"İl yarım qapıları döydüm, xahiş etdim, heç kim mənə iş vermədi" - MÜSAHİBƏ

Azərbaycan futzalında legionerlərin ən çox olduğu bir dövrdə yığmamızın sabiq üzvü Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edildi. Sevindirici və paradoksaldır. 

 

Sportal.az xəbər verir ki, qol.az saytı yeni təyinatı ilə bağlı Elnur Qəmbərova – okeanın o tayına suallar ünvanlayıb.

 

- Əvvəlcə karyeranız haqda öyrənək. Və necə oldu ki, Kanadaya getdiniz?

-  Bakıda anadan olmuşam. Futbolda ilk addımlarım Kazbek Tuayevin məktəbində Yaşar Əbdulovun baş məşqçiliyi altında olub. 1996-cı ildə “Neftçi”nin əvəzedici heyətinə dəvət aldım. Düzdür, o vaxt dəvət göndərmək məsələsi olmurdu. Sadəcə bizi bəyənirdilər, komandaya götürürdülər, vəssalam. 1997-1998-ci ildə “Neftçi” ilə ölkə çempionu oldum. Həmin heyətdə mən də oynayırdım. Yaşar Vahabzadə, Vidadi Rzayev, Qurban Qurbanov və s. futbolçularla birlikdə idik. Mən də onların yanında balaca bir uşaq idim. İndiyədək yadımdadır, 16 yaşım vardı. “Neftçi”yə məni və Ramin Həbibovu seçmişdilər. Mən daha sonra 1 il “Şəfa”da, ardından “Bakı fəhləsi” komandasında oynadım. Bundan sonra isə məlum səbəblərdən futbol dayandı. Çox adam futzal oynadı. Həmin vaxt “Gömrükçü” futzal komandası var idi. Biz elə ilk ilimizdə ölkə kubokunu qazandıq. Baş məşqçimiz isə rəhmətlik Şamil Useynov idi. Bundan sonra mən yenidən böyük futbola qayıtdım, “Şəmkir” komandasında oynadım. Mənə Qəhrəman Əliyev dəvət göndərmişdi. Orada 1 il oynadım. Sonra “Araz-Naxçıvan”dan təklif gəldi və mən yenə futzala qayıtdım. Orada çox gözəl kollektiv var idi. 2007-ci ildən 2014-cü ilədək “Araz-Naxçıvan”ın və Azərbaycan millisinin heyətində çıxış etdim. Avropa çempionatında və Çempionlar Liqasında oynadım. Ölkə çempionatının və Azərbaycan kubokunun da qalibi oldum. Bu 7 il yarım ərzində mən 1 dəfə “Ekol” komandasına getdim. O vaxt baş məşqçi ilə aramızda narazılıq olmuşdu. Amma bu, mənim millidəki karyerama heç bir çətinlik yaratmırdı. Onu da qeyd edim ki, “Ekol” komandasının yaradıcılarından biri, bəlkə də elə ən əsası mənəm. Komandanın direktoru da Məzahir Pənahov idi. Elə indi də bu vəzifədə işləyir. Biz ikimiz o komandanı zavod çempionatından yaratdıq. Yavaş-yavaş turnirlərdə, neft şirkətinin yarışlarında oynaya-oynaya yüksək liqaya çatdıq. O vaxt da baş məşqçi Mahir Əliyev idi. Həmin il də mənə “Araz-Naxçıvan”dan təklif gəldi və mən oraya getdim. 2013-2014-cü illərdə mən Hacı İbrahimlə birgə “Xəzər adaları” komandasını yaratdım. Buradan ona da salamlarımı çatdırıram, çox sağ ol deyirəm. O vaxt çətin zaman idi. Çempionatda portuqaliyalı, serbiyalı, ispaniyalı baş məşqçilər var idi. Amma həmin vaxt – 2014/15 mövsümündə “Xəzər adaları” çempionatın qalibi oldu. Sona 3 ay qalmış qələbəni rəsmiləşdirmişdik. Mən son 15 ildə komandanı çempion edə bilən yeganə baş məşqçiyəm. Biz “Araz-Naxçıvan”ı 4 dəfə udduq. Ümumilikdə 28 oyunda cəmi 1 dəfə məğlub olmuşduq. Bu da bizim ilk oyunumuz idi. Nəticədə ilin ən yaxşı baş məşqçisi adına layiq görüldüm. Ondan sonra isə çox gözlədim.

 

1 il yarım ərzində qapıları da döydüm, xahiş də etdim, amma heç kim mənə iş vermədi. Dedilər ki, gözlə, yaxşı olacaq. Mənim yoldaşım vaxtı ilə Azərbaycanı bədii gimnastika üzrə layiqincə təmsil edib. Həm idman ustasıdır, həm beynəlxalq dərəcəli hakimdir, həm də əməkdar məşqçidir. Ona Kanadadan təklif gəldi. Bundan sonra biz götür-qoy etdik, dedik ki, özümüzü sınayaq. 2016-cı ilin yanvar ayında Kanadaya getdik. 

 

- Yoldaşınız da hazırda sahəsi üzrə çalışır?

- Bəli, bədii gimnastika üzrə “Aspirals” komandasının baş məşqçisidir.

 

- Sizin Kanadada milli komandaya təyinatınız necə reallaşdı?

- Mən buraya gələndə heç 38 yaşım tamam olmamışdı. Burada “Toronto” futzal klubu var idi. Onlar CONCACAF-da oynayırdılar. Həmin il “Kayrat” və başqa klublar da onlarla oynamağa gəlmişdi. Turnir isə ABŞ-da keçirilirdi. Mən öz haqqımda məlumatı onlara göndərdim. Dedilər ki, futzal oynaya bilərsən? Mən də cavab verdim ki, 3 ildir oynamıram. Amma özümü sınamağımı tövsiyə etdilər. Mən özümü sınadım. Həmin il çempionatda 2-ci yeri tutduq. Daha sonra başladılar mənim haqqımda informasiya toplamağa ki, kiməm, nəçiyəm. Həmin vaxt ingilis dili biliyim çox zəif idi, əziyyət çəkirdim. Şərtlər deyirdilər ki, əgər filan şey belə olsa, maaşın bu qədər olacaq, olmasa, belə. Mən də ancaq rəqəmlərə fikir verirdim. Hər şeyə “Okey” cavabını verirdim. Yəni, eşidirdim, amma sözləri tam anlamırdım. Buna görə də bir neçə dəfə səhvə yol vermişdim. Nəticədə də maddi tərəfdən, psixoloji cəhətdən də əziyyət çəkmişdim. Bundan sonra mən uşaq futboluna məşq keçməyə başladım. Mənim 2 oğlum var. Onların ikisi də uşaq futbolunda oynayırdılar. Onlardan biri artıq universitetə daxil olub, hüquqşunasdır. “Kembric” hüquqşünas məktəbində təhsil alır. Bu, universitetdən daha yüksək hesab edilir. Kişik oğlum isə futbola davam edir. Yaxşı da oynayır. Bizim AFFA ilə müqavilələrimiz də olub. Çünki oğlum “Şaxtyor”a getməli idi. Lakin pandemiya mane oldu. Ancaq komandalar, millilər məşq edə bilərlər. “Şaxtyor”la danışıqlarımız olub. Ukraynaya getmək və U-13-də oynamaq niyyəti var. Kanadada Şamil Fərəcov adlı bir iş adamı var. 15 ilə yaxındır ki, burada yaşayır. Artıq Kanada vətəndaşıdır. Burada azərbaycanlılar futbol oynayanda o, təklif irəli sürdü ki,çox əziyyət çəkirsən, gəl, mən sənə kömək edim, futbol komandası yaradaq. Nəticədə “Seymur” peşəkar klubunu yaratdıq. Şükürlər olsun, hər bir şəraitimiz var. Geyim, maddiyyat, nəqliyyat və s. baxımdan çətinliklərimiz yoxdur. Komandanın baş məşqçisi isə mənəm. Kollektivdə 3 nəfər Ukrayna əsilli oyunçu var. Argentinadan və s. ölkələrdən futbolçularımız olur. Çünki bunların əksəriyyəti miqrantdır. Pandemiya başa çatsın, fikrimiz sırf çempionluq üçün oynamaqdır. İndi 1 nəfər iranlı oyunçum da var. O, vaxtilə “Xəzər adaları”nda da çıxış edirdi. Burada piar kampaniyası çox güclüdür. Ona görə də məni tanıdılar. 3-4 gün əvvəl oğlumu məşq üçün zala apardım. Orada futzal federasiyasının prezidenti məni gördü, dedi ki, gəl, məşq keç. Özüm də şoka düşdüm. Çünki buradakı insanların mentaliteti, düşüncə tərzi fərqlidir. Dedim ki, gələrəm. 1-2 gün sonra getdim, məşq keçdim. Bu, onların xoşuna gəldİ. Mənə təklif irəli sürdülər ki, U-13, U-15, U-17 və qadınlardan ibarət milli komanda mənə tapşırılsın. 

 

 

- Belə bir məlumat var ki, əsas milli komandanı da sizə tapşırmaq istəyiblər. Doğrudurmu?

- Bəli, mənə tapşırılmalıdır. Çünki mən elə bir şərt irəli sürdüm ki, mən bu işə başlayıramsa, bütün komandalar mənim nəzarətimdə olmalıdır. Hazırda iki köməkçim var. Biri qadındır, biri isə qapıçılar üzrə məşqçidir. Milli komandanı götürəndə gərək elə strategiya seçəsən ki, aşağı yaş qruplarından əsas yığmaya qədər hamı bilsin ki, biz hansı sistemlə oynayırıq. Öz oyun fəlsəfəmiz olmalıdır.

 

- Azərbaycanda futzalın səviyyəsini necə qiymətləndirirsiniz?

- Futzal biz azərbaycanlılara uyğun olan oyun növüdür. Uzun illərdir ki, Azərbaycanda futzal var. Bizdə bu oyunu oynamaq rahatdır. İndi Azərbaycanda futzalın səviyyəsi bir qədər düşüb. Bizim problemimiz odur ki, Azərbaycanda cəmi bir dənə peşəkar komanda var. O da “Araz Naxçıvan”. Vəssalam. O biri komandalar təzədir, çoxunu tanımıram. “Ekol” və “Neftçi” ancaq 2-ci yer uğrunda oynayırlar. Birincilik haqda heç fikirləşmirlər də. Ən azından son 15 ildə mən belə görmüşəm. Uşaqlar yetişmir. İndi Ağatahir Əzimova 19 yaşlıları tapşırıblar. Ağatahir vaxtilə mənim köməkçim olub. Onunla əlaqələrimiz var, danışırıq. Məndən də yaxşı futzalçı idi. Deyir ki, oyunçu tapa bilmirəm. Bu işlər üçün akademiya olmalıdır. Akademiya deyəndə çox adama elə başa düşür ki, böyük bir layihə olmalıdır, uşaqlar orda yeməli, yatmalıdırlar, maaş almalıdırlar. Bəli, peşəkar cəhətdən belə olmalıdır. Amma heç olmasa orada Ağatahir kimi, Mahir Eyniyev, Məmməd müəllim, İbrahim müəllim, Allahverdi Babayev var. Onlar hamısı qalıblar qıraqda. Onları U-13, U-15 komandasına gətirsələr, az bir maaşa canla-başla işləyərlər. Çünki onların çoxu taksi sürür, fəhlə kimi və başqa işdə çalışır. Mən bu peşələrin hamısına hörmətlə yanaşıram. Amma bu insanlar futzalda canlarını qoyublar. Əllərindən gələn ən yaxşı iş də budur. Mən inanıram ki, adlarını çəkdiklərim, bundan başqa Rəcəb, Vitali hərəsi bir komandanı götürsə, az miqdarda maaşa nəsə öyrədəcəklər. Bu da futzalımıza xeyir verəcək.

