"Onların məlumatı yoxdur ki, Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib" - Kaxaber Tsxadadze

00:14 - 15 İyul 2026

Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" bu gün yoxlama oyunu keçirib. Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib. Qarşılaşma "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze oyun haqda fikirlərini bölüşüb:

"Hazırlıq prosesinin ən çətin dövrüdür. "Yükləmələr" çox olur. Əlbəttə ki, futbolçularda yorğunluq var. Hər hissə 45 dəqiqə oynayırıq ki, bütün futbolçular fiziki yükləmələri alsınlar.

Qalib gəldik, amma bu yoxlama oyunudur. Məqsəd güclü və zəif tərəflərimizi müəyyənləşdirmək idi. Bu gün bizim üçün ən vacib olan taktiki, mövqe oyunu idi.

Yeni transferlərimiz də ilk oyunlarını keçirdilər. Hələ ki onlar tam hazır deyillər. Təəssüf ki, bir çox legionerlər gələndə Azərbaycan çempionatının səviyyəsinidən xəbərsiz olurlar. Onların məlumatı yoxdur ki, Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib. Artıq bunu başa düşdülər və öz üzərilərində işləyirlər. Hazırlıq dövründə vaxtımız çoxdur, yaxşı işləməliyik. Yeni transferlərlə güclənməyə ehtiyacımız var və bunun üzərində iş gedir.

Bu mövsüm uğurlu nəticələrlə azarkeşlərimizi sevindirmək istəyirik. Yoxlama oyunu olmasına baxmayaraq, stadiona gəlib sonadək komandamızı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm."

Xəbər xətti