"Sumqayıt" və Azərbaycan milli komandasının hücumçusu Rüstəm Əhmədzadə Sportal.az saytına müsahibə verib.
- “Sumqayıt” ötən mövsümə uğurlu başlasa da, sonda avrokubok zonasından uzaq qaldı. Bunun səbəbi səncə nə idi?
- Bunun səbəbini müəyyən etmək çətindir. Düşünürəm ki, bir sıra kiçik amillər nəticədə böyük çətinliklər yaratdı.
- Maraqlıdır, Saşa İliçdən örnək aldığın, götürdüyün nəsə oldu? Özü də vaxtı ilə sənin kimi vinger olmuşdu. Xüsusi göstərişləri olurdu sənə?
- Belə bir məşqçi ilə işləməkdən və ünsiyyət qurmaqdan zövq aldım. O, tez-tez mənimlə danışırdı, məsləhətlər və düzəlişlər edirdi. Mütləq ki, bir neçə aspektdə ondan nələrsə öyrəndim.
- İliç artıq “Partizan”ın baş məşqçisidir. Maraqlıdır, heç sənə “Partizan”da oynamaq təklifini edib? Əgər belə təklif olarsa, sənin mövqeyin və cavabın necə olardı?
- Xeyr, mənim belə təklifim yox idi. “Partizan” çox yaxşı komandadır və tarixə malik bir klubdur. Amma təkliflər olmadığı üçün fərziyyə irəli sürməyin mənası yoxdur.
- Azərbaycandan kənarda oynamaqla bağlı düşüncən yoxdur? Nəyə görə, yalnız Azərbaycan çempionatında oynamaqla kifayətlənirsən, xarici klublardan təkliflərin olmayıb?
- Mən çoxdandır ki, Azərbaycandan kənarda oynamaq istəyirəm. Bunun üçün də çalışıram. Ama hazırda “Sumqayıt”dayam və bu komanda üçün ən yaxşısını etməyə can atıram. Görək də işlər necə gedəcək. Hazırda məni maraqlandıracaq heç bir təklif yoxdur.
- Yeni mövsümə də “Sumqayıt”da başlayacaqsan. Komandanın artıq Portuqaliyadan olan yeni baş məşqçisi də var...
- Bəli, artıq yeni baş məşqçimiz də gəlib. Çalışacağıq ki, onun rəhbərliyi altında ən yaxşısını edək.
- Son mövsümdə çempion “Sabah” oldu. Bəs, yeni mövsümlə bağlı ehtimalların necədir? Səncə, sabiq komandan “Qarabağ” çempionluğu geri qaytara biləcək?
- “Qarabağ” çox güclü və stabil komandadır. Rəqabət yaradan klublar yarandıqda, bu, çox yaxşıdır və ümumiyyətlə ölkədə çempionatın və futbolun inkişafı üçün müsbətdir. Çox maraqlı olacaq.
- Azərbaycan millisinin də qarşıda oyunları var, Millətlər Liqasında. Necə düşünürsən, Litva və Lixtenşteynə qarşı matçlarda uğur qazanaraq, 1-ci yeri tutmaq mümkün olacaq? Çünki Malta və San Marino görüşləri sanki ümid vermədi, tənqidlər az deyildi...
- Son oyunlarda əsas fokus nəticələrə deyildi. Ona görə də bu iki oyunu tam qiymətləndirməyə dəyməz. Bəli, əlbəttə ki, həmişə qalib gəlmək istəyirsən, amma bu, həmin anda ən vacib məsələ deyildi. Düşünürəm ki, komanda Millətlər Liqasına tam hazır olacaq. Bəli, mən qrupda birinci yeri tutacağımıza inanıram və bunu çox istəyirəm. Ona görə də düşünürəm ki, hər şey belə olacaq.
Mirbağırağa