 

- Siz xarici ölkədə əcnəbi baş məşqçisiz. Bizim millidə isə həm baş məşqçi, həm də futzalçılar əcnəbilərdi. Bu paradoksal hala münasibətiniz necədir?

- Bəli, mən xarici ölkədə milli komandaya baş məşqçi təyin edilən yeganə azərbaycanlıyam. Bəlkə də səhv edirəm. Ən azından futzalda belədir. O ki qaldı Azərbaycan futzalındakı bu duruma, mənim vaxtımda da bu məşqçi idi. Yəni bir məşqçinin 15 il bir komandada işləməsi məncə, düz deyil. Avropa o qədər qabağa gedib ki, elə bir məntiq yoxdur. Hətta “Barselona”nın da baş məşqçisini dəyişdilər. Sırf Çempionlar Liqasını qazana bilməmişdi deyə. Söhbət futzaldan gedir. 
Amma bizim millinin baş məşqçisi dəyişilməz olaraq qalır. Legioner oyunçular dəyişilmir. Hamı deyə bilər ki, Elnur Qəmbərovun “Xəzər adaları”nda da legionerlər var idi. Bəli, var idi, sadəcə, mənim qarşıma hədəf qoyulmuşdu ki, Çempionlar Liqasının dördlər finalına yüksələk.  Araşdırıb baxsanız, həmin illərdə “Araz Naxçıvan”da 6, “Fənərbaxça”da 11 ya 12, “Ekol” komandasında 5-6 legioner var idi. Hətta “Fənərbaxça”nın baş məşqçisi norveçli idi. Həm də o oyunçuların səviyyəsi indikilərdən çox yaxşı idi. Ən pisi də odur ki, indi millinin heyətində olan legionerlərin hamısı xarici klublarda, əsasən Avropada oynayır, amma bizim yerli oyunçular heç yerə çıxa bilmir. Bu, həm futbolda belədir, həm də futzalda. 

 

- Kanadada peşəkar futbol və ya futzalla məşğul olan azərbaycanlı uşaqlar da varmı?

- Mənim yanıma 5 nəfər azərbaycanlı uşaq gəlir. U-13-də məşq edirlər. Onlardan ikisi yaxşı səviyyədədir. 

 

- Köməkçiləriniz arasında azərbaycanlı olacaq?

- Hələlik yoxdur. Mən nə qədər çalışdım ki, dəvət göndərim, onların viza məsələsi alınmadı. İndi Azərbaycanda bir məşqçini bura gətirmək istəyirəm ki, birlikdə işləyək. A kateqoriyalı məşqçidir, hamımız onu tanıyırıq. Sadəcə, kluda işlədiyi üçün adını çəkmək istəmirəm. Braziliya millisinin 2-ci qapıçısı var idi, Leo Alvero, vaxtilə “Xəzər adaları”nda əsas qapıçı idi. Onu həm “Seymur” futbol komandasına dəvət etmişik, həm də istəyirik ki, millidə mənim qapılar üzrə köməkçi məşqçim olsun. Çox məmnuniyyətlə istərdim ki, Azərbaycandan da məşqçi gəlsin, amma hələ ki, heç kim yoxdur. 

 

 

- Kanada futzalında şərait, əcnəbilərə münasibət necədir? Azərbaycandan nə ilə fərqlənir?

- Şərait pis deyil. Azərbaycanla müqayisə ediriksə, “Araz Naxçıvan”ı çıxmaq şərtilə eynidir. Yəni buradakı futzalçılar “Ekol”la da, “Neftçi” ilə də başabaş oynaya bilərlər. Burada o yaxşıdır ki, böyük ölkədir, ABŞ-a, Meksikaya yaxındır, yaxşı turnirlər keçirilir. Aprel ayında yoldaşlıq oyunları üçün ABŞ-a getmək istəyirik. İyun-iyul aylarında isə Fransada beynəlxaq turnir olmalıdır. Orada da iştirak etmək istəyirik. Sadəcə, burada bir qədər peşəkarlıq yoxdur. Camaat işləyir, işdən sonra gəlib oynayırlar. İslandiya, Finlandiya kimi ölkələrdə necədirsə, burada da elədir. Amma 2026-cı ildə burada dünya çempionatı keçiriləcək. Məncə, yaxşı bir təkan olacaq.

 

- Yəqin ki, hələ Azərbaycana qayıtmaq fikriniz yoxdur.

- Azərbaycana qayıtmaq hər dəqiqə fikrimdən keçir. İnanın səmiyyətimə. Məni tanıyanlar hamısı bilir ki, Azərbaycanı sevirəm, ora üçün darıxıram. Ürəyim partlayır, qürbətdə qala bilmirəm. Həmişə hansısa yarışlar üçün ölkə xaricinə gedəndə uşaqlara deyirdim ki, ürəyim partlayır, Bakıya qayıtsaq, yaxşı olardı. Əlbəttə, çox çətindir. Buranın mentaliteti, insanların düşüncələri fərqlidir. Yeməklərinin dadı yoxdur. Qurban olum Azərbaycana. Kim istəyər ki, ölkə xaricində yaşasın. Bizim orada bacılarımız, qardaşlarımız rəhmətə gedənlərimiz, dost-tanışlarımız var. Bayram olur, doğmalarımız yanımızda olmur. Açığı, çox çətindir. Bəli, dolanışığımız çox yaxşıdır. Şükür ki, maddi çətinlik çəkmirik. Burada işdən çox iş var. Amma Azərbaycanı qayıtmağı çox istəyərdim.

 

- Bəs niyə qayıtmırsınız?

- Çünki təklif yoxdur. İş olmayacaq. Amma təklif gəlsə, ürəklə gəlib işləyərəm.

 

- Ora gedəndən sonra Azərbaycan futzalını, çempionatını izləyirsiz?

- Arada oyunlara baxıram. Birgə oynadığım uşaqlarla danışırıq, keçmişi yada salırıq. Çempionatı izləyə bilmirəm. Çünki saat fərqi çoxdur. Oyunlar gedəndə bizdə səhər 6-7 olur. Keçən il “Araz”ın oyununu izləyirdim, 15 dəqiqədən sonra televizoru söndürdüm. Çünki çox maraqsız idi. “Araz” yenə qalib gəlirdi. Necə ki, bir vaxtlar Qvardiolanın “Barselona”sının oyununa heç kim baxmaq istəmirdi. O mənada ki, 15-ci dəqiqədə artıq 2:0 öndə olurdular.

 

Ancaq millinin oyunların baxıram. İspaniya ilə oyunda yaxşı çıxış etdilər. Uşaqları təbrik edirəm. Son oyunda millimizə çətin olacaq. Onlara uğurlar arzulayıram. Sizin vasitəzilə Azərbaycandakı dostlarıma salam göndərirəm. Sizə də minnətdaram ki, məni yada saldınız. Çox qürurvericidir. Dünən Kanadanın Futzal Federasiyasını prezidenti ilə 15 dəqiqəlik görüşümüz oldu. Onlara göstərdim ki, baxın, Azərbaycanda saytlar durmadan haqqımda yazır. Onlara da çox xoş gəldi. Federasiya prezidenti də təklif etdi ki, bəlkə Azərbaycan gedib orada bir yoldaşlıq oyunu keçirək. Bilmirəm, nə dərəcədə ciddidir. Bir daha sizə minnətdaram. 

Tarix: 28 Yanvar [13:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio