişli futbolçu olan Ramil Şeydayev həm qazanc, həm də səviyyə baxımdan özünü bu liqalarda oynamağa hazır sayır. Millimizin hücumçusu özü üçün münasib variantlar arasında Rusiyanı da görür, hətta orada daha aşağı maaşa oynamağa hazırdır, ancaq özü də anlayır ki, səviyyəcə yuxarı olan Rusiya Premyer Liqasında onun üçün klub tapmaq asan məsələ deyil.

 

Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm “Sabah”ın heyətində 3 qol vurub. Komandanın ən çox fərqlənən futbolçusu isə aktivində 5 qol olan Kevin Kubembadır.      

Xəbər xətti