Rəşad Sadıqov: "Bizim nəyəsə mane olmaq kimi məqsədimiz, hədəfimiz yoxdu" - VİDEO

"Zirə" Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununda doğma meydanda "Qəbələ"yə 0:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyunun mahiyyəti çıx böyükdür. Matça maksimum yaxşı hazırlaşmışdıq. Əslində nəticə bir az qəribə oldu. Oyunun gedişatı ilə nəticənin belə olacağını təsəvvür edə bilmirdim. İlk hissəni çox yaxşı keçirdik. Düzü oyuna tam fərqli başlayacağımızı gözləyirdim. "Qəbələ"nin oyuna daha çox nəzarət edəcəyini, hücumlar təşkil edəcəyini düşünürdüm. Amma əksinə oldu. Futbolçularım oyuna yaxşı başladılar, meydanda çox böyük üstünlüyümüz var idi. Əks hücumda buraxdığımız iki qoldan sonra oyunun gedişatını itirdik. Bir az uşaqlarda inamsızlıq yarandı. Amma yenə də üstün tərəf biz idik. İkinci hissədə "Qəbələ"nin əzmkar və intizamlı müdafiəsini yara bilmədik. İlk hissədə əlimizə düşən imkanları qola çevirə bilsəydik, nəticə fərqli ola bilərdi. Futbolçulardan çox narazı ola bilmirəm. Bəzən birə-bir mübarizələri uduzurduq. Taktiki cəhətdən fərdi səhvlərə yol verdik ki, rəqib də bundan maksimum istifadə etdi. Bu gün oyunun bizim üçün ağır keçəcəyini bilirdim. "Neftçi" ilə kubok oyununda futbolçular 120 dəqiqə çıx əziyyət çəkmişdilər. Sanki ikinci qol psixoloji cəhətdən komandaya zərbə oldu. İkinci hissədə nəticəni dəyişə biləcəyimizi düşünürdüm. Amma alınmadı. Sanki "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olduğumuz oyuna bənzəyirdi. Onda da sadə səhvlərdən qollar buraxmışdıq. Həmin matçda da yaxşı oynadıq, hücumlar qurduq, amma nəticəni dəyişə bilmədik. Bu gün də oyun eyni ssenari ilə davam etdi. "Qəbələ"ni təbrik edirəm. Çox vacib və layiqli qələbə qazandılar. Bu nəticədən sonra "Sabah", "Qəbələ" və "Zirə" avrokuboklara mübarizə uğrunda son tura qədər mübarizə aparacaqlar. Qarşıda üç oyunumuz var. Bu matçlara köklənəcəyik. 


- "Neftçi" ilə oyundakı yorğunluq bu gün nə dərəcədə komandaya təsir etdi? Son həftələrdə avrokubok şansını ötürmək təhlükəsini hiss etmirsiz?

- Futbolçular təcrübəlidir. Bu gün hansı hesabla məğlub olsaydıq da, nəticədə 3 xal itirəcəkdik. "Qəbələ" birbaşa rəqibimizdir. Bərabərlik bizim üçün yaxşı nəticə olardı. Amma futbolda hər şey sən istədiyin kimi olmur. O ki, qaldı "Neftçi" ilə oyunun yorğunluğuna, fiziki cəhətdən biz bəlkə də rəqibdən daha yaxşı, dinamik, hərəkətli idik. Üstün oynayıb belə qollar buraxanda istər-istəməz komandaya psixoloji zərbə olur. 2:0 elə hesabdırki, daha böyük qüvvə ilə hücuma getməlisən. Bəzi dəyişikliklər etdik, demək olar ki, müdafiəni unutduq. Risklər etdik, o da öz bəhrəsini vermədi. Əgər həqiqətən də Konfrans Liqasına getmək istəyiriksə, növbəti oyunlarda özümüzü yaxşı tərəfdən göstərməliyik. 


"Qarabağ" dünən çempionluğu rəsmiləşdirdi. Siz də növbəti turda onlarla oynayacaqsız. Matçdan əvvəl çempionluq dəhlizi təşkil etməyi düşünürsüz?

- İstəyir "Qarabağ" olsun, istəyir digər komandamız olsun, əgər elə bir ənənəmiz varsa, bizim üçün problem yoxdur. Düzü bu haqda düşünməmişəm. Amma əgər belə bir ənənə varsa, prinsipial rəqibim olsa da, dəhlizi qurmağa qarşı deyiləm. Olsun.


- "Qarabağ"ın "qızıl dubl"una mane ola biləcəksiz?

- Bizim nəyəsə mane olmaq kimi məqsədimiz, hədəfimiz yoxdur. Qarşıda bizi 3 çempionat oyunu gözləyir. Yalnız o haqda düşünürük. Finalda hər iki komanda kuboku qazanmaq uğrunda mübarizə aparacaq. Biz meydana kiməsə, nəyəsə mane olmaq üçün çıxmayacağıq. Hər komanda mövsümü titulla başa vurmaq istəyər. Amma hələ ki, çempionatda ondan vacib işlərimiz var.


- Finalın Qəbələdə olmasının sizin üçün hər hansı təsiri var?

- Xeyr, mənim üçün elə də fərqi yoxdur. Sadəcə olaraq son illərdə finalın bölgələrdə keçirilməsi ənənə halını alıb. Düşünürəm ki, Qəbələdə oynamaq daha maraqlı olar. Təbii ki, rahatlıq üçün hamı Bakıda olmağını istəyərdi. Yol qət etmək var, iqlim fərqlidir. Ola bilər ki, oyuna təsiri olsun. Amma əvvəllər də bu praktika olub. Qəbələdə, Naxçıvanda finallar keçirilib. Hələ ki, o haqda düşünməyin nə həvəsində, nə də marağındayam.

 

- Mehdi Cənnətovun durumu necədir?

- Ümid edirəm ki, ciddi deyil. Amma toqquşma ciddi idi. O dəyişiklik də ikinci hissədə hücum xəttini gücləndirməyimizə mane oldu. Problem ayaq biləyindədir.

 

Elçin Əlixan

 

Tarix: 4 May [20:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio