"Komandaların heyətinə baxandan sonra, növbəti mövsüm daha maraqlı çempionat olacağını düşünmək olar" - MÜSAHİBƏ

16:17 - 29 İyul 2021

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az sautına müsahibə verib:


- “Qəbələ”nin hazırlıq durumu hazırda hansı səviyyədədi? Komanda növbəti mövsümə neçə faiz hazırdı?
- Komanda hələ ki, yeni mövsümə hazır deyil. Çünki heyətimiz tam yığılmayıb. Komandanın heyəti tam yığıldıqdan və təbii ki, hazırlıq keçdikdən sonra qarşıya qoyulan məqsəddən danışmaq mümkündü. Qarşımızda əsas məsələ komandanı tez bir zamanda formalaşdırmaqdı. Əlbəttə ki, yeni transferlər olacaq. Heyətimiz mütləq gücləndirilməlidi. Planımızda 4-5 mövqeyə əcnəbi futbolçularla gücləndirmək var. Əsas, oyun üslubumuza uyğun olsa onu dəyərləndirəcəyik.  

 

- Qarşıdakı mövsüm daha maraqlı çempionatın olacağını düşünürsünüz?
- Komandaların heyətlərinə baxandan sonra, bu mövsüm daha maraqlı çempionat olacağını düşünmək olar.  

 

- Hazırlıq dönəmində ölkə xaricinə yollanmayan komandalar – “Zirə”, “Keşlə” və “Qəbələ” oldu. “Zirə” Türkiyəyə yollanmaq istəsə də, bu onlarda son anda baş tutmadı, “Keşlə” isə avrokuboklarda çıxış edir. Bəs “Qəbələ” niyə xaricə getməkdən imtina etdi?
- Ölkə xaricinə yollanmamağı maddi məsələ ilə əlaqələndirmək olmaz. Düşünsəydik ki, çox önəmlidi, bu barədə rəhbərliklə müzakirə aparardıq. Sadəcə pandemiyadı və ölkəyə qayıtdıqdan sonra hansısa problemin yarana biləcəyini nəzərə alıb, hazırlığı ölkə daxilində keçməyə qərar verdik.

 

- Komandanın yeni transferi ispaniyalı qapıçı Kristof Atananqadı. Onun transferi necə baş tutdu?
- Bəli, İspaniyadan yeni qapıçımız gəlib. Biz onun çıxışını izlədikdən sonra komandamıza uyğun oldu deyə təklif göndərdik. Perspektiv vəd edən qapıçıdı və komandamıza faydası dəyəcək. Yerli qapıçılardan daha az məvacibə razı salıb, komandaya cəlb etdik.

 

- Maraqlıdı, Stevan Vukçeviçi necə komandada saxlaya bildiniz? 
- Ona öz təklifimizi göndərdik, o da məmmuniyyətlə “Qəbələ”də qalmağa üstünlük verdi.

 

- “Qəbələ-2” komandası qarşıdakı mövsümdən birinci divizionda çıxış edəcək. Bunu komandanıza kömək kimi düşünmək olar, yoxsa oyunçu qıtlığı olduğundan işinizi çətinləşdirəcək?
- “Qəbələ-2”nin oynaması akademiyamızın gənc oyunçuları üçün üstünlükdü. Düşünmürəm ki, əsas komandaya hansısa ziyanı dəysin. Daha çox xeyiri dəyəcək, nəinki ziyanı. 

Xəbər xətti