"Vaxt gələcək, mənə "ssenari" yazanların özləri də həmin yolla "Neftçi"dən göndəriləcək" - MÜSAHİBƏ

11:12 - 24 May 2022

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib. Sultanov ölkə çempionatındakı bu mövsümkü mübarizəni dəyərləndirib və sabiq komandası "Neftçi"nin çıxışını da qiymətləndirib. 

- Ölkə çempionatında mövsüm sona çatdı. Ümumiyyətlə, bu mövsüm sizin üçün maraqlı alındı?
- Əlbəttə, mövsüm çox maraqlı keçdi. Çempionun adına aydınlıq gəldikdən sonra qalan üç yer uğrunda maraqlı, yaxşı mübarizə getdi. Mövsüm başlayandan sona qədər maraqlı oyunlar oldu.

- Daha çox diqqətinizi çəkən komanda hansı oldu? Avrokuboklara vəsiqə qazanan “Qəbələ”, “Neftçi”, “Zirə” və “Qarabağ” idi. Bu komandaların hansından avrokuboklarda uğurlu nəticələr gözləyirsiz?
- “Qarabağ”ın gücünü, necə oynadığını bilirdik. Digər komandalardan isə diqqətimi çəkən “Qəbələ”, “Zirə” və “Sabah” idi. Bütün komandalarımız avrokuboklarda yaxşı çıxış edə bilərlər. Təbii ki, əgər avrokuboklar öncəsi heyətlərini gücləndirə bilsələr. Yəni, hər şey komandanın güclənməsindən asılıdı.

- Çempionatımızda bu mövsüm oynayan legionerlər ötənilki legionerlərdən fərqlənirdi? Ötən mövsüm daha yaxşı legionerlər var idi?
- Mən onları fərqləndirməzdim. Çünki hər sezonun özünə görə yaxşı futbolçuları olur. Ötən il də “Neftçi”də yaxşı legionerlər var idi. Bu il “Qarabağ”ın legionerləri səviyyəli idi. “Zirə”, “Sabah”da da səviyyəli legionerlər oynayır. Ona görə heç birini fərqləndirməzdim. Hər mövsümə görə hər komandada yaxşı legionerlər çıxış edir.

- Sabiq komandanız “Neftçi” bu mövsüm titulsuz qaldı. Onların “Qarabağ”la çempionluq mübarizəsi apara bilməməsinin səbəbini nədə görürsüz?
- Bəli, komanda titul qazanmadı. Bu da uğursuzluqdu. Amma ikinci yeri tuta bildilər. “Neftçi”nin “Qarabağ”la mübarizə aparması üçün, ötənilki çempion komandanı gücləndirməliydilər. Əfsuslar olsun ki, əksinə oldu. “Neftçi” bu il nəinki “Qarabağ”la mübarizə apara bildi, hətta digər komandalarla eyni səviyyədə oldu.

- Sizin dövrünüzdəki komanda daha güclü idi?
- Sadıq Sadıqovun vaxtında çempionluqlar yaşayan “Neftçi” güclü olub. Bir də mənə görə, 2019-cu ildə olan heyət. Öndə Baqali Dabo – Steven Monroz – Dario Frederiko üçlüyü yer alırdı. Həmin ilki komanda indikindən qat-qat üstündü.

- Vaxtilə “Neftçi”dən ayrılmağınıza səbəb nə olmuşdu?
- Mənim “Neftçi”dən getməyim, bir nəfər tərəfindən yazılmış "ssenari" idi. Baş rolda bir insan var idi, epizodlarda başqa insanlar. Elə yazılmışdı ki...Əlbəttə ki, 0:6 hesablı məğlubiyyətdən sonra onsuzda da istefa verəcəkdim. Sadəcə olaraq, bu "ssenarini" yazan yaxşı yazmışdı. Elə vəziyyət yarandı ki, özüm istefa verməyə məcbur oldum. Çünki bunu etməliydim. Bilmirəm, mənim yerimə başqası bunu edərdi ya, yox. Ancaq həmin an düşünürdüm ki, belə də addım atmalıydım. Demirəm istefa verəcəklər, sadəcə göndəriləcəklər. Bunlarda istefa vermək mədəniyyəti olmadığı üçün göndəriləcəklər. İlyarımda düşündüklərim oldu. Çox analiz etmişəm və çox insanlarla danışmışam. Düşündüyüm də budur ki, mənim üçün qurulan "ssenari" idi. Bunu yazmaq və rolları ifa etməyi hər adam bacarmır. Vaxt gələcək, mənə "ssenari" yazanların özləri də həmin yolla "Neftçi"dən göndəriləcək. Baş rolda oynayanlar, epizodlarda görünənlər, hamısı.


- Yeni mövsümdən Premyer Liqada klubların sayı 10 olacaq. “Turan Tovuz” və “Kəpəz”in Premyer Liqaya yüksəlməsi futbolumuza nə qazanadıracaq?
- Əlbəttə ki, futbolçular qazandıracaq. Amma önəmli məqamlardan biri də odur ki, bu komandaya necə və hansı səviyyədə baxılacaq. Əgər klublara normal yanaşma olsa, əlbəttə ki, Azərbaycan futbolu qazanacaq. Yox, əgər Premyer Liqadakı klubların sayını artırmaq üçün gətiriliblərsə, inanın ki, heç bir effekt ala bilməyəcəyik. Sadəcə olaraq, problemlər yaranacaq. Bu da inkişafa təsir göstərəcək.

- Yaşar Vahabzadəli "Kəpəz" və Ayxan Abbasovlu "Turan Turan”. Bu iki Qərb klubunu yeni mövsüm necə təsəvvür edirsiniz?
- Baş məşqçilərdən çox da asılı olmayan məsələlər olacaq. Hansı səviyyədə maliyyə ayrılacaq? Bu, bilindikdən sonra nəsə demək olar. İndi hər iki klub bağlı qutudu, heç kim də bilmir ki, komandalar necə formalaşacaq. İstənilən halda Qərb derbisi həmişə maraqla gözlənilib, izlənilib. Həmin bölgələrdə futbola maraq necə var idisə, elə də qalıb. Sadəcə olaraq, inanmıram ki, bu iki komanda yeni mövsümdən iddialı olsun. Düşünürəm ki, hələlik sadəcə Premyer Liqada çıxışları nəzərdə tutulub. Ondan sonra yaxşı maliyyə ayrılarsa, əlbəttə ki, nəsə deməyə dəyər.

Mirbağırağa 

Xəbər xətti