Rusiya klubunun azərbaycanlı qolkiperi: "Premyer Liqa klublarına keçmək üçün ikinci liqada ən azı 30-40 oyun oynamalısan" - MÜSAHİBƏ

Hazırda Rusiyanın ikinci divizionunda çıxış edən "Yessentuki"nin qapısını qoruyan Ziyadxan Məmmədov vaxtilə Azərbaycanın U-17 və U-19 yığmalarının qapısını qoruyub. "Neftçi", "Zirə" və "Zaqatala" klublarında da çıxış etmiş 1995-ci il təvəllüdlü qolkiper Sportal.az saytına müsahibəsində məqsədlərindən söz açıb.

- "Yessentuki"də işlərin necə gedir? Komanda hazırda sonuncu pillədə qərarlaşdığına görə, demək olar ki, hər şey istədiyiniz kimi deyil?
- Əslində, öz işlərim pis getmir. Stabil olaraq oyunlarda oynayıram. Mənim üçün vacib olan da budur ki, klubda oyun praktikam çox olsun. Bu kluba da ona görə gəlmişəm. Çünki sonra iddialı kluba keçmək daha rahat olacaq.

- "SKA-Rostov"a qarşı keçirilən evdəki oyunda xoşagəlməz hadisələr yaşandı...
Futbolda hakim səhvlərindən sonra belə hadisələr baş verir. Rəqibin sərxoş azarkeşləri bizi qıcıqlandırmışdı.

- Bu komandadaki perspektivini necə görürsən?
-
Bir ildir ki, bu komandada oynayıram. Perspektiv görməsəm burada olmazdım. Yenə deyirəm ki, mənim üçün ən əsası praktikamın çox olmasıdı. Hazırda da özümü çox yaxşı hiss edirəm. Çünki yaxşı oyun performansındayam.

- Azərbaycandakı karyeranı necə xatırlayırsan?
-"Neftçi"nin əvəzedici heyətində oynayırdım. Əsas komandanın da heyətinə düşürdüm. Hətta adım "18 liy"ə salınırdı. Azərbaycanın U-19 yığmasında da dayanmışam. Bununla yanaşı "Zirə" birinci liqada çıxış edəndə oranın qapıçısı idim. "Zaqatala"da da oynamışdım. Azərbaycandakı karyeram yaxşı yadımdadı.

- Hazırda Rusiya 2-ci liqasında oynayırsan. Birinci divizion və ya Premyer Liqa klublarının diqqətini cəlb etmək şansın nə qədərdi? 
- "Yessentuki"yə ona görə gəlmişəm ki, özümü burada yaxşı tərəfdən göstərib, daha da yaxşı kluba keçim. Birinci divizion və ya Premyer Liqa klublarına keçmək üçün ikinci liqada ən azı 30-40 oyun oynamalısan. Ki, sonradan addım-addım birinci liqaya, ya da Premyer Liqaya yüksələsən.

- Azərbaycan Premyer Liqasından klublarından necə, təkliflər almısan? Yoxsa, heç dəvət göndərən yoxdu?
-
Düzü, Azərbaycanla əlaqəm yoxdu. Oradan təklif almamışam. Özümün də elə bir fikrim yoxdu. Rusiya 1-ci liqasından isə təkliflərim var.

- Əvvəllər U-17 və U-19 yığmalarında oynamısan. Yığmada birlikdə oynadığın hansı futbolçularla indi əlaqən var?
- Orxan Əliyev yaxın dostumdu. Onunla əlaqəm var, danışırıq, yazışırıq sosial şəbəkədə. Başqalarının adını isə çəkmək istəmirəm.

- Hazırda "Yessentuki"də Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış 4 futbolçu çıxış edir. Bu haqda nə deyəcəksən?
- Təbii ki, bu, sevindirici haldı. Bir millət olaraq da bir-birimizə həmişə dəstək oluruq. 

Mirbağırağa

Tarix: 17 May [15:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio