"Zirə"ni seçməyim Rəşad Sadıqova görə oldu"

19:55 - 18 İyun 2022

"Zirə"nin yeni transferi Slavik Alxasov Sportal.az saytına müsahibə verib.

- "Sabah"dan ayrılaraq "Zirə"yə keçdin. Bildiyim qədərilə başqa təkliflərin də var idi. Niyə məhz "Zirə"ni seçdin? Baş məşqçi Rəşad Sadıqovla görüşün olmuşdu? 
- Bəli, digər klublardan da təkliflərim olmuşdu. "Zirə" həmişə iddialı komanda olub. Hər mövsüm də medallar uğrunda mübarizə aparırlar. Ona görə də seçimimi bu komandadan yana etdim. Rəşad Sadıqovla da görüşümüz oldu. O, məni komandada görmək istədiyini bildirdi. Sonda da razılaşdıq.

- "Sabah"dakı karyeran istədiyin kimi alındı?
- Sevinirəm ki, son iki ili "Sabah" kimi komandada keçirdim. Yaxşı ola da bilərdi. Ancaq mən heç nəyə görə heyfslənmirəm. Hər şey yaxşıdı.

- "Sabah" avrokuboklara vəsiqə qazana bilməsə də, sən özün avrokuboklarda oynamaq şansına malik olacaqsan. Hər halda "Zirə" Konfrans Liqasında çıxış edəcək. Hazırki komandanı seçməkdə bu fakt rol oynadı?
- Doğrudu, "Sabah" avrokuboklara vəsiqə qazana bilmədi. Amma komanda olaraq pis futbol sərgiləmirdik. "Zirə"ni seçməyim Konfrans Liqası deyil, sırf Rəşad Sadıqova görə oldu.

- Ümumiyyətlə, "Zirə"nin Konfrans Liqasında "Makkabi"ni keçmək ehtimalı nə qədərdi? Tel-Əviv klubu barədə məlumatın varmı?
- "Makkabi" yaxşı və güclü komandadı. Deyəsən, onlar 2-3 mövsüm İsrail çempionu olublar. Bu ili sadəcə üçüncü yerdə bitirdilər. Onların necə komanda olduğunu özünüz məndən yaxşı bilirsiz.

- Necə düşünürsən, "Zirə" Konfrans Liqasında hansı uğura imza atmağa qadirdi? Səncə, qrup mərhələsinə vəsiqə qazanmağınız mümkündü? 
- Onu zaman göstərəcək. Futbolda hər zaman, hər şey gözləmək mümkündü. Bizim qismətimizdə qrupa düşmək varsa, o da baş verəcək. 

- Əvvəllər də avrokubok oyunlarında oynamısan. Son dəfə isə 2018-ci ildə "Keşlə"nin heyətində "Balzan"la matçda meydana çıxmışdın. 2:1 qalib gəldiyiniz oyunu necə xatırlayırsan?
- Avrokuboklar oyunları həqiqətən maraqlı keçir. Hansı rəqibə qarşı düşəcəyini, nə zaman kiminlə oynayacağını bilmirsən. "Balzan"la matçı da yaxşı xatırlayıram. Bakıdakı matçda qol da vurmuşdum. Lakin təəssüf ki, mərhələni keçə bilməmişdik.

- Sənin mövqeyində komandada Təmkin Xəlilzadə də var. Əsas heyətə düşmək ehtimalını necə dəyərləndirirsən?
- Təmkin Xəlilzadə də yaxşı futbolçudu. Mən onu yaxşı tanıyıram, yaxın münasibətimiz var. Əsas heyətə gəldikdə, bu, məşqçinin verəcəyi qərar olacaq. Ona da sona qədər hörmətlə yanaşmalıyıq


Mirbağırağa Cəfərli

Xəbər xətti