"Viktoriya"nın "Qarabağ"a qarşı Plzendə də Bakıdakı kimi oynayacağını düşünmürəm" - MÜSAHİBƏ

14:17 - 19 Avqust 2022

Uzun illər "Qarabağ"da çalışmış Borçe Xristov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışını dəyərləndirib. "Vardar"da işləyən təcrübəli mütəxəssis "Qarabağ"ın ÇL-də qruplara düşmək şansları haqda danışıb.

- "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə "Viktoriya" ilə 0:0 hesablı bərabərə qaldı. Ağdam klubunun qalib gələcəyini ehtimal edirdiniz?
- Oyuna ilk dəqiqədən sona qədər baxdım. Düzünü desəm, matça qədər "Viktoriya" haqda geniş məlumatım yox idi. Çünki onların oyunlarına baxmamışdım. İlk dəfə onları canlı olaraq "Qarabağ"a qarşı matçda onları gördüm. Yalnız müdafiədə oturdular. Çexiya mətbuatı isə "Viktoriya"nın qələbə üçün oynayacağını iddia edirdi. "Viktoriya"nın ifasında bu cür oyun gözləmirdim. 

- Bəlkə "Qarabağ"a qarşı başqa cür oynamaq mümkün deyildi?
- Yəqin ki, Çexiya klubu Bakıya heç-heçə arxasınca gəlmişdi. Hər halda qeydə alınan nəticədən də razıdırlar. Görünürdü ki, "Viktoriya" açılıb, rəqibə böyük zonalar vermək istəmirdi. Kadi Borges və Abdullah Zubirin qarşısını almağa çalışırdılar. Hər dəqiqə onların yanında "Viktoriya"lı oyunçu dayanırdı, aqressiv idilər. Müdafiəni çox dərinlikdə qurmuşdular. İlk dəqiqədən "Qarabağ"a qarşı müdafiə futbolunu seçdikləri görünürdü.

- “Qarabağ”ın qalib gəlməsinə nə mane oldu?
- “Qarabağ” istənilən halda 4-5 qol epizodu yaratdı. Matç 1:0 "Qarabağ"ın xeyrinə başa çata bilərdi. İbrahima Vadji qol epizodu yaratdı, Filip Ozobiçin uzaq məsafədən zərbəsi yaddaqalan oldu. Abdullah Zubir də qapıçını məyus edə bilmədi. "Viktoriya"nın standart vəziyyətlərdə təhlükəli olduğu bildirilirdi. Lakin onlar bundan da yararlana bilmədilər. Əks-hücumları da alınmadı. Onlar o qədər müdafiə olunmuşdu ki, əks-hücuma da çox çıxa bilmədilər. "Qarabağ" 1:0 qalib gəlsəydi, nəticənin ədalətli olduğunu söyləmək olardı.

- "Viktoriya"nın qolkiperi İndrij Stanek etibarlı oynamasaydı, "Qarabağ" yəqin ki, qalib gələ bilərdi?
- Mənə görə matçın ən yaxşısı "Viktoriya"nın qapıçı idi. Yaxşı seyvlər etdi, topa çox inamlı çıxışları oldu. Bu da “Viktoriya”nın məğlub olmamasında önəmli rol oynadı. Amma burada bir məsələ də var. "Qarabağ" hesabı açsaydı, daha sonra hadisələr necə cərəyan edəcəkdi? Hər halda ilk oyun üçün Stanekin qapıda etibarlı olduğunu söyləmək mümkündü.

- Sizcə, "Viktoriya" evdə də Bakıdakı kimi oynayacaq?
- "Viktoriya"nın Bakıdakı kimi oynayacağını düşünmürəm. Səhv etmirəmsə, 10 aydır ki, bu komanda səfərdə uduzmayıb. Hər halda, "Viktoriya" Plzendə hücum futbolu oynayar. Əgər belə oynasalar, nə bilim...Fərqli oynasalar, “Qarabağ” üçün zonalar da çoxalacaq. “Qarabağ”ın sürətli futbolçuları var. Bu da onlar üçün üstünlükdü.

- Hansı komandanın qruplara qalmaq şansları daha yüksəkdi?
- Çexiyadakı matçda daha az səhv edən komanda qalib gələcək. İlk oyunda nə “Qarabağ”, nə də”Viktoriya” risk etmək istədi. Çünki qarşıda ikinci oyun var. Çempionlar Liqasında bu səviyyədə oyunlarda ehtiyatlı olmaq lazımdı. Təbii ki, bəzən risk də lazımdı. Çünki riksiz qalib gəlmək də mümkün olmur. Şanslar bərabər olaraq qalır. Hər iki tərəfin yaxşı şansı var. Fərdi ustalıq da öz sözünü deyəcək. "Qarabağ"da elə oyunçular var ki, fərdi ustalığı sayəsində matçın taleyini həll edə bilər.

Mirbağırağa

Xəbər xətti