"Azərbaycanda keçirilmiş oyunda özüm də iştirak edirdim. Çox maraqlı oyun alındı. Açığı, gözlənilməz nəticə oldu. Bilirəm ki, "Zirə" tərəfi avrokuboklarda oynayacaqlarını yeni mövsümə az qalmış bildi, demək olar ki, bütün oyunçuları tətildə idi. Amma onlar tez bir zamanda toparlandılar və məşqlərə başladılar. Görünürdü ki, bir çox oyunçu formada da deyil. "Torpedo"ya gəldikdə, çempionat və superkubok oyunları da oynamışdı. Superkuboku federasiya özü edir ki, avrokuboklarda iştirak edən klublar hazır olsunlar. "Torpedo" da yaxşı çıxış etdi və kuboku qaznadı. Hamı həm "Zirə", həm də "Torpedo" üçün ağır və maraqlı oyun olacaq. Düşünürdük ki, "Torpedo" futbolçularının fiziki durumu daha yaxşıdır. Görünürdü ki, "Zirə" oyunçuları formada deyil, amma bu, onlara 3 qol vurmağa mane olmadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Mixeil Xutsişvili deyib. Gürcüstan millisinin sabiq forvardı, Azərbaycanda "Kəpəz" və "Olimpik"(Bakı) klublarında oynamış gürcü bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Torpedo"(Kutaisi) və "Zirə" klubları arasında keçiriləcək cavab görüşü haqda danışıb.
"Samtrediya"nın direktoru kimi işləyən Xutsişvilinin fikrincə, "Torpedo" Kutaisidə geridönüş edə bilər: "Düzü, "Zirə" və "Torpedo"nun dəqiq büdcələrini bilmirəm. Amma "Torpedo" Gürcüstanın ən böyük büdcəli klublarından biri hesab edilir. Heyətdə yaxşı futbolçular var ki, əvvəllər də yaxşı klublarda oynayıblar. Amma "Zirə"də də yaxşı oyunçular var. Klubun büdcəsini bilmirəm. Lakin görünür ki, çox keyfiyyətli futbolçulara sahibdirlər və yaxşı skaut işi gedib onlarda. Heyət baxımından hər iki komanda bərabər səviyyədə idi. "Torpedo"nun böyük üstünlüyü azarkeşləridir. Yəqin ki, stadiona çox azarkeş gələcək və "Torpedo"ya dəstək olacaqlar. "Come back"? Futbolda hər şey olur, amma düşünürəm ki, ilk və ikinci hissənin birinci 15 dəqiqəsi çox vacibdir. Bu dəqiqələr həlledici olacaq ki, növbəti mərhələyə hansı komanda çıxacaq. "Torpedo" erkən qol vurarsa, işlər dəyişə bilər. İlk qolu "Zirə" vurarsa, "Torpedo"nun növbəti mərhələ şansı qalmayacaq. "Zirə"nin çox cəld və sürətli oyunçuları var. Əks-hücumlarda təhlükəli ola bilirlər".
Onun fikrincə, Kutaisi təmsilçisi avrokuboklardan kənar qalarsa, Gürcüstanda uğursuzluq kimi qəbul ediləcək: "Torpedo" çox ambissiyalı klubdur, prezidenti də iddialıdır. Onun hədəfi odur ki, Gürcüstan çempion olsun, avrokuboklarda qruplara düşsünlər. "Zirə"ni keçə bilməsələr, uğursuzluq sayılacaq. Ancaq məncə, o, dayanmayacaq. Çünki onun bəlli layihəsi var və zamanla ona çatacaq. Əlbəttə ki, ilk mərhələdə uduzmaq üzücüdür. Amma futboldur da, nə etmək olar? "Zirə" Sumqayıtdakı matçda "Torpedo"dan daha yaxşı oynamışdı. O matçda iki dəfə güclü idi və belədə qalib gəldi. İndi necə olacağına baxacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
